“Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezidentin Şamaxıya və İsmayıllıya səfəri regionda sosial-iqtisadi inkişafının dövlət başçısının diqqətində olduğunun bariz nümunəsidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.Onun sözlərinə görə, səfərdə olarkən, ilk növbədə, sosial obyektlərin açılışı, dini və tarixi abidələrin bərpası ilə maraqlanmaları, eyni zamanda şəhid ailələri ilə görüş dövlət rəhbərinin sadə insanlarla təmasının növbəti bir nümunəsi idi: “Göründüyü kimi, cənab Prezident regionlarda gedən proseslərdən tam xəbərdardır. Hər regionun özünün xüsusiyyətlərinə, inkişaf resurslarına görə dəstək verilməsinə üstünlük verir. Şamaxı və İsmayıllı rayonları Azərbaycanın qədim tarixə və mədəniyyətə malik ən böyük turist potensialı olan bölgələridir. Onun tarixi məkanlarının bərpası, turist marşrutlarının açılması ilə bağlı görülən işlərin diqqətdə saxlanılması Azərbaycanın qeyri-neft sektorunun inkişafını daha da gücləndirir. Həmçinin həmin regionların iqtisadi sahələrinin inkişafı ilə bağlı cənab Prezidentin çox mühüm fikirləri oldu. Bu səfərlər bir daha göstərdi ki, Azərbaycanın hər bir guşəsi inkişaf proqramına malikdir və hər bir vətəndaşın probleminin həlli cənab Prezidentin diqqətindədir. Bundan sonra da Azərbaycan dövləti özünü sosial dövlət kimi daha da tanıdacaqdır”.
Arzu Qurbanzadə