"Bu məsələlər ermənilərin ağlına gələn məsələ deyil. Əvvəla, ermənilərin Qarabağda hansı abidələri var ki, onun bərpasından söhbət getsin. Belə abidələr varsa, onların siyahısı olmalıdır. Əgər beş-altı nəfər əsgərin ibadət etməsi üçün çox balaca kilsəyə bənzər tikililərindən söhbət aparırlarsa, onlar abidə deyillər". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.Politoloq bildirib ki, Azərbaycanın əlində nəzarətində olan Şuşa şəhərində iki kilsə Azərbaycan tərəfindən artıq inşa olunur. Bundan başqa Hadrut qəsəbsindəki alban abidələri var ki, onlar da Heydər Əliyev Fondu tərəfindən nəzarətə götürülüb. Ona görə də, ermənilər hansı abidələrdən söhbət aparır, mən anlamıram. Rus sülhməramlıların nəzarətində olan əraziləri mən kifayət qədər tanıyıram. Xocalıda heç bir erməni abidəsi belə yoxdur. Ağdərənin bir neçə kəndidir, Umudludur, Çərəkdardır ki, orada da ermənilərin nəinki tarixi heç adicə yeni abidəsi belə yoxdur. Bu növbəti təxribatlara şərait yaradılmasına hesablanmış, eyni zamanda kifayət qədər uğursuz bir təklifdir.Cümşüd Nuriyev bu barədə fikrini belə izah edib: "Rus sülhməramlıları nəzarət etdikləri ərazilərdə üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq 15 mindən az olmayan erməni silahlılarını hələ də oradan çıxarmayıb. Çünki orada 25 minə yaxın dinc əhali var. Bunlar həmin erməni yaraqlıları və ya xaricdən dəvət olunmuş terror qruplarının üzvlərini orada saxlamaqla bir növ erməni mənşəli insanların balansını qorumağa çalışırlar. Amma sülhməramlılar anlamalıdırlar ki, dinc əhali ilə terrorçular ayrı-ayrı şeylərdir.Artıq gələn məlumatlara görə, Xankəndidə institun nəzdində Azərbaycanşünaslıq mərkəzi yaradılıb. Burada Azərbaycan dilini öyrənmək üçün addımlar atılır. Bu təqdirəlayiq bir addımdır. Kimlər Azərbaycan vətəndaşı olacaqsa, Azərbaycan dilini təbii olaraq bilməlidir. Bundan ermənilərdən çox Köçəryanın daşnak partiyası və digər revanşist qüvvələr narahatdır. Bu məsələyə Azərbaycan çox ciddi fikir verməlidir. Yəni, həmin ərazidə hansısa abidəni bərpa etmək adı ilə yeni terrorist qrupların cəlb olunmamasına biz diqqət yetirməliyik. Çünki onlar xaricdən mütəxəssis adı ilə yeni terrorist qüvvələri dəvət edə bilər. Yox, əgər rus sülhməramlıların nəzarəti altında Azərbaycan Ordusuna qarşı, Azərbaycan vətəndaşlarına qarşı hər hansı təxribat addımı atılarsa, Azərbaycan birmənalı şəkildə təcili rus sülhməramlıların oradan çıxarılmasını tələb etməlidir. Biz bu qələbəni 3000 şəhidin, 11 min qazinin, 80 min iştirakçının hesabına əldə etmişik. Burada Azərbaycan Prezidenti Ali Baş Komandanın dəmir yumruğu rol oynayıb. Xalq, dövlət, Prezident bir yerdə olub. Biz yenə də bu birliyi sonacan qoruyub saxlamaqla öz ərazi bütövlüyümüzü təmin edəcəyik".
Müəllif: Turqay Musayev