Vətən müharibəsi zamanı Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhadətə yüksələn Oğuz rayonunun Xaçmaz kənd şəhidi Əhmədli Nurlan Rəhim oğlunun doğum günü münasibətilə onun və qonşusu, dostu, Vətən müharibəsinin Şuşa şəhidi Rəhimli Orxan Rəşid oğlunun adına ucaldılmış abidə-bulaq kompleksinin açılış mərasimi keçirilib.
Açılış mərasimində YAP Oğuz rayon təşkilatının əməkdaşları, rayon rəsmiləri, şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları eyni zamanda, Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarət edərək, onların əziz xatirələri böyük ehtiramla yad olunub, ruhlarına dualar oxunub.
Nurlan Əhmədli 2020-ci il sentyabrın 27-də başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli döyüşlərində savaşıb. Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq, şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Nurlan Əhmədli "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Orxan Rəhimli Vətən müharibəsi zamanı Cəbrayıl, Füzulin və Şuşa uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı bir neçə dəfə yaralansa da, o, döyüş meydanından geri çəkilməyib. Orxan Rəhimli noyabrın 8-də Şuşa-Xankəndi istiqamətində şəhid olub. Noyabrın 16-da Oğuz rayonunun Xaçmaz kənd Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Orxan Rəhimli Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Şəhid ailələri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
ZÜMRÜD BAYRAMOVA