"Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Füzuli hava limanının açılışında iştirakının böyük siyasi və mənəvi əhəmiyyəti var". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.Onun sözlərinə görə, bu ilk növbədə onu göstərir ki, Türkiyə dövləti regionda aparılan yenidənqurma və Qarabağın bərpasında Azərbaycanın yanındadır və iki ölkə ən çətin anlarda və ən xoş günlərdə hər zaman birlikdədirlər. Xüsusən 44 günlük şanlı müharibədən sonra Türkiyə dövləti bununla dünyaya mesaj verir ki, necə ki, torpaqlarımızın azad olunmasında ölkəmizi tək buraxmadı, müharibədən sonrakı mərhələdə də Azərbaycanın hər zaman yanında olacaqdır.Vüqar Əhmədov bu barədə fikirlərini belə izah edib: "Düşünürəm ki, Türkiyə dövləti Qarabağda aparılan quruculuq və yenidən qurma işlərində, eləcə də bu bölgənin siyasi taleyində aktiv iştirak edəcək. Bu gün Türkiyə şirkətləri Qarabağda aparılan quruculuq işlərində fəal şəkildə iştirak edirlər, baxmayaraq ki, bəzi region dövlətləri bundan ciddi narahatlıq keçirirlər, lakin ölkə başçısı cənab İlham Əliyevin bu məsələdə siyasi iradəsi həlledici rola malikdir və bu strateji baxımdan regionun gələcək sabitliyi üçün müstəsna əhəmiyyətə malikdir. Bütün bunlarla yanaşı Türkiyə dövlət başçısının və onun ardınca nümayəndə heyətini gətirən ikinci Türkiyə təyyarəsinin Füzuli beynəlxalq hava limanına enməsi artıq bu hava limanın beynəlxalq əhəmiyyətini olduqca artırır və beynəlxalq aləmə daha bir mesaj verir ki, artıq Azərbaycanın Qarabağ bölgəsi tam təhlükəsizdir və dünyanın istənilən nöqtəsindən beynəlxalq uçuşları qəbul edə bilər. Şübhəsiz ki, bunun çox böyük siyasi və iqtisadi əhəmiyyəti vardır".
Müəllif: Turqay Musayev