Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının inzibati binasında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə növbəti görüş keçirilib. İlk olaraq tədbir iştirakçıları 44 günlük Vətən müharibəsi şəhidlərinin timsalında bütün şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla böyük ehtiramla yad ediblər.
Tədbiri giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov xalqımızın hər zaman həmrəylik göstərərək bir yumruq kimi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiyini qeyd edib: "Bu həmrəyliyin bariz nümunələrindən biri də məhz 44 günlük Vətən müharibəsində öz təsdiqini tapdı. Məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan ordusunun əzmi, gücü, hərbi üstünlüyü və xalqımızın birliyi sayəsində tarixi torpaqlarımız işğaldan azad olundu".
Rayon təşkilatının sədri çıxışının sonunda rayon təşkilatının ərazi ilk partiya təşkilatlarına tapşırıq və tövsiyələrini verib. Onları daha da fəal olmağa, rayon təşkilatının fəaliyyətində yaxından iştirak etməyə çağırıb.
Nəzakət ƏLƏDDİNQIZI