"Əvvəlcədən dövlət başçıları tərəfindən görüşə hazır olduqları barədə rəsmi açıqlamalar var idi. Yəni, Azərbaycan dövlət başçısı, Ermənistan dövlət başçısı bu görüşün mümkünlüyündən danışırdılar. Müxtəlif mənbələr bu günlərdə görüş olacağı barədə fikirlər söyləyirlər. Lakin rəsmi heç bir mənbə bu barədə məlumat yaymayıb. Bu ondan xəbər verir ki, hər halda görüşün gündəliyi hazırlanır. Ancaq dəqiq vaxtla bağlı nəsə demək çətindir. O ki qaldı Rusiya xarici işlər naziri Sergey Lavrovun son günlərdə həm Azərbaycanlı həmkarı, həm də Ermənistanlı həmkarı ilə danışıqları bundan xəbər verir ki, bütün hallarda bu məsələ gündəlik diskussiya predmetidir". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.Politoloq qeyd edib ki, görüşdə ən vacib məsələlər müzakirə olunmalı və lazımi nəticələr əldə edilməlidir. Burada Azərbaycanın məqsədi heç kimə sirr deyil. Azərbaycanın məqsədi sülh sazişini imzalamaqdan ibarətdir. Bu sülh sazişi imzalanmadan öncə isə müəyyən şərtlərə əməl olunmalıdır.İlqar Vəlizadə bu barədə fikirlərini belə izah edib: "Delimitasiya, demarkasiya prosesi getməlidir. Ümumilikdə biz keçən il noyabrda imzalanan üçtərəfli bəyanatın müddəalarının həyata keçdiyini görməliyik. Əgər bu görüş keçirilsə, bu məsələlər gündəmdə olacaq. Yeri gəlmişkən dünən XİN-nin brifinqində Kremlin sözçüsü Zaxarova çıxışında biz delimitasiya və demarkasiya proseslərinin sürətlə getməsinin tərəfdarıyıq deyə bildirdi. Bu da ondan xəbər verir ki, Rusiya da məsələyə məntiqlə yanaşır. Niyə? Çünki tərəflər uzunmüddətli stabillikdən danışırlarsa, bunun hüquqi, siyasi bazası olmalıdır ki, stabillik pozulmasın. Rusiya həmçinin, istəmir ki, onun sərhədlərinin yaxınlığında yeni münaqişə alovlansın. Əgər belə demək mümkündürsə, hazırda top Ermənistandadır. Ermənistan cavab verməlidir. Biz hamımız əslində bu qərarı vermişik. Bizim Rusiya ilə delimitasiya, demarkasiya prosesində, sülh sazişi məsələsində, suverenliyin tanınmasında ortaq fikrimiz var. Görüş baş tutarsa, Ermənistanın reaksiyası müzakirə ediləcək".
Müəllif: Turqay Musayev
sia.az