Artıq Azərbaycan dəfələrlə müxtəlif beynəlxalq təşkilatlarda istər üzv ölkə kimi, istərsə də bu beynəlxalq təşkilatlara sədrlik etdiyi müddətdə həm ölkəmizə, həm də bu təşkilatlara böyük nüfuz qazandırmışdır. Sözsüz ki, bu, zəngin təcrübəyə və mükəmməl diplomatik biliyə və idarəetmə məharətinə malik olan möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin fəaliyyətinə görədir. Ötən illər ərzində müxtəlif beynəlxalq təşkilatlara dəfələrlə sədrlik etdiyi müddətdə möhtərəm Prezidentimiz unikal və zəruri əhəmiyyətə malik təşəbbüsləri ilə ölkəmizə beynəlxalq aləmdə böyük nüfuz qazandırmışdır. Biz Azərbaycanın İKT, Türk Şurası, GUAM-da və bəzi beynəlxalq təşkilatlardakı sədrliyinə dəfələrlə şahidi olmuşuq. Bu mənada Azərbaycan beynəlxalq təşkilatlarda həm də etibarlı tərəfdaş kimi qəbul edilir. Bu gün isə biz bu qürurverici fəaliyyəti Qoşulmama Hərəkatındakı sədrliyinin nümunəsində bir daha şahid oluruq. Beləliklə, Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun güclənməsinə önəmli töhfələr verib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin qlobal çağırışların həlli istiqamətində təşəbbüsləri və aktiv fəaliyyətilə Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının dünyada rolu və nüfuzunun artdığı etiraf olunmaqdadır. 60 illik fəaliyyəti dövründə Qoşulmama Hərəkatına üzv dövlətlərin yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərarı Azərbaycan Prezidenti İlham Əliyevin dünyadakı nüfuzunun daha bir göstəricisidir və Onun şəxsiyyətinə verilən yüksək dəyərin ifadəsidir.
Bugünlərdə Belqradda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə Yüksək Səviyyəli Toplantıda Azərbaycana, Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi diqqət və hörmət də göz önündədir. Qeyd etmək lazımdır ki, Azərbaycan Qoşulmama Hərəkatı üzvlərinin legitim maraqlarını, eyni zamanda, beynəlxalq hüquq və ədaləti müdafiə edir. Dünya 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Qoşulmama Hərəkatına sədrliyinə böyük məsuliyyətlə yanaşıb və pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərib. Azərbaycan Prezidenti 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə Toplantısının keçirilməsi təşəbbüsünü irəli sürüb. Zirvə Toplantısının praktiki nəticəsi olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin əsas humanitar və tibbi ehtiyaclarını əhatə edən məlumat bazası yaradılıb. Bunun nəticəsidir ki, Ümumdünya Səhiyyə Təşkilatı da pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin mövcud ehtiyaclarının təmin edilməsi üçün həmin məlumat bazasından istinad mənbəyi kimi istifadə edir. Eyni zamanda, Prezident İlham Əliyevin Zirvə Toplantısındakı təklifinə əsasən, 2020-ci ilin dekabr ayında BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş, dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası təşkil olunub. Cari ilin mart ayında Azərbaycanın təşəbbüsü əsasında BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışın təmin edilməsinə dair qətnamə qəbul edilib. Dövlət başçımız Belqradda Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə Yüksək Səviyyəli Toplantının rəsmi açılış hissəsində videoformatda çıxışında bildirib ki, BMT Baş Assambleyasının cari sessiyası çərçivəsində də Azərbaycan eyni mövzuda qətnamə layihəsini irəli sürməyi planlaşdırır və Qoşulmama Hərəkatına üzv dövlətlərin dəstəyinə arxalanır. Bu aspektdə post COVID mərhələsində qlobal bərpa üzrə Yüksək Səviyyəli BMT Panelinin yaradılması təşəbbüsünü də qeyd etmək lazımdır. Azərbaycan Prezidenti sözügedən panelin yaradılmasının vacibliyini cari ilin sentyabrın 23-də BMT Baş Assambleyasında ümumi müzakirələr zamanı çıxışında da səsləndirib. Ümumiyyətlə, Qoşulmama Hərəkatına sədrlik etdiyi müddətdə Prezidentimiz İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT Baş Assambleyasında çıxışlarında mütəmadi olaraq, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən və Sədr kimi irəli sürdüyü təşəbbüslərdən bəhs etməklə həm Azərbaycanın, həm də bu beynəlxalq təşkilatın beynəlxalq nüfuzunun güclənməsinə önəmli töhfə verib.
Bu gün məhz Möhtərəm Prezidentimizin təşəbbüsü ilə Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentariləri arasında əməkdaşlığın inkişafı ilə bağlı da ciddi addımlar atır. Təxminən bir həftə öncə Azərbaycan sədr kimi Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclasını keçiribdir. Xüsusi qeyd etmək lazımdır ki, Möhtərəm Prezidentimiz bu yubiley tədbirinin, Yüksək Səviyyəli Toplantının rəsmi açılış hissəsində Qoşulmama Hərəkatına üzv dövlətləri artıq təsisatlanma ideyası üzərində düşünməyə də çağırmış və Azərbaycan sədr kimi məsləhətləşmələr apararaq, Hərəkata üzv dövlətlərin bununla bağlı mövqeyini öyrənəcəyini bildirmişdir. Dövlətimizin başçısı: "Bu, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın bundan sonra da beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin legitim maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcəyini təsdiqləyir", - deyə önəmli fikirlərini iştirakçılara bildirmişdir.
Azərbaycan Prezidenti hər zaman olduğu kimi, toplantının rəsmi açılış hissəsində daha bir mötəbər beynəlxalq tribunadan Dağlıq Qarabağ münaqişəsinin keçmişdə qalmasını bildirərək buna diqqət çəkməsini ölkə ictimaiyyəti yüksək qiymətləndirir. Dövlət başçımız Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin Azərbaycana dəstəyinin olduqca dəyərli olduğunu bir daha bəyan edərək, bu təşkilatın əhəmiyyətli rolunu bildirmişdir. Cənab Prezident məhz bu dövlətlərin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədiklərini və bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyini nümayiş etdirdiklərinə görə minnətdarlıq bildirmişdir. Əslində, Qoşulmama Hərəkatının bu prinsipial mövqeyi həm də Azərbaycana, şəxsən Azərbaycan Prezidentinə olan böyük hörmət və etimadın göstəricisi idi.
Məlahət İbrahimqızı
Millət vəkili