YAP Yasamal rayon təşkilatının Z.Xəlilov 23 (Bakı Dövlət Universiteti) ərazi ilk partiya təşkilatı ilə birgə qazilərimizin və tələbələrin iştirak etdiyi "Qarabağ Azərbaycandır!" adlı tədbir keçirilib. Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutu ilə başlanıb.
Tədbirin əvvəlində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin I kurs magistr tələbəsi Yusif Cəfərbəylinin ifasında "Azərbaycan oğluyam" mahnısı səsləndirilib.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev 44 günlük Vətən müharibəsində iştirak edən və bizə qələbə sevincini yaşadan şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə cansağlığı diləyib. Bu gün onların canı-qanı hesabına işğaldan azad olunan torpaqların bizə əmanət olunduğunu, gənclərin də öz növbəsində mükəmməl təhsilə yiyələnərək, Qarabağımızı bütün dünyaya tanıtmağın vacibliyini vurğulayan Bəxtiyar Nəbiyev gənclərə öz tövsiyələrini verib.
Daha sonra çıxış edən BDU-nun Tarix fakültəsinin dekanı professor İbrahim Zeynalov bizə qələbə sevincini yaşadan Ali Baş Komandana təşəkkürünü, şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu bildirib. İ.Zeynalov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin son 18 ildə apardığı siyasətin nəticəsində möhtəşəm qələbələrə nail olduğunu və bu siyasi xəttin Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin davamı olduğunu vurğulayıb.
Tədbirdə çıxış edən millət vəkili Elnur Allahverdiyev Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı nəticəsində əldə olunan möhtəşəm qələbə haqqında kitablar yazılacağını, filmlərin çəkiləcəyini bildirib. O tam əminliklə qeyd edib ki, cəbhə uğurlarımızın başlıca səbəbi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi olub.
BDU-nun Tələbə Gənclər Təşkilatı sədrinin müavini Ələkbər Həsənov qeyd edib ki, Vətən müharibəsi zamanı həm ön, həm də arxa cəbhədə gənclərimiz fəal iştirak edirdilər. Ön cəbhədə əsgərlərimiz düşməni ağır məğlubiyyətə uğradır, arxa cəbhədə isə gənclərimiz informasiya müharibəsi apararaq, düşmənin yalan təbliğat aparmasının qarşısını alırdı.
BDU-nun Tarix fakültəsinin 4-cü kurs tələbəsi Qara Kərimov çıxışında Şanlı qələbəmizin böyüklüyündən danışaraq, Ali Baş Komandanın uzaqgörən və müdrik siyasət yeritdiyini bildirib.
Tədbirin sonunda qazi və tələbələrlə xatirə şəkli çəkilib.
Nəzakət ƏLƏDDİNQIZI