"Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri mühüm tarixi bir hadisədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Hüseynov deyib. Onun sözlərinə görə, qardaş ölkənin Prezidenti Azərbaycanda dəfələrlə səfərdə olub: "Amma bu dəfə Qarabağda olması və işğaldan azad olunmuş Füzuli rayonunda aeroportun açılışında iştirak etməsi Azərbaycanın və Türkiyənin demək olar ki, regionda əldə etdiyi böyük bir qələbənin təzahürü idi. Bu səfər böyük bir siyasi əhəmiyyət daşıyır. Bunun əhəmiyyəti ondan ibarətdir ki, bu dünyaya bir mesaj idi. Türkiyə və Azərbaycan həmişə birdir, daima yanaşıdır. Digər tərəfdən isə böyük Zəfər qələbəsindən sonra Azərbaycana maraq artıb, Azərbaycan diqqət mərkəzindədir. Ona görə Azərbaycanda gedən proseslər xüsusilə də Qarabağda gedən proseslər həm də dünya ictimaiyyəti üçün önəm kəsb edir. Çünki qələbədən sonra sülh və əmin-amanlıq üçün perspektiv yaranıb, artıq regionda müharibə, terror təhdidləri demək olar ki, yoxdur. Bu da iki ölkə prezidentlərinin dostluğunun, qardaşlığının nəticəsidir. Yenə də dediyimiz kimi Türkiyə prezidentinin Azərbaycana səfəri həm böyük siyasi əhəmiyyət daşıyır, həm də iqtisadi əhəmiyyət daşıyır. İqtisadi əhəmiyyət isə bundan ibarətdir ki, artıq Zəngəzur dəhlizinin açılması bir reallıqdır, Zəngəzur dəhlizinin açılması Azərbaycanla Türkiyə arasındakı quru yolun açılması deməkdir. Bu isə bütövlükdə türk dünyasına bir çıxış, türk dünyasına açılan bir qapı deməkdir. "Bir kəmər, bir yol" layihənin tərkib hissəsi olan Zəngəzur dəhlizinin açılması dünya iqtisadiyyatına öz töhfəsini verəcək. Böyük bir logistik mərkəzə çevirəcəkdir."
Müəllif: Abutel İlhamqızı