“44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın göstərdiyi şücaət dünya hərb tarixinə yeni bir səhifəni yazdı. Bu həm nəinki regionun, hesab edirəm ki, dünyanın geosiyasi xəritəsini dəyişdirir. Çünki artıq bir çox ölkələr Azərbaycanın erməni işğalından, 30 il ərzində dağıdılmış ərazilərdə infrastrukturun qurulmasına, investisiya layihələrinin yatırılmasına böyük maraq göstərirlər”. Bu sözləri SİA-ya açıqlamasında deputat İlham Məmmədov deyib.Onun sözlərinə görə, burada ən vacib məqamlardan biri Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlərdir ki, bu artıq bir çox dövlətləri narahat etməyə başlayır: “Zəngəzur dəhlizi bir kəmər, bir yol layihəsinin, qədim ipək yolunun, Avropa ilə Asiyanı birləşdirəcək yolun və nəhəng infrastruktur layihəsinin bir tərkib hissəsi olaraq artıq qəbul edilir. Təbii ki, bu regionun özünə sülh, əməkdaşlıq, inkişaf gətirən bir layihədir. Təbii ki, bundan maraqlı olmayan ölkələr də var.Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, son vaxtlar İranın Azərbaycana qarşı məsuliyyətsiz təhdidləri, onun arxasında duran ölkələrin inkişaf etmiş bir dövlət olaraq Azərbaycanın inkişafında maraqları olmaması təbii ki, bütün bunlar Azərbaycanın nüfuzundan, gücündən xəbər verir: “Azərbaycan bu gün regionda söz sahibinə çevrilib. Cənab Prezident Cəbrayıl rayonunda olarkən bir daha qeyd etdi ki, Azərbaycan artıq Qarabağ məsələsini həll edib: “Burada Qarabağ münaqişəsi adlı məfhum yoxdur. Burada Azərbaycanın Qarabağ ərazisi var və həmin ərazinin inkişafı tək Azərbaycan üçün deyil, region üçün də əhəmiyyətli bir bölgədir”.Azərbaycanın güclü ordusu hərb tarixinə yenilik gətirən, müasir döyüş strategiyasını daxil edən Azərbaycan artıq öz sərhədlərini qorumaq gücündə olduğunu əyani şəkildə nümayiş etdirdi. Ulu Öndər Heydər Əliyevin qurub-yaratdığı Azərbaycan Ordusu cənab Prezidentin sayəsində dünyanın ən güclü ordularından birinə çevrilib. Bizim heç kimin torpağında gözümüz yoxdur. Amma öz torpaqlarımıza bir qarış əl uzansa, həmin qüvvələrin başını dəmir yumruq əzəcək”.
Arzu Qurbanzadə