PDF Oxu

Siyasət

  • 1 755

İşğaldan azad olunan ərazilərin bərpasına dost ölkələr töhfə verir - TƏHLİL

İşğaldan azad olunan ərazilərin bərpasına dost ölkələr töhfə verir - TƏHLİL

Prezident İlham Əliyev: "İtalyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır və bu yenidənqurma işlərində daha çox italyan şirkətləri olacaq"

Azərbaycan sülhsevər, tolerant, multikultural dövlət olaraq bütün dünya ölkələrinin maraq dairəsindədir. Ölkəmizin sabit, dinamik inkişafı, hökm sürən əmin-amanlıq, dünya ölkələri, beynəlxalq təşkilatlarla qurduğu əlaqələr, strateji əməkdaşlıq və s. şərtləndirici amillər ölkəmizi dünya ölkələrinə daha da yaxınlaşdırıb. 44 günlük Vətən müharibəsində də Azərbaycanda baş verən proseslər dünyanın diqqətindən kənarda qalmadı. Dünyanın KİV nümayəndələrinin müharibəni işıqlandırmaq məqsədi ilə Azərbaycana ezam olunmaları, eləcə də həmin zaman Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın 30-dan artıq KİV-lərə verdiyi müsahibələr dünyanın ən aparıcı ölkələrinin ölkəmizə olan diqqətinin təzahürü idi. Artıq müharibədən bir il ötüb. Amma yenə də dünya mətbuatı, dünyanın aparıcı ölkələrinin diqqəti ölkəmizdədəir. Regiondakı vəziyyət və müharibədən azad olunan ərazilərimizdə aparılan abadlıq və quruculuq işləri və s. diqqətdədir. Son günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın aparıcı ölkələrinin KİV nümayəndələrinə verdiyi müsahibələr Azərbaycan reallıqlarını əks etdirir.

"PLANIMIZ KEÇMİŞ MƏCBURİ KÖÇKÜNLƏRİN DOĞMA EVLƏRİNƏ ƏN QISA ZAMANDA QAYTARILMASIDIR"

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın "La Repubblica" qəzetinə verdiyi müsahibədə işğaldan azad olunan ərazilərə artıq sərmayə yatırıldığını bildirib: "Azad edilmiş ərazilərlə bağlı xüsusi investisiya proqramı qəbul edilib. Cari il üçün nəzərdə tutulmuş məbləğ təqribən 1.3 milyard ABŞ dolları təşkil edir. Sərmayə qoyuluşu əsasən infrastruktur layihələrinədir. Bu ilin sonunadək sahəsi 10 min kvadratkilometrə bərabər olan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatı tam başa çatacaq".

Cənab Prezident hazırda avtomobil və dəmir yollarının inşa edildiyini qeyd edərək, azad olunmuş ərazilərdə, Füzulidə yerləşən yeni hava limanının hazır olduğunu diqqətə çatdırıb: "Artıq o, ilk təyyarələri qəbul edib. Biz onu səkkiz aya inşa etmişik. Daha iki hava limanının inşası davam edir. Bununla yanaşı, biz artıq yaşayış binalarının tikintisi layihələrinə başlamışıq. İki şəhərin Baş planı təsdiq edilib və işlərə start verilib. Yəni, biz işlərə çox fəal başlamışıq və planımız keçmiş məcburi köçkünlərin doğma evlərinə ən qısa zamanda qaytarılmasıdır".

"BİZ BÖYÜK QAYIDIŞLA BAĞLI YENİDƏNQURMA LAYİHƏLƏRİNƏ YALNIZ DOST ÖLKƏLƏRDƏN OLAN ŞİRKƏTLƏRİ DƏVƏT EDƏCƏYİK"

Əlbəttə ki, işğaldan azad olunan ərazilərdə Azərbaycana dost olan ölkələr yenidənqurma işlərinə töhfə verəcəklər. Bir sıra dost ölkələr - Türkiyə, Pakistan, İtaliya, Çin, İsrail, Belarus kimi dövlətlər ərazilərimizin bərpası prosesində iştirak etmək arzularını ifadə ediblər. İtaliya və Azərbaycan arasında münasibətlərin uğurla inkişafının nəticəsi olaraq İtaliya da tariximizin çətin zamanında ölkəmizlə həmrəylik nümayiş etdirdi. Əlbəttə ki, İtaliya Azərbaycana dost olan ölkələr sırasındadır. İkitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Son illərdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən, siyasi-iqtisadi, ticarət, qanunvericilik, mədəniyyət, elm-təhsil sahələrində nailiyyətlər əldə olunub. Ölkə başçılarının qarşılıqlı rəsmi səfərləri mövcud münasibətlərin inkişafını daha da yüksəltmişdir. Səfərlər çərçivəsində bir çox razılaşmalar və strateji tərəfdaşlıq haqqında mühüm sənədlər imzalanıb. Azərbaycan ilə strateji tərəfdaş olan İtaliya arasında əlaqələrin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr var. İşğaldan azad olunan bölgələrdə aparılan infrastruktur layihələrin həyata keçirilməsində italyan şirkətləri də çox fəallıq göstərəcəklər. Azərbaycana dost olan İtaliya şirkəti ilə enerji istehsalı barədə müqavilə imzalanıb. Azad olunmuş ərazilərdə enerji istehsalı üçün böyük potensial var. Bunlar yenilənən enerji mənbələrindən - su, günəş və küləkdən alınan enerjilərdir. Ölkəmiz azad olunmuş ərazilərdə İtaliyanın kənd təsərrüfatının inkişafı təcrübəsindən də yararlanmaq niyyətindədir. "İtaliyanın yenidənqurma işlərinə cəlb edilməsi nəzərdə tutulurmu və ya İtaliya artıq bu işlərdə iştirak edirmi?" – sualına cavab olaraq Cənab Prezident bildirib ki, İtaliya bu işlərə cəlb edilən ilk ölkələrdəndir: "İlk ölkə Türkiyədir, ikincisi isə İtaliyadır. Bu, təsadüfi deyil. Bu, bizim seçimimiz idi. Mən demişdim ki, biz Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti bir bölgənin enerji təminatı məsələsi ilə bağlı bizimlə müqavilə imzalayıb. Bundan əlavə, digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb. Beləliklə, italyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır və bu yenidənqurma işlərində daha çox italyan şirkətləri olacaq".

"BƏZİ XIRDA İNSİDENTLƏR İSTİSNA OLMAQLA VƏZİYYƏT SABİTDİR VƏ ÜMUMƏN BİZ BUNDAN RAZIYIQ"

Rusiyanın sülhməramlı vasitəçiliyinə gəlincə isə, Cənab Prezident ümumilikdə biz bundan məmnunuq, - deyə bildirib. "Təqribən bir ildir ki, müharibə başa çatıb və Rusiya sülhməramlıları Azərbaycanda, bizim Qarabağ bölgəsində yerləşib", – deyən Cənab Prezident bu müddət ərzində bəzi xırda insidentlər istisna olmaqla vəziyyətin sabit olduğunu bildirib: "Əlbəttə, həllini gözləyən müəyyən məsələlər qalmaqdadır. Xüsusən də, hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə almalı olan əcnəbilər məsələsi var. Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar. Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun. Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır".

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər