“Bu gün Hadrut qəsəbəsinin işğaldan azad olunmasının birinci ildönümüdür. Sizi və bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Bu günü sizinlə birlikdə burada - Hadrutda qeyd etmək, hesab edirəm ki, xüsusi məna daşıyan hadisədir. Biz uzun fasilədən sonra Hadruta - Xocavəndə qayıtmışıq. Döyüşərək, qan tökərək, şəhidlər verərək qayıtmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların qanı, canı bahasına, hərbçilərimizin şücaəti, qəhrəmanlığı hesabına biz tarixi ədaləti bərpa etdik, işğalçıları doğma torpaqlarımızdan qovduq və doğma torpaqlarımıza qayıtdıq”. Bunu Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Dövlət başçısı bildirib ki, bu gün artıq Hadrutun və ümumiyyətlə, Qarabağın yeni dövrü başlayır: “Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsindəki əməliyyatlar sırasında xüsusi əhəmiyyət daşıyan əməliyyatdır. Həm hərbi nöqteyi-nəzərdən, həm strateji nöqteyi-nəzərdən bu əməliyyatın çox böyük əhəmiyyəti var idi. Bu əməliyyatın uğurla başa çatması bizə imkan verdi ki, öz hədəfimizə - Qarabağın azad edilməsinə nail olaq”. Dövlət başçısı Hadrutun yerləşməsi bu bölgədə strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətə malik olduğunu bildirərək vurğulayıb ki, Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi: “Hadrutu götürməklə bizim gələcək planlarımız üçün yeni imkanlar açıldı. Onu da bildirməliyəm, baxmayaraq ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olmuşdur və bəzi yaşayış məntəqələrindən onlar tələm-tələsik qaçaraq çıxmışdılar, amma Hadrutda dirəniş göstərdilər, müqavimət göstərdilər və burada gedən şiddətli döyüşlər bir neçə gün davam etmişdir. Buna baxmayaraq, Azərbaycan əsgəri, zabiti qarşısında onlar öz acizliyini dərk edərək burada da məğlubiyyətə uğradılar”.
“Hadrutu götürməklə bizim gələcək planlarımız üçün yeni imkanlar açıldı”
Bəli, dövlət başçımızın dediyi kimi: “Hadrutu götürməklə bizim gələcək planlarımız üçün yeni imkanlar açıldı”. Bu gün artıq Hadrutun və ümumiyyətlə, Qarabağın yeni dövrü başlayır. Çünki dövlət başçımızın dediyi kimi: “Bu günü sizinlə birlikdə burada - Hadrutda qeyd etmək, hesab edirəm ki, xüsusi məna daşıyan hadisədir. Biz uzun fasilədən sonra Hadruta - Xocavəndə qayıtmışıq”.
Bəli, dəmir yumruğun gücü və güclü, şanlı ordumüzün igid əsgər və zabitlərimizin qanı, canı bahasına işğalçıları doğma torpaqlarımızdan it kimi qovaraq ədaləti bərpa etdilər, doğma torpaqlarımızı mundarların əlindən qurtardılar. Artıq bu gün azad olunmuş torpaqlarımız böyük quruculuq meydanına çevrilib, bir sözlə Qarabağın yeni dövrü başlayır. “Bu gün çox tarixi və müqəddəs gündür. Biz doğma Xocavənddəyik. Mən çox yaxşı başa düşürəm ki, biz bu xoşbəxt anları yaşamaq üçün kimə borcluyuq. Öncə Sizə cənab Prezident, Müzəffər Ali Baş Komandan! Sizin müdrik siyasətinizə, qəhrəman və güclü Ordumuza. Xalqımız şəhidlər verdi. Biz onların qarşısında baş əyirik, Allah onlara rəhmət etsin». Bu fikirləri Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. Bildirib ki, bu gün Hadrutun və ümumiyyətlə, Qarabağın yeni dövrü başlayır. Və Hadrut əməliyyatının əhəmiyyəti ondadır ki, Ermənistan rəhbərliyi və Ermənistan ordusu gözləmirdi ki, biz Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcəyik: «Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik. Göstərdik ki, heç kim və heç nə bizim qabağımızda dura bilməz, nəyin bahasına olursa-olsun, biz bütün torpaqlarımızı azad edəcəyik”.
Hadrutun işğaldan azad edilməsi ilə Şuşaya gedən yol açılırdı
Hərbi-strateji əhəmiyyəti baxımından Hadrutun azad edilməsi 44 günlük savaşın taleyini müəyyən etdi. Elə bu günlərdə Prezident İlham Əliyev Hadrut qəsəbəsində milli bayrağımızı qaldırarkən qəsəbənin önəmini belə vurğuladı: “Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edildi. Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olmuşdur. İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi”.
Prezident İlham Əliyev bu məsələyə toxunaraq, erməni yalan təbliğatının da iflasa uğradığını göstərib: ”Onu da deməliyəm ki, artıq Hadrut bizim əlimizdə olan zaman Ermənistan rəhbərliyi, rəsmi şəxslər, eyni zamanda Ermənistanın dəyirmanına su tökən bəzi xarici jurnalistlər bəyan edirdilər ki, Hadrut ermənilərin əlindədir. Mən bu günə qədər başa düşə bilmirəm ki, Ermənistan rəhbərliyi nə üçün öz xalqını aldadırdı? Biz dəqiq bilirdik ki, Hadrut bizdədir. Biz bilirdik ki, artıq Ermənistan ordusu burada tamamilə məhv edilib və sağ qalan erməni hərbçilər buradan qorxaqcasına qaçıb dağlarda gizlənmişdilər. Hadrut tam bizdə idi. Ancaq bəzi xarici jurnalistlər bildirirdilər ki, guya Hadrut ermənilərin əlindədir. Hadrutun azad edilməsindən sonra biz Şuşaya istiqamət götürdük. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Yenə də düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq biz Şuşanı işğalçılardan azad etdik. Ona görə Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq”.
Hadrutdan verilən mesaj...
Bəli, haqq savaşımız dövründə xalqımız bütün dünyaya öz birliyini, ruh yüksəkliyini və vətənpərvərliyini nümayiş etdirdi. Və bu gün Ali Baş Komandanımız işğaldan azad olunmuş torpaqlarımıza səfərləri zamanı hər dəfə çıxışlarında işğalçı Ermənistanın çirkin niyyətlərini və əməllərini dünyaya faktlarla açıq şəkildə çatdırıb.
Prezident İlham Əliyev Hadrut qəsəbəsinə səfəri zamanı da bir daha qazandığımız qələbə ilə bağlı bildirib ki, Azərbaycan xalqı 44 günlük müharibədə bir daha ədaləti bərpa etdi: “Bütövlükdə 44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir. Azərbaycan müharibədə Zəfər çaldı, düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi”.
“Azərbaycan Ordusu mülkü erməni əhalisini hədəf seçməyib və yalnız terrorçulara qarşı əməliyyat keçirib”
Prezident İlham Əliyevin çıxışında toxunduğu bir məqam xüsusilə diqqəti çəkir - Azərbaycan Ordusu mülkü erməni əhalisini hədəf seçməyib və yalnız terrorçulara qarşı əməliyyat keçirib. “Deyə bilərəm ki, bütövlükdə 44 günlük müharibə zamanı mülki erməni əhali arasında itkilər kifayət qədər az idi. Ona görə ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır. Ermənilərdən fərqli olaraq, biz müharibə dövründə ancaq hərbi birləşmələrə qarşı müharibə aparmışıq, onları məğlub etmişik, onları torpaqlarımızdan qovmuşuq. O ki qaldı, mülki əhaliyə, Ermənistanın statistikasına görə, müharibə dövründə təqribən 40-a yaxın mülki şəxs həlak olmuşdur. Onların da böyük əksəriyyəti məhz hərbi əməliyyatlarda iştirak edən mülki şəxslər idi”, - deyə Prezident Hadrutdakı çıxışında qeyd edib.
Bu, Azərbaycan xalqının mənəvi dəyərlərinin nə qədər yüksəkdə olduğunun bariz nümunəsidir. Ali Baş Komandanın da qeyd etdiyi kimi, Azərbaycan əsgəri heç vaxt mülki erməni əhalisinə atəş açmayıb, onun hədəfi heç vaxt mülki ermənilər, dinc əhali olmayıb. Ermənistan hakimiyyəti isə ötən əsrin 90-cı illərində olduğu kimi, bu dəfə də məhz dinc azərbaycanlıları terrora məruz qoydu. 44 günlük savaş ərzində ermənilər Gəncədə, Bərdədə, Tərtərdə, Mingəçevirdə və digər ərazilərdə mülki insanları qətlə yetirdilər. Bu, ermənilərin ilk anti-insani və hərbi cinayətləri deyildi. Səfər zamanı Prezident İlham Əliyev azad edilmiş ərazilərdəki böyük quruculuq işləri və infrastruktur layihələrinin icrasına başlanılmasının anonsunu da verdi: “Biz xalqımızın yeni tarixini yazdıq, şanlı qəhrəmanlıq tarixini yazdıq və azad edilmiş torpaqlarda bu gün böyük quruculuq işləri aparılır, böyük infrastruktur layihələri icra edilir. Bu gün Bakıdan gələrkən, yenə də dağıdılmış Füzuli şəhərindən keçərkən bir daha gördüm ki, erməni vəhşiliyi hansı fəlakət törədib. Bu gün onları müdafiə edən, bu gün onların arxasında dayanan bəzi xarici dairələr gözlərini açıb görsünlər erməni vəhşiliyi nə günə salıb bizim şəhərlərimizi. Bizim bütün şəhərlərimiz dağıdılıb, bütün kəndlərimiz dağıdılıb, tarixi abidələr dağıdılıb, məscidlər dağıdılıb, qəbirlər dağıdılıb, misli görünməmiş vandallıq, barbarlıq törədilib. Biz isə ancaq öz torpaqlarımızı azad etmişik. Bax, bu qəsəbədə qanunsuz olaraq Ermənistandan və xarici ölkələrdən ermənilər gətirilib zorla məskunlaşdırılıb. Amma bu qəsəbə salamatdır, bir bina da dağıdılmayıb, bir bina da yandırılmayıb. Budur, Azərbaycan Ordusunun yanaşması, budur, bizim mənəvi kodeksimiz. Ermənilər nə ediblər? Bütün binalarımızı dağıdıblar, məscidlərimizi dağıdıblar. Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir ediblər. Azərbaycanlıların tikdirdikləri, - ermənilər orada qanunsuz yaşayıblar, - o evləri noyabrın 10-dan dekabrın 1-nə qədər yandırıblar, dağıdıblar, meşələri qırıblar. Su elektrik stansiyalarını dağıdıblar. Bax, fərq bundadır. Azərbaycan əsgəri yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərdir və əsgərə, bütün hərbçilərə verilən təlimat yerinə yetirildi. Mən demişdim ki, biz mülki əhali ilə heç vaxt müharibə aparmamışıq və bunu indi hər kəs görür. Mən demişdim ki, Ermənistan rəhbərliyi bizə tarix versin, bizim torpaqlarımızdan nə vaxt çıxır və biz müharibəni dayandırmağa hazırıq, bunu da etdik. Bu gün buraya bu torpaqların sahibləri kimi qayıtmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır. Bu gün mən Müzəffər Ordumuzun Ali Baş Komandanı kimi Hadrut qəsəbəsində milli bayrağımızı qaldırdım. Bu bayraq burada əbədi dalğalanacaq. Biz azərbaycanlılar bundan sonra öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq”.
Bir sözlə, bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan qələbə qazanmaq üçün müharibədə olduğu qədər işğaldan azad olunmuş ərazilərin bərpası və qurulmasında, eyni zamanda, həmin ərazilərdəki mədəniyyət, tarixi-dini abidələrin bərpası və qorunmasında da qətiyyətlidir.
RƏFİQƏ KAMALQIZI