“Vladimir Putinlə Nikol Paşinyan arasında olan görüşdə mənə elə gəlir ki, ikitərəfli əlaqələrdən daha çox, regional məsələlərə toxunulacaq. Regional məsələlər deyəndə ilk növbədə mən komunikasiyaların açılmasını nəzərdə tuturam. Hər halda cənab Prezidentin Türkiyə ilə yanaşı Rusiyanın da bu regionda sabitləşdirici rol oynadığını deməsi və son zamanlar atılan bir çox addımlar məhz bundan xəbər verir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.

Millət vəkilinin sözlərinə görə, o ki, qaldı Putinlə Paşinyanın görüşündə İran-Ermənistan əlaqələrinə toxunulmasına, mənə elə gəlir ki, bu yöndə açıq söhbət olmayacaq.
“Məhz ona görə açıq söhbət olmayacaq ki, Ermənistan Rusiyanın vassalı sayılsa da Vladimir Putinlə Nikol Paşinyan arasında qarşılıqlı güvən yoxdur. Daha dəqiqi, Rusiya prezidenti Ermənistanın baş nazirinə qətiyyən güvənmir və güvənmədiyi üçün də onunla açıq söhbət edilməyəcək. Amma, eyni zamanda da dolayı yollarla Ermənistan baş nazirinə göstəriləcək ki, Ermənistan bu regionda ancaq və ancaq bir dövlətin proksisi rolunda çıxış edə bilər, o da Rusiyadır. Suriyadan fərqli olaraq, Ermənistanın iki ağası ola bilməz və bu mümkün də deyil”, deyə Sahib Alıyev bildirib.