Ukraynalı analitik: “Ermənistanın ərazisinə keçid almaqla yeni münaqişənin baş verəcəyini istisna etmirəm”
44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif tribunalardan və dəfələrlə Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyasına, eləcə də sülh sazişinin imzalanmasına hazır olması ilə bağlı verdiyi çoxsaylı mesajlarına baxmayaraq, İrəvan müxtəlif bəhanələrlə, yəni yaxasını kənara çəkməklə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda əks edilən tələblərin realizəsinə mane olur. Ermənistanın baş naziri Nikol Paşinyan erməni diversantlarının geri qaytarılması müqabilində mina xəritələrinin Bakıya veriləcəyini deməklə yanaşı, həm də regionda əldə edilə biləcək sülhün əsaslı şəkildə təmin olunmasına ciddi şəkildə mane olur. Onun müxtəlif kürsülərdən səsləndirdiyi “sülhpərvər” ismarıcları da heç bir səmimiyyəti, həqiqəti əks etdirmir.
Dəmir Yumruq yerindədir!
Üstəlik, Rusiya sülhməramlı kontingentinin nəzarəti altında olan Qarabağ ərazilərindəki separatçıların, erməni silahlı quldur dəstələrinin dinc dayanmamaları, təxribatlar törətmələri, onlara bu siqnalların İrəvandan verilməsi kimi faktları da incələyərsək, bu zaman Ermənistanın sülh sazişindən nə qədər uzaq dayanması marağını təsbit etmiş olarıq.
Təbii ki, biz burada bir daha Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərləri zamanı demək olar ki, hər dəfə səsləndirdiyi qətiyyətli bəyanatlarını xatırlada bilərik – Dəmir Yumruq yerindədir!
Bu gün dünyanın bir sıra tanınmış politoloqları, siyasi analitikləri, eləcə də konfliktoloqları bəhs etdiyimiz mövzu ətrafında çoxsaylı, həmçinin maraqdoğurucu proqnozlarını verirlər. Bir çoxları artıq münaqişənin geridə qaldığını deyir, bəziləri isə yeni münaqişənin baş verməsi mümkünlüyü barədə mülahizələrini irəli sürürlər.
Bu xüsusda daha bir siyasi araşdırmaçı, Ukraynanın “Doktrina” Siyasi araşdırmalar mərkəzinin təhlükəsizlik departamentinin rəhbəri Qleb Parfyonovun caliber.az rusdilli informasiya analitik saytına verdiyi müsahibəsiondəki fikirlərini oxucu auditoriyamızın diqqətinə çatdırırıq.
Qleb Parfyonov: “Moskva Bakı ilə Ankaranın Şuşa bəyannaməsini imzalaması faktına neqativ baxır”
Ermənistanın sülh sazişinin imzalanması prosesini izatması və bu məsələdə İrəvana hansı güclərin təsir etməsi sualını cavablandıran Parfyonova görə, Ermənistan sülh yolu ilə tənzimlənməyə tərəf getmirsə, açıq şəkildə səhvə yol verir. O, digər tərəfdən bildirir ki, artıq erməni tərəfinin revanşa hazırlaşması dəfələrlə nəzərə çarpıb və öz məğlubiyyətlərindən doğan reflekslərə hakim ola bilməmək Ermənistana neqativ təsir göstərir. Bütövlükdə isə görünən budur ki, Ermənistan təkbaşına heç nəyi həll etmir.
Ukraynalı politoloq bu məsələdə Rusiyaya qarşı da ittiham irəli sürüb. SİTAT: “Əgər əsas oyunçulardan danışarsaq və münaqişənin ilk olaraq kimə sərf etdiyini deyərsək, burada Rusiyanı yada salmaq lazımdır. Axı ona bu münaqişəni əlində saxlamaq sərf edir, belə ki bu, onun Ermənistanda qalmasına və Türkiyəyə təsir etməsinə imkanlar yaradır.
Çox yəqin ki, Moskva Bakı ilə Ankaranın Şuşa bəyannaməsini imzalaması faktına neqativ baxır, belə ki, bəyannamə Türkiyənin Xəzər dənizinə çıxmasına imkan verir. Ona görə də son hadisələrdən sonra ilk növbədə Rusiya və eləcə də İran Azərbaycanla Türkiyənin regiondakı rollarının artmasını istəmirlər, onlar buna mane olmaq üçün hər şey edəcəklər. Məsələn, Tehran Zəngəzur dəhlizinə qarşı çıxış edir və sərhəddə əzələ nümayiş etdirir ki, bu da onun Bakı ilə Ankaradan qorunmasına hesablanıb”.
“Doktrina” Siyasi araşdırmalar mərkəzinin rəhbəri: “Bu, açıq şəkildə regionda sülhün əldə edilməsinə mane olur”
İrəvanın Bkıdan revanş alması cəhdlərinin nə qədər mümkün olub-olmamasına münasibətini açıqlayan ukraynalı siyasi analitik təəssüflə bildirib ki, revanş cəhdi mümkündür. SİTAT: “Belə ki, bunu xaricdən tələb edirlər. Özü də biz görürük ki, rus sülhməramlıları regionda neytrallığı qorumurlar və Qarabağda ermənilərə kömək edirlər, eləcə də hava yolu ilə onları silahla təmin edirlər. Bu, açıq şəkildə regionda sülhün əldə edilməsinə mane olur.
Və bunun hansı məqsədlər daşıdığı aydındır. Ona görə də mən Ermənistanın ərazisinə keçid almaqla yeni münaqişənin baş verəcəyini istisna etmirəm, məsələn Zəngəzura tərəf. Əgər onlar yaxşılıqla anlamırlarsa və aqressiya nümayiş etdirirlərsə, onda gec, ya da tez bütün baş verənlərə görə ağır cavab verməli olacaqlar”.
Parfyonov: “Türkiyə ilə Azərbaycan dəmir yollarının birləşdirilməsi həm də simvolik tərəfdən əhəmiyyət kəsb edir”
Zəngəzur dəhlizinin açılması prosesinin kimin xeyrinə olması və kimlərin buna qarşı çıxması məsələsinə gəlincə, Parfyonov hesab edir ki, Ermənistanla danışıqlarda əldə edilən dəhliz məsələsində əsasən qorxan tərəf İrandır. Belə ki, yekun sənəddə (sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması üzrə üçtərəfli razılaşma:11 yanvar 2021-ci il) Zəngəzur dəhlizi barədə xatırlanıb, lakin dəqiq şəkildə adı açıqlanmayıb. Erməni tərəfi də məhz bundan sui-istifadə edir. SİTAT: “Bötövlükdə isə Ermənistan bundan yalnız uda bilərdi, axı o Türkiyə ilə Azərbaycan arasında əlaverişli coğrafi şərtlərdə yerləşir. Və əgər qonşularına qarşı nifrəti, təkəbbürü olmasa idi mübafiq infrastruktur layihələrindən ən çox yararlanan da ilk Ermənistan olardı. Baxmayaraq ki, Türkiyə ilə Azərbaycan dəmir yollarının birləşdirilməsi həm də simvolik tərəfdən əhəmiyyət kəsb edir”.
Rövşən RƏSULOV
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...