PDF Oxu

Siyasət

  • 4 135

Azərbaycan Ordusunun Zəfər yolu - MƏQALƏ

Azərbaycan Ordusunun Zəfər yolu - MƏQALƏ

Azərbaycan xalqı həmişə əmin-amanlığın tərəfdarı olub. Lakin səbrin də bir həddi-hüdudu olur. İşğalçı Ermənistanın sülh danışıqları prosesini pozması, təmas xəttində tez-tez təxribatlara əl ataraq mülki əhaliyə atəş açması Azərbaycana hərbdən başqa yol qoymadı. Təbii ki, müharibənin hər dəqiqəsi, hər saatı qan-qada, ölüm-itimdir. Ona görə 44 gün davam edən Vətən müharibəsi əslində müasir dövr üçün qısa müddət deyil. Danılmaz həqiqətdir ki, müharibədə qələbə döyüş meydanında tökülən qanlar hesabına qazanılır. Ali Baş Komandanın səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarə” ifadəsi ordumuzu hər gün zəfərdən-zəfərə aparan şüara çevrildi. Bu taleyüklü günlərdə hər birimiz həmin ifadənin yaratdığı əhval-ruhiyyənin cazibəsinə düşüb qələbəmizin hər gün, hər an yaxınlaşdığına əmin olduq.Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri də canı-qanı bahasına Ermənistanın 30 il ərzində milyonlarla vəsait sərf edib qurduğu nəhəng istehkamları yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi. Azad olmuş bütün torpaqlarımızda üçrəngli bayrağımızın əbədi olaraq dalğalandırılması, ölkə rəhbərinin böyük sevinc hissi ilə xalqımıza verdiyi qələbə müjdələri, dünyanın nüfuzlu nəşrlərinə verdiyi məntiqli, dolğun müsahibələr də Azərbaycanın haqq savaşında qalib gəlməsi üçün böyük stimul oldu. Azərbaycanın apardığı müharibə ədalətli və müqəddəs Vətən müharibəsi idi. Eyni zamanda bu savaş şərlə xeyir qüvvələrinin mübarizəsinin məntiqi yekunu idi. Ordumuzun əks-hücum əməliyyatları zamanı döyüş taktikası ilk gündən hərb tarixi üzrə tanınmış mütəxəssislərin və ekspertlərin diqqətini cəlb etdi. Silahlı Qüvvələrimiz döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi.Dünyanın 50 ən güclü silahlı qüvvəsi sırasında yer alan Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyən, sarsıdıcı zərbələr altında geri çəkilən işğalçı Ermənistanın silahlı birləşmələri yenə də öz çirkin ənənələrinə sadiq qalaraq müharibə cinayətləri törətməkdən çəkinmədilər .Cəbhədən kənarda yerləşən Gəncə, Mingəçevir, Yevlax, Daşkəsən, Xızı və Siyəzəni, cəbhəyanı Tərtər, Bərdə, Goranboy, Beyləqan və Ağcabədini müxtəlif istiqamətlərdən atəşə tutması nəticəsində azyaşlı uşaqlar, məktəbli yeniyetmələr daxil olmaqla yüzdən çox dinc sakinimiz erməni terrorunun qurbanı oldular. Bu hərbi cinayətlər və terror aktları Azərbaycan xalqının məğrurluğunu və iradəsini qıra bilmədi. Qəlbində Vətən sevgisi yaşadan igidlərimiz mənfur düşmənin layiqli cavabını verdilər.Qarabağın tacı olan Şuşamızı işğaldan azad edən cəngavər oğullarımızın şücaəti xüsusi ilə peşəkar hərbçilərin araşdırma mövzusu olacaq. Qədim Şuşa qalasının alınması həm də tam qələbəmizi müjdələyən zəfər oldu. Azərbaycanın şanlı tarixinə parlaq, qürurverici 10 noyabr günü qızıl hərflərlə daxil oldu. Uzun illərboyu xalqımız bu tarixi ədalətin təntənəsini gözləyirdi. 44 günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə təxminən 28 il idi ki, kağız üzərində qalmışdı. Nəhayət, Azərbaycan bu tarixi ədaləti təkbaşına bərpa etdi! Azərbaycanın bir dövlət kimi potensialını nümayiş etdirdi. Bunu düşmən də, onun havadarları da gördü. Ən önəmli məqam isə ondan ibarətdir ki, dünya bu müharibənin gedişində Azərbaycanı yenidən kəşf etdi, ölkəmiz haqqında, onun malik olduğu güc barədə beynəlxalq birlikdə dəqiq təsəvvür formalaşdı. Azərbaycan təkcə döyüş meydanında deyil, həm də diplomatiya sahəsində qalib gəldi. Azərbaycan xalqının bu tarixi qələbəsi ilə erməni lobbisinin onilliklər boyu formalaşdırdığı güclü anti-Azərbaycan informasiya məkanı darmadağın edildi. Bu inamlı tarixi qələbə Azərbaycan xalqının əzəli və tarixi, dədə-baba yurdlarının təxminən 30 ildən sonra azad edilməsini reallaşdırdı. Bu tarixi qələbə 1 milyondan çox Azərbaycan vətəndaşının uzunillik Vətən həsrətinə və nisgilinə son qoydu.Biz qürurla deyə bilərik ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq. Hər bir Azərbaycan vətəndaşı xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq. Bu gün işğaldan azad edilən torpaqlarımızda xidməti borcunu yerinə yetirən əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəlalə Əsgərova
Xəzər rayonu, Ziya Ağayev adına 241 saylı məktəbin direktoru

sia.az

Digər xəbərlər