Sabiq spiker: “Adam bilmir ağlasın, yoxsa gülsün”
Ölkə parlamentinin sabiq spikeri, hazırda ABŞ-da yaşayan Rəsul Quliyev AXCP sədri Əli Kərimli ilə bağlı illər əvvəl baş vermiş hadisəni xatırlayaraq onun bu gün də ucuz təfəkkürlü siyasətbaz olmasına işarə edib. Keçmiş spikerə görə, bu gün onu sosial şəbəkələrdə hədəfə alanların çoxu, məhz Əli Kərimlinin sifarişləri ilə fəaliyyət göstərən şəxslərdirlər və bu baxımdan, onların rəhbərlərinin Əli Kərimli olması onu təəccübləndirmir.Rəsul Quliyev xatırladır ki, ölkə parlamentinə spikerlik etdiyi vaxtlarda Milli Məclisdə müxalifətdən 8-9 deputat var idi və onlar özlərini siyasətçi hesab edirdilər.
“Onları biyabır etmişəm”
“Bir nəfər deyə bilməz ki, söz istəyib, verməmişəm. Həmişə onlara çıxış etmək imkanı yaratmışam. Sonra onları biyabır etmişəm, çıxış etməyə həvəsləri olmayıb, çünki gic-gic şüarlar səsləndirirdilər”, deyə o xatırladıb.
Sabiq spiker çoxunun çıxış etməyə cəsarətlərinin çatmadığını deməklə yanaşı xatırladıb ki, həmin vaxtlar o, müxalifətə tövsiyə edirdi ki, şüar səsləndirmək yox, konkret təklif ortaya qoymaq lazımdır. Və bu xüsusda AXCP sədri Əli Kərimli daha çox qabarıq görünməyə çalışırdı.Rəsul Quliyev AXCP sədri haqqında maraqlı xatırlatma da edib və belə hadisələr haqqında çox faktlar olduğunu bildirib. Yəni bu gün özlərini düşərgədə “ana müxalifət” adlandırıb zorla ictimai rəyə sırıyanların əksəriyyətinin vaxtilə hansı oyunbazlıqlardan çıxdıqlarını hər an açıqlaya bilər. Ona görə də başlayıb Əli Kərimlidən.
“Gic-gic danışan belə adama nə cavab verəsən?!”
SİTAT: “O zamanlar Azərbaycan kreditlə bağlı Yaponiya ilə danışıqlar aparırdı. Parlamentin iclasında Əli Kərimli söz istədi, verdim. Dedi ki, Yaponiyadan kredit niyə almalıyıq, kimdir onlar? Adam bilmir ağlasın, yoxsa gülsün. Dəlidir, nədir?! Yəqin, yaponların boyuna baxıb belə düşünüb... Yaponiya o dövrdə dünyada ABŞ-dan sonra ikinci “derjava” idi. Belə adama nə cavab verəsən?! Dedim, get, tanış ol, gör Yaponiyanın hansı imkanları var. Onlar bizə kredit versəydilər, sevinməli idik. Yaponiya da elə-belə kredit vermir axı...”, keçmiş spiker Əli Kərimli haqqında fikirlərini xatırlayarkən bildirib.Çox yəqin ki, onun bu xatırlatmaları, yəni Əli Kərimlini ifşa etməsi cəbhəçilərin xətirlərinə dəyib və dərhal AXCP sədrinə bu barədə donos çatdırılıb. O da öz növbəsində “Rəsul Quliyevi söyün” əmrini verib. Amma AXCP sədri, həqiqətən də, o qədər ucuz təfəkkürə malik olan fərddir ki, onu ifşa edənləri söydürməklə əsl həqiqətlərin üzə çıxmayacağını düşünür. Amma göründüyü kimi yanılır və bu faktı məhz Rəsul Quliyevin timsalında, daha dəqiq desək, Əli Kərimlini ifşa etməsində görmək mümkündür.
Rövşən RƏSULOV