Prezident İlham Əliyev: "Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq"
"Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmişdir. Azərbaycan Ordusu düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək tarixi ədaləti bərpa etdi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Füzuli ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı çıxış edərkən bildirib. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə Azərbaycanın Zəfər tarixini əbədiləşdirdi. Azərbaycan işğal altında olan torpaqları erməni təcavüzkarlarından təmizləyərək, yeni bir həyata başlayıb. İşğaldan azad edilmiş şəhərlər, kəndlər, qəsəbələr və bu ərazilərdəki mədəni abidələr bərpa olunur, abadlıq-quruculuq işləri aparılır. İrimiqyaslı layihələrin reallaşması tezliklə bu ərazilərin müasir şəhərə, mərkəzə çevriləcəyinə əminlik yaradır. Dövlət başçısının işğaldan azad olunan ərazilərə hər səfəri və yeni təməllərin qoyulması, abadlıq və quruculuq işləri ilə yaxından tanış olması, yerində tapşırıq və göstərişlərin verilməsi tezliklə bu ərazilərin sakinlərinin öz ata-baba yurdlarına qayıdacaqlarından xəbər verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın oktyabrın 17-də Füzulinin işğaldan azad olunmasından bir il sonra bu əraziyə səfəri və orada görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərin verilməsi, təməlqoyma mərasimləri artıq qısa bir zamanda bu ərazinin yeni, müasir bir məkana çevriləcəyindən bir müjdədir.
"FÜZULİ NƏZARƏTİMİZƏ KEÇƏNDƏN SONRA ARTIQ ŞUŞA İSTİQAMƏTİNƏ GETMƏK ÜÇÜN DAHA GENİŞ İMKANLAR AÇILDI"
44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı Ordusu 30 ilə yaxın həsrətə son qoyaraq erməni təcavüzkarlarına dərs vermiş oldu. Hər cəbhədən aldığımız qələbə xəbərləri insanlarda böyük sevinc hissi yaşadırdı və hər gün eşitdiyimiz qələbə sorağı bizi zəfərə doğru aparırdı. Dövlət başçısının torpaqlarımızın işğalçılardan azad olunması ilə bağlı xalqa yeni qələbə sevincini yaşatması müharibənin tezliklə bitəcəyindən xəbər verirdi. "Cəbrayıldan, Hadrutdan sonra üçüncü böyük yaşayış məntəqəsi işğalçılardan azad edildi", - deyən Cənab Prezident bildirib ki, Füzuli uğrunda çox şiddətli döyüşlər gedirdi, bir neçə gün ərzində şəhərin ətrafında çox ciddi əməliyyatlar aparılırdı: "Düşmən müqavimət göstərirdi, amma buna baxmayaraq, Azərbaycan Silahlı Qüvvələri öz tarixi missiyasını yerinə yetirdi. Mən Füzulinin azad olunması xəbərini Azərbaycan xalqına çatdıranda artıq Azərbaycan xalqı və hesab edirəm, bütün dünya gördü ki, biz öz şərəfli missiyamızı sona qədər yerinə yetirəcəyik, heç bir qüvvə bizi dayandıra bilməz".
Füzuli şəhərinin azad olunmasının əhəmiyyətinə nəzər salan Cənab Prezident bu şəhərin strateji mövqedə yerləşməsi ilə bağlı olduğunu bildirib: "Füzuli nəzarətimizə keçəndən sonra artıq Şuşa istiqamətinə getmək üçün daha geniş imkanlar açıldı. Bir daha demək istəyirəm ki, Ermənistan tərəfi burada çox güclü istehkamlar qurmuşdu, bir neçə xətt istehkamdan ibarət müdafiə xətti qurulmuşdu. Otuz il ərzində düşmən burada möhkəmlənirdi və bu istehkamları yarmaq, keçmək xalqımızın bir daha böyük qəhrəmanlığını, fədakarlığını göstərmişdir. Təbii ki, bunu görən düşmənin gözü qorxdu. Gördülər ki, bizim əsgər-zabitlərimiz doğma torpaqları azad etmək üçün ölümə getməyə hazırdırlar. Bu istehkamları canı-qanı bahasına keçmiş qəhrəman əsgər-zabitlərimiz düşmənə Azərbaycan xalqının böyüklüyünü bir daha göstərdi".
"BİZ ÖZ ZƏFƏR MİSSİYAMIZI MƏHZ FÜZULİ RAYONUNDAN BAŞLAMIŞIQ"
Əlbəttə ki, qələbə əzmi ilə vuruşan əsgər və zabitlərimiz yalnız irəliyə doğru addımlayırdılar. Ölümün gözünə dik baxmağı bacaran vətən oğulları bir qələbədən yeni bir qələbəyə doğru irəliləyirdilər. Bu güc inamdan irəli gəlirdi. Bu güc ordunun gücü idi. Bu güc haqq və ədalətdən aşılanan güc idi. "Füzuli azad olunandan 3 gün sonra Zəngilan şəhəri azad edildi, ondan beş gün sonra Qubadlı, ondan sonra biz Laçın dəhlizinə çıxdıq və beləliklə, müharibənin taleyi heç kəs üçün sirr deyildi", - deyə Cənab Prezident bildirib. Bizim uğurlu əməliyyatlarımızın məhz Füzuli rayonundan başlandığını qeyd edən dövlət başçısı bildirib ki, müharibənin ilk günündə - sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edildi: "Yəni, biz öz Zəfər missiyamızı məhz Füzuli rayonundan başlamışıq".
"BƏLKƏ DƏ DÜNYA PRAKTİKASINDA, DÜNYA TARİXİNDƏ BU QISA MÜDDƏT ƏRZİNDƏ, MİNALANMIŞ ƏRAZİDƏ BEYNƏLXALQ HAVA LİMANLARI TİKİLMƏMİŞDİR"
Bu gün işğaldan azad olunan digər ərazilərimiz kimi, Füzuli rayonda da abadlıq-quruculuq işlərinə start verilib. "Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik", - deyən Prezident ötən bir il ərzində bu istiqamətdə böyük işlər görüldüyünü diqqətə çatdırıb: "Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar. Bu bir il ərzində biz çox genişmiqyaslı quruculuq işləri ilə, eyni zamanda, şəhər və kəndlərimizin bərpası ilə də məşğul olmuşuq. Bu proses çox mürəkkəbdir. Burada düzgün planlaşdırma aparılmalı, minalardan təmizləmə işləri görülməlidir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur - yüz mindən çox mina basdırılıb. Biz bütün bu işləri paralel şəkildə aparmalıyıq".
Artıq Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıb və birinci infrastruktur layihələri də məhz Füzulidə başlanıb. "Cəmi 8 ay ərzində Füzuli Beynəlxalq Hava Limanı inşa edilib", - deyən dövlət başçısı bildirib ki, bu gün hazır hava limanı ilə tanış olarkən mən bir daha gördüm ki, bəlkə də dünya praktikasında, dünya tarixində bu qısa müddət ərzində, minalanmış ərazidə beynəlxalq hava limanları tikilməmişdir.
Xatırlatmaq yerinə düşər ki, 2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Füzulidə beynəlxalq hava limanının tikintisi barədə Sərəncam verdi. Gələcək hava limanının təməlqoyma mərasimi həmən ilin yanvar ayının 14-də baş tutdu. Hava limanının uçuş zolağının inşasının ilin sonuna kimi tamamlanması planlaşdırılırsa da, artıq avqust ayında uçuş-enmə zolağı hazır idi və ilk sınaq təyyarəsini qəbul etmişdi. Əlbəttə ki, tikinti getdiyi ərazi döyüş bölgəsi olduğundan, düşmən tərəfindən minalanmışdır. Bu amil də tikintinin sürət tempinə təsir göstərmişdir. Belə ki, tikinti ilə yanaşı, minalardan təmizləmə işi paralel aparılmışdır.Bu gün Füzuli quruculuq meydanına çevrilib. Cənab Prezidentin vurğuladığı kimi, "Biz Füzulidən Şuşaya elektrik xətləri çəkdik. Çünki Şuşa azad olunandan sonra mənfur düşmən bütün elektrik xətlərini kəsib, hətta su xəttini də partlatmışdır və Şuşa işıqsız qalmışdır, özü də qış aylarında. Ona görə çətin şəraitdə Füzulidən Şuşaya elektrik xətləri çəkildi. Füzulidə yarımstansiya açıldı və ikinci yarımstansiyanın təməli bu gün qoyulmuşdur".
Yollarla bağlı görülən işlərə gəlincə isə, Prezident "İndi siz gələndə yeni yoldan istifadə etdiniz. Görürsünüz, biz bu yolları qısa müddət ərzində çəkdik", - deyə bildirib: "Biz hətta Şuşaya qədər Zəfər yolunu çəkdik və indi Füzuli-Şuşa magistral yolunun çəkilişi gedir. Hazırda Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarında işlər gedir. Bu gün Füzuli-Ağdam istiqamətində yeni yolun təməli qoyuldu". Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Füzuli şəhərində salınacaq çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimində iştirak ediblər. 17,8 hektar ərazini əhatə edəcək yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 1, 2, 3 və 4 otaqlı mənzillərdən ibarət 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları inşa ediləcək. Ümumilikdə məhəllədə 2860 nəfərin yaşaması nəzərdə tutulur. Məhəllədə, həmçinin iş mərkəzlərinin, ticarət, ictimai iaşə, mədəniyyət və məişət-kommunal obyektlərinin yerləşməsi nəzərdə tutulur. Yaradılacaq şərait doğma yurdlarına qayıdacaq rayon sakinləri üçün rahat şəhər mühitinin təşkilində mühüm rol oynayacaq. Füzuli şəhərində dövlət başçısının iştirakı ilə Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi də keçirilib.
"BÜTÜN BU İŞLƏRİ GÖRƏRƏK BİZ BİR MƏQSƏDİ GÜDÜRDÜK Kİ, KEÇMİŞ KÖÇKÜNLƏRİ TEZLİKLƏ ÖZ DOĞMA TORPAQLARINA QAYTARAQ"
Əlbəttə ki, bu ərazidə görüləsi işlər çoxdur. Şəhərin mərkəzində Füzuli Memorial Kompleksi yaradılacaq. İşğal muzeyi, Memorial Kompleks və ona bitişik Zəfər parkı salınacaq. Həmçinin yüksək bir məkanda Bayraq meydanı yaradılacaq. Bayraq meydanı şəhərin ən yüksək nöqtəsində salınacaq və Füzulinin yeni simvoluna çeviriləcək. "Bütün bu işləri görərək biz bir məqsədi güdürdük ki, keçmiş köçkünləri tezliklə öz doğma torpaqlarına qaytaraq. Bu gün təməl daşının qoyulması mərasimlərində iştirak edərkən biz artıq bu günü də böyük dərəcədə yaxınlaşdırmışıq", - deyə Prezident bildirib: "Füzuliyə həyat qayıdır və qayıdacaq. Əminəm ki, maksimum qısa müddət ərzində Füzuli şəhəri də, rayonun kəndləri də çiçəklənəcək. Biz azad edilmiş ərazilərdə ən müasir texnologiyaları tətbiq edirik. Bu, artıq reallıqdır. Bunu mən müharibə başa çatandan dərhal sonra bəyan etmişdim və bunu bu gün hər kəs görə bilir. Zəngilanda birinci kəndin inşası başa çatmaq üzrədir. Ağdam şəhərinin baş planı təsdiqləndi, işlərə start verildi. Cəbrayılın baş planı təsdiqləndi. Artıq göstəriş verildi və vəsait ayrıldı, digər şəhərlərimizin – Zəngilan, Qubadlı, Kəlbəcər və Laçının baş planları hazırlanır. Bütün bu işləri biz görəcəyik".
Bəli, Cənab Prezidentin bildirdiyi kimi, "Müharibə artıq tarixdə qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı, biz gələcəyə baxmalıyıq. Bu gün biz gələcəyi yaradırıq, öz əllərimizlə yaradırıq. Əminəm ki, bütün planlarımız, - bu günə qədər bəyan edilən bütün hədəflər necə təmin edilmişdisə, - növbəti dövr üçün nəzərdə tutulmuş hədəflər də təmin ediləcək. Biz bu hədəflərə çatacağıq, ölkəmizi gücləndirəcəyik, ordumuzu yenə də gücləndirəcəyik və Azərbaycan xalqının təhlükəsiz həyatını təmin edəcəyik. Əlbəttə ki, 30 il ərzində əziyyət içində, o cümlədən mənəvi əzab içində yaşamış köçkünləri maksimum qısa müddət ərzində öz doğma torpaqlarına qaytaracağıq".
Nəzakət ƏLƏDDİNQIZI