“Azərbaycan-İran münasibətlərində yaranmış müəyyən gərginlik bu gün nəinki ölkə vətəndaşlarının, eləcə də xarici ölkələrin də diqqət mərkəzindədir. Prezident cənab İlham Əliyevin İtaliyanın “La Repubblika” qəzetinə verdiyi müsahibəsindən də bu aydın hiss olunur.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.Komitə sədri vurğulayıb ki, müxbirin “İranla bağlı nələr baş verir?”, sualına dövlətimizin rəhbərinin aydın və əsaslandırılmış cavabı münasibətlərin korlanmasında bilavasitə cənub qonşularımızın günahkar olduğunu ortaya qoyur və bu gün İranın yürütdüyü siyasət Azərbaycanın milli maraqlarına ziddir.“İran dövləti Azərbaycana düşmən olan və torpaqlarımızı uzun müddət işğal altında saxlayan, şəhər və kəndlərimizi, dini, tarixi, mədəni abidələrimizi məhv edən, xalqımızın başına olmazın müsibətləri gətirən, soyqrımlar törədən Ermənistanla daimi dostluq və qardaşlıq münasibətində olubdur. Təcavüzkar ölkəni ərzaqla, yanacaqla, hətta silah-sursatla təchiz edib, düşmənə təcavüzkar əməllərini həyata keçirmək üçün imkanlar yaradıbdır. Azərbaycan qonşuluq münasibətlərini nəzərə alaraq uzun müddət bu hallarla barışıb və tarixi qələbəmizdən, torpaqlarımızın işğaldan azad edilməsindən sonra bu əməllərə son qoyulacağına ümidlər bəsləyibdir. Təəssüflər olsun ki, İran dövləti Azərbaycanın ümidlərini doğrultmayıb, əksinə Ermənistana maddi-mənəvi dəstəyini açıq-aşkar davam etdiribdir. Dəfələrlə xatırlanmasına baxmayaraq, İran öz yolundan dönməyibdir və belə olan halda Azərbaycan bu mənfur niyyətlərin qarşısını almaq üçün lazımi tədbirlərə əl atıbdır. Sərhədlərimizin mühafizəsi gücləndirilib, müəyyən ərazilərdə kömrük məntəqələri qurulubdur.Cənab İlham Əliyev məsələlərə aydınlıq gətirərkən bunları bildirib: “Ermənistanın bəzi sərhədləri arasındakı yol Azərbaycan ərazisindən keçir. Bu yoldan Qarabağa, bizim ərazimizə malların qeyri-qanuni daşınmasında istifadə olunduğunu görməyə başladıq. Bu qəbuledilməzdir. Biz öz sərhədlərimizə hörmətlə yanaşılmasını tələb edirik. Biz hər hansı digər ölkənin sərhədlərini qeyri - qanuni olaraq pozmuruq. Beləliklə, mesajımız çox sadə idi-dayandırın bunu”.Ölkə rəhbərinin bildirdiyi kimi bunun üçün inciməyə, münasibətləri pozmağa əsas yoxdur. Çünki Azərbaycan öz sərhədlərinin sahibidir və sərhədləri daxilində kiminsə ağalıq etməsinə yol verə bilməz. İşğal dövründə İran yol verdiyi özbaşınalıqları indi dayandırmağa borcludur və məcburdur. Başqa yol yoxdur”, deyə Tahir Rzayev bildirib.
Müəllif: İnam Hacıyev