PDF Oxu

Siyasət

  • 2 143

Dostla düşməni ayırd edə bilməyən “manqurtlar”! ŞƏRH

Dostla düşməni ayırd edə bilməyən “manqurtlar”! ŞƏRH

İki gündür ki, sosial şəbəkədə bir video gözümüzü deşir. Bir kərə silirsən, başqa yerdən çıxıb dürtülür gözümüzə. Bir “zeynəbçi” qadının (Xanım deməyə dilim gəlmir) bu video-görüntüsünün əvvəlindən bir-iki kəlmə qulaq asıb nə mal olduğunu anladığımdan, rədd edirdim. Amma sonra məni maraq bürüdü ki, görüm özünü qatı dindar kimi təqdim edən bu qadın nə moizə danışır. Nəhayət, dişlərimlə dodaqlarımı gəmirə-gəmirə baxdım bu videoya. Əvvəl-əvvəl onu deyim ki, bu “zeynəbçi” qadının dediklərinin hamısı ikinci sinif şagirdinin əzbərlədiyi bir hekayəni, ya nağılı müəllim qarşısında danışmağına oxşayırdı. Yəqin etmək çətin deyildi ki, bu qadın kiminsə, yaxud kimlərinsə fitvası ilə danışır. Elə ən böyük günah odur ki, mahiyyətini bilmədiyin, anlamadığın (yəni qanmadığın) bir məsələ haqqında Kərbala Şəhidi Həzrət Hüseynin sevimli bacısının, Həzrət Məhəmməd (S.Ə.) nəslinin nümayəndəsinin adı ilə xitab edəsən. Bunun günahı öz boynuna. Haqqın dərgahında əhli-beytə özü cavab verəcək. Amma günah bununla bitmir axı! Fars şovinistlərinin ortaya saldığı bu adamabənzər məxluq “zeynəbçi” adı altında fars-molla rejiminin içimizdə yaratmağa çalışdığı təfriqəyə od püskürür ki, bunun günahını haqqın dərgahına buraxmaq olmaz və elə bu dünyadaca yerində oturdulması vacibdir. Mənim ata-babam şiəlik təriqətinin daşıyıcıları olub. Şəcərəmizin bir qolu Şah İsmayıl Xətai nəslinə bağlanır ki, bu da mənim şiəlik təriqətinin daşıyıcılarının nəslindən olduğuma şübhə yeri qoymur. Ancaq indiki sivil zəmanənin az-çox ziyalı təbəqəsinin bir nümayəndəsi olaraq bu gün sünni, şiə, cəfəri, vəhabi, bir sözlə dinimizdə olan bütün təriqət və məzhəbləri rədd edir, bir olan allaha və onun islam dünyasına bəxş etdiyi peyğəmbər əfəndimiz Həzrət Məhəmmədə (S.Ə.) iman gətirirəm. Xüsusilə, guya bizimlə eyni təriqətin – şiəliyin daşıyıcısı olan fars-molla rejiminin əməllərini görəndən sonra bu əqidəmdə haqlı olduğuma qətiyyətlə əmin oldum. İrandan bizə atdığı tolamazdalar, İran adlanan məmləkətdə 40 milyon Azərbaycan türkünün bütün hüquqlarını əllərindən alması yetməzmiş kimi, indi də içimizdən xurafat meyilli insanları manqurtlaşdırıb ölkədə təfriqə salmaq istəyən bir rejimin əxlaqı, mənəviyyatı bir yana, müsəlman olduğuna necə inanaq? Bu “zeynəbçi” manqurt qadını hiddətləndirən guya odur ki, bir müsəlman qadını polis əməkdaşları aparıb danışdırıb! Və bağırır ki, bizim polisimiz müsəlman deyilmiş(?) və müsəlman bir xanımı çağırıb danışdırdığına görə mentalitetimizə xəyanət edib.

Sonra qara çarşavının altından şəhadət barmağını irəli uzadıb hədələyir ki(XOX!), “zeynəbçi”lərlə zarafat eləməyin, sizin hakimiyyətinizi də, paqonlarınızı da alt-üst edərik! (Moşu demiş, ayə qoymayın, üstümüzə irasim, e...irran mollaları gəlir). Bu çarşav geyinmiş ismətsizin bir kişi (fiziki mənada) yiyəsi yoxmu görəsən, çəkib oturtsun yerində? Əvvəla, polisə getmək istəməyən qadın şəhidlərin anım mərasimində niyə siyasi təxribat törətməyə cəhd edirdi? Fars mollalarının uydurduğu “sionistlərin Azərbaycanda mövcudluğu” haqqında nağılı danışmağa yer tapmırdımı ki, gəlib şəhidlərin məzarı başında atılıb-düşürdü? Əslində, həmin polisə cavab verməli olan qadın da, sosial şəbəkədə əsib-coşan “zeynəbçi” də bütün danışıqlarını sionizmlə bağlamağa uğursuz cəhd edirlər ki, bu da xoruzun (Şirin, aslanın yox a...məhz xoruzun) quyruğunu göstərir bizə. Bunlar öz yerində! Amma bu yazını qadının o mənasız videosuna görə deyil, ona görə yazmaq qərarına gəldim ki, bu qadına həmin şəbəkədə yazılan yüzlərlə şərhin tamamı xalqımızın nə qədər yetkinləşdiyinin bariz nümunəsidir. Bəziləri onu, hətta ən nalayiq sözlərlə təhqir etməkdən (Mən bunun əleyhinə olsam da, bunlar da var idi və demək də gərəkdir) belə çəkinmirdilər. Həm də həmin qadını müdafiə etmək istəyən yeganə bir saxta profilli “kişi”dən fərqli olaraq, açıq imza ilə. Və anladım ki, biz nə qədər dad döysək də ki, xurafat cəmiyyətimizdə geniş yayılmaqdadır, sən demə, cəmiyyət özü xurafatçılara məzar qazmağa hazırdır. Elə yazımı da bu nikbin notla bitirmək istərdim. Artıq heç bir şübhə yoxdur ki, İranın indiki fars-molla rejiminin otuz ildi içimizdə apardığı xurafatçılıq ideologiyası fiaskoya uğrayıb. Qalır tək-tük bu ideologiyanın qurbanları olmuş zavallıları da ağıla gətirib təsirdən çıxarmaq. Ən azı müsəlman məscidlərini, məzarlıqlarını xaraba qoyan, təhqir edən, on minlərlə müsəlmanı uşaq, qadın, qoca demədən qətlə yetirən erməniyə arxa duran İran adlanan bir islam dövlətindənsə, şeytan qanından dünyaya səpələnmiş bu məxluqlardan şəhidlərimizin, dini abidələrimizin, məzarlıqlarımızın intiqamını almaqda dəstəyini əsirgəməyən, dinindən, dilindən, təriqət mənsubluğundan asılı olmayaraq istənilən dövlət bizə daha əzizdir və dostumuzdur. Yəni, konkreti, bizə dost, qardaş deyib arxadan zərbə vurmağa hazır olduğunu əməli ilə göstərən İran fars-molla rejimindənsa, dostluqdan dəm vurmayıb ən çətin anda bizə dəstəyini əsirgəməyən İsrailə dost demək daha məntiqli deyilmi?

Təhmasib Novruzov

Digər xəbərlər