Prezident İlham Əliyev: “Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərdi”
Azərbaycan son 200 illik tarixində itirdiyi torpaqlarını qaytara bilmədiyi bir halda, xalqımızın 30 illik intizarına şanlı ordumuzun apardığı 44 günlük müharibə son qoydu. Prezident, Ali Baş Komandanımız İlham Əliyevin güclü siyasi iradəsi, qətiyyəti, uzaqgörən siyasəti, vətəninə və torpağına olan böyük məhəbbəti, Güclü Ordumuzun, igid əsgər və zabitlərimizin şücaəti ilə torpaqlarımız işğaldan azad edildi. Bu, Azərbaycanın tarixi, parlaq qələbəsidir. Bu qələbə ilə Azərbaycan dünyaya sübut etdi ki, özünün pozulmuş hüquqlarını özü bərpa etmək iqtidarındadır. Və sübut etdi ki, Azərbaycan haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası, öz torpağında öz torpağı uğrunda vuruşub. Siyasi meydanda işğalçı düşmənə layiq olduğu yerini göstərməklə bərabər, bir daha sübut etdi ki, bizi öz haqq işimizdən heç bir qüvvə çəkindirə bilməz. Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur və bu gün Prezidentin imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamları əsasında hər il 8 noyabrda Zəfər Günü və 27 sentyabr Anım Günü təsis edildi. Artıq bu tarixi günün bir ilinin bayram edilməsinə sayılı günlər qalıb. Bu tarix Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığı - xalq-iqtidar-ordu birliyinin Qələbə Zəfəri, bayramı günüdür. Və bu gün Güclü Ordumuzla, qalib Azərbaycanın vətəndaşı olmağımızla qürur duyuruq. Qürur duyuruq ki, uğurlarımızın təməlində xalq-iqtidar-ordu birliyi dayanır və 44 günlük Vətən Müharibəsində bu birlik daha da bərkiyərək dəmir yumruğa çevrildi. O dəmir yumruq ki, düşmənin başından vurmaqla belini qırdı, Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini düşmən əsarətindən azad etdi. Bütövlükdə qəhrəman əsgər və zabitlərimiz 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəklikləri düşmən tapdağından təmizlədi. Noyabrın 8-də isə Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Şuşa azad edildikdən dərhal sonra 9 noyabr Dövlət Bayrağı Günündə Prezident İlham Əliyev daha 71 kəndin, bir qəsəbənin və 8 strateji yüksəkliyin işğaldan azad edildiyini bildirərək, ölkə ictimaiyyətini yenidən sevindirdi. Beləliklə, Şuşanın alınması Ermənistanı tam tərksilah etdi, onun bütün manevr imkanları puç oldu. Ulu Öndərimizin dediyi kimi, “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur”.İndi qətiyyətlə demək olar ki, bu gün xalq orduya inanır, ordu xalqa güvənir. Deməli, yaradılan nümunəvi xidməti şəraitin və hərbi xidmətin düzgün təşkilinin, hərbi qulluqçularımızın yüksək intizama və döyüş qabiliyyətinə malik olmasının, əldə olunan uğurların və ən nəhayət, qazanılan zəfərlərin əsasında xalq-iqtidar- ordu birliyi dayanır. Ən nəhayət, ölkədə yaradılmış iqtidar-xalq birliyi "çəkici bir zindana vurmağa" imkan yaratdı. Bir sözlə, xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması ordumuzun gücünü daha da artırır, zəfərdən zəfərə aparır. Bununla da xalq-iqtidar-ordu birliyi ölkəmizin uğurlu inkişafını müəyyən edir. Dövlətimizin başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi, xalqın iradəsi, dövlətin qətiyyəti, davamlı islahatlar Azərbaycana möhtəşəm uğurlar qazandırıb, dünya miqyasında tanıdıb. Məhz əldə edilən bu kimi zəminlər əsasında Azərbaycan müasir hərb tarixində yeniliyə imza atdı.
Prezident İlham Əliyev: “Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü görür”
Dövlət başçımız İlham Əliyev 18 illik Prezidentlik fəaliyyətində ancaq və ancaq düşmən tapdağında olan torpaqlarımızın azad edilməsi ilə bağlı yüksək tribunalarda, verdiyi müsahibələrində qətiyyətlə çıxışları, söylədiyi hər sözü, hər kəlməsi, Güclü Ordumuzun, Rəşadətli əsgərlərimizin və nəhayət, dövlət başçımızla xalqımızın bir olmağımız 30 illik həsrətimizə son qoyuldu! Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan siyasi rəhbərliyinə, erməni xalqına müraciət edərək, onları münaqişənin sülh yolu ilə həll olunmasına çağıraraq bildirib ki, qan tökülmədən torpaqlarımızdan çıxın. Bizim başqasının torpağında gözümüz yoxdur: «30 ildir ki, Azərbaycan Ermənistan təcavüzündən əziyyət çəkir. Biz bu barədə dəfələrlə BMT başda olmaqla, dünyanın bütün beynəlxalq təşkilatlarını məlumatlandırmışıq. Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı 4 qətnamə kağız üzərində qalıb”.Dövlət başçısı bildirib ki, erməni vəhşiliyinin cavabı verilmədikcə, işğalçı ölkə öz cızığından çıxdı, bunun bir sonu olmalı idi və cinayətkar Ermənistan sentyabrın 27-də Azərbaycana qarşı növbəti təxribat cəhdini reallaşdırdı. Düşmən artilleriya qurğularından istifadə edərək mülki əhalini və yaşayış məntəqələrini hədəfə aldı. Azərbaycan Prezidenti, Ali Baş Komandan düşmənin hərbi təxribatının qarşısının alınması üçün ordumuza əmr verdi. Güclü Azərbaycan Ordusu, məğrur və rəşadətli əsgərlərimiz Ali Baş Komandanın əmrlərini yerinə yetirərək Azərbaycanımızın şanlı tarixini yazır. Bu, o əsgərlərimizdir ki, düşmənləri 30 il işğal altında saxladıqları torpaqlapımızdan iti qovan kimi qovurlar: “Azərbaycan özü bu məsələni həll edir və mən 27 sentyabr hadisələrindən əvvəl Ermənistana demişdim, gəl, təkbətək vuruşaq. Baxaq kim-kimdir! İndi nə oldu? Paşinyan hər gün bir dünya liderinə zəng edir. Hər gün! Mən heç kimə zəng etməmişəm, heç bir liderə zəng etməmişəm. Təmaslarım olub, mənə zəng ediblər. Amma o, adam qalmayıb ki, zəng etməsin, yalvarmasın, emissar göndərməsin, ağlamasın, onların ayağına yıxılmasın. Bax, budur bunun sonu. Əgər bizimlə normal dildə danışsaydı, bizim müqəddəs şəhərimizi mundarlamasaydı, əlbəttə, biz ümidlərlə yaşayıb çalışardıq ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun. Amma hər addım təxribat, hər addım təhqir və hesab edir ki, biz bununla barışacağıq?! İndi biz göstərdik kim-kimdir. İti qovan kimi qovuruq onları! Azərbaycan əsgəri onları iti qovan kimi qovur! İşğal edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırılır! Onların səngərlərində Azərbaycan əsgəri dayanır! Onların postları bizim əlimizdədir! Onların tanklarını biz sürürük! Onların digər silahlı texnikaları bizim əlimizdədir, yük maşınları bizim əlimizdədir! Biz xilaskar missiyamızı icra edirik və edəcəyik!”
“Bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəri, Azərbaycan zabitidir”
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgəri Vətən səngərində qəhrəmancasına döyüşə-döyüşə bərkiyərək rəşadətli Ordumuzun gücü ilə Azərbaycan tarixinə qələbələr yazır. Sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribat zamanı döyüşlərdə haqq yolunda, Vətən yolunda canından keçərək yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı demişdir: “Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu tarixi missiyanı siz icra etmisiniz - Azərbaycan əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib”.Dövlətimizin başçısı deyib: “Əlbəttə ki, bizim güclü ordumuz var, texniki təchizat da yüksək səviyyədədir. Bütün dünya gördü ki, biz hansı texniki imkanlardan istifadə edirik. Onu da deyə bilərəm ki, bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda, operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir”.Prezident qeyd edib ki, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir: “Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.Çünki bizim işimiz haqq işidir. Dövlət başçımızın dediyi kimi: “Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək!».Budur, Azərbaycan Prezidenti, Ali Baş Komandanımız İlham Əliyevin proqmatik siyasəti! Budur, xalq-iqtidar-ordu birliyi. Xalq-Prezident və Ordu birliyi və həmrəyliyi Böyük qələbəyə doğru gedən yolun əsas hərbi-siyasi arsenalıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qalib Azərbaycan əsgərinin fərqli mövqeyini və qələbə əzmini qiymətləndirərək dediyi aşağıdakı sözlər obyektiv reallığın ifadəsidir: «Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür. Mən erməni xalqına üz tutub demək istəyirəm ki, onlar öz rəhbərliyinin çirkin əməllərinin girovuna çevrilməsinlər. Bu gün öz hökumətini məsuliyyətə cəlb etsinlər. Öz övladlarını Azərbaycan torpaqlarına göndərməsinlər. Nə işi var erməni əsgərinin Azərbaycan torpağında?”.Bəli, bu gün qürurla bütün dünyada sözümüz keçərli, başımız ucadır. Bu, Müzəffər Azərbaycan ordusunun gücüdür, potensialıdır. Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü Silahlı Qüvvələrinə çevrilib.Bir sözlə, bu gün böyük inam və qətiyyətlə ifadə edirik ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev 2020-ci ilin Qalib sərkərdəsi, Azərbaycan Ordusu ən peşəkar və döyüş ruhlu Ordu, Azərbaycan xalqı isə ən qəhrəman xalq kimi tarixə qızıl hərflərlə yazıldı. Və cənab İlham Əliyevin yeni-yeni hədəflərə hesablanmış strategiyasına uyğun olaraq Azərbaycan inkişaf, tərəqqi yolunda daha da böyük addımlarla irəliləyəcək. Çünki Azərbaycan Ordusu məğlubedilməzdir, onun qarşısında düşmən çox aciz və zəifdir.
RƏFİQƏ HÜSEYNOVA