“1961-ci ildə Qoşulmama Hərəkatı əsasən planetimizdə qlobal sülhə, ədalət və həmrəyliyin təmin edilməsi prosesinə töhfə vermək niyyətində olan bir təşkilat kimi yaradılıb. Bu təşkilatın formalaşmasında din ölkələrinin qoşulması və həmin ölkələri beynəlxalq sahədə koordinasiya etmək və həmin siyasəti həyata keçirmək özlüyündə çox böyük əhəmiyyət kəsb edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.Onun sözlərinə görə, Qoşulmama Hərəkatı 120 ölkəni özündə birləşdirir: “Azərbaycanın bu təşkilata sədrlik etməsi ölkəmizin beynəlxalq müstəvidə xüsusi çəkisinin olduğunu göstərir. Belə ki, cənab Prezidentin Qoşulmama Hərəkatına sədrlik etməsi qısa vaxt ərzində bu təşkilatın nüfuzunu daha da artırmasına gətirib çıxartdı. Bildiyimiz kimi 2019-cu ildə 25-26 oktyabr tarixlərində Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının Bakı şəhərində keçirilən Zirvə toplantısında Azərbaycan bu Hərəkata sədrliyini öz üzərinə götürdü. İlk vaxtlar artıq təşkilatda canlanma baş verdi. Dünyanı bürümüş koronavirus pandemiyası və pandemiya dövründə Azərbaycanın bu təşkilatın rəhbəri kimi, cənab Prezident bu təşkilatın sədri kimi beynəlxalq müstəvidə dünyaya qlobal çağırışlar etdi. Cənab Prezidentin çağırışlarında vaksin ədalətsizliyi, vaksinlərin düzgün bölünməməsi kimi məsələlər əsas yer tuturdu. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə BMT-nin xüsusi iclası çağırıldı. Bu da yenə də həm Azərbaycanın, həm Azərbaycan Prezidentinin artıq dünya səviyyəsində ağır çəkili siyasətçi olduğunu bir daha bütün dünyaya bəyan etmiş oldu”.Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, biz 44 günlük Vətən müharibəsi dövründə BMT-nin Təhlükəsizlik Şurasının çağırılması və orada bu təşkilatın 7 üzvünün Azərbaycanı dəstəkləməsi, BMT-nin Təhlükəsizlik Şurasının qoyduğu məsələlərə səs verməməsi onların ədalətin, beynəlxalq hüququn yanında olduğunu göstərdi: “Azərbaycan uzun illərdir cənab Prezidentin rəhbərliyi altında birinci vitse-prezident Mehriban xanım Əliyevanın və digər siyasilərimiz öz fəaliyyətlərində xarici və daxili siyasətdə bütün dünyaya göstərdilər ki, Azərbaycan nə qədər tolerant, beynəlxalq humanitar tədbirlərin Azərbaycanda keçirilməsi və onlara dəstək verilməsi, beynəlxalq arenada ədalətin, sülhün yanında olması, Azərbaycanın bu sahədəki fəaliyyəti nümunə kimi göstərilməlidir. Artıq Azərbaycan mahiyyətcə böyük ölkəyə çevrilib. Bizim fəaliyyətimizdə bunların hər biri açıq-aydın görünür”.
Arzu Qurbanzadə