“Zahirən o qədər də mürəkkəb olmayan məsələ kimi görünsə də, bu gün Ermənistanın hələ sülhməramlıların və qanunsuz erməni silahlı dəstələrinin nəzarəti altında olan ərazilərə müəyyən maliyyə yardımlar göstərməsi çox ciddi problemlərdən biridir. Bu cür hərəkətlərlə onlar göstərməyə çalışır ki, Azərbaycan bütün əraziləri üzərində, o cümlədən Xankəndi və onun ətrafında olan yerlər üzərində tam suveren hakimiyyətinin bərqərar olmasına mane törədən bir vəziyyət var”. Bu fikirləri SİA-ya açıqlamasında “Bakı Xəbər” qəzetinin Baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.Ekspertin sözlərinə görə, eyni zamanda, Ermənistanın Azərbaycanın mərkəzi hakimiyyətinin icazəsi və xəbəri olmadan yuridik olaraq Azərbaycana məxsus ərazilərə müəyyən iqtisadi yardımlar yönəltməsi orada yeni-yeni problemlərə meydan açır və baza yaradır: “Belə ki, həmin ərazilərdə Ermənistan maliyyəsinin son təyinatının nədən ibarət olduğunu bu gün demək olduqca çətindir. Çox təəssüf ki, bütün bu işlərə görə birmənalı şəkildə birbaşa məsuliyyət daşıyan Rusiya sülhməramlıları da nə göstərilən maliyyə yardımlarının kökü ilə bağlı bir açıqlama verir, nə də onların gəldiyi ərazidə təyinatı ilə bağlı hər hansı bir açıqlama vermirlər. Halbuki, Ermənistandan bizim ərazilərimizə gələn yardımların nədən ibarət olduğunun sona qədər araşdırılması, hətta qarşısının alınması sülhməramlıların vəzifəsidir. Ora göndəriləcək hər hansı yardım rus sülhməramlıları ilə Azərbaycan arasında baş verməli olan bir prosesdir”.A.Quliyev vurğulayıb ki, çox ciddi qorxu və təhlükələr var ki, Ermənistanın maliyyə, iqtisadi yardım adı ilə Xankəndinə yönəltdiyi vəsait orada insanların humanitar ehtiyaclarının qarşılanmasından daha çox gələcəkdə separatçılıq ocaqlarının daha da aktivləşdirilməsinə yönəldilir: “Başqa sözlə desək heç istisna deyil ki, Ermənistan yardım adı altında əslində bu gün Qarabağda hələ də qalmaqda davam edən qanunsuz silahlı dəstələrin maliyyələşdirilməsini həyata keçirir. Ona görə də Ermənistanın Qarabağa Azərbaycanın yardımı və iştirakı olmadan maliyyə yardımı göndərməsi yolverilməzdir. Bu, Azərbaycanın daxili işlərinə müdaxilədir. Əslində, bu qanunsuz hərbi birləşmələrin və terrorçu qrupların dolayı yolla maliyyələşdirilməsidir. Bunun məsuliyyətinin sülhməramlıların üzərində olmasını onlar unutmamalıdırlar və Azərbaycanın bu narahatlığını bölüşməlidirlər”.
Müəllif: Aysel Məmmədova