Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uğurlu siyasəti və müzəffər ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan xalqının 30 illik Vətən həsrətinə son qoyuldu. Azərbaycan ordusu işğalda olan torpaqlarımızın böyük bir qismini hərb yolu ilə düşmən tapdağından azad etdi. Düşmənin yüzlərlə texnikası tam məhv edildi, minlərlə canlı qüvvəsinə ciddi zərbə vuruldu. Düşmən ordusu darmadağın edildi. Artıq məğlub olduğunu anlayan Ermənistan hökuməti üçün döyüşlərin dərhal dayandırılması onların maraqlarına uyğun idi. Beləliklə, 10 noyabr 2021-ci il tarixində üçtərəfli bəyanat imzalandı. Bu bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası demək idi. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Bununla da, bütün dünya bəyanatın imzalanması ilə Azərbaycan xalqının ümumxalq birliyini gördü. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlara sevinib. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər.
Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində imzalanan bəyanat Azərbaycanın mövqe və maraqlarına tam uyğun şəkildə hazırlanmışdır. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur. Bəyanat nəticəsində illərlə davam edən status – kvo dəyişildi və Qarabağın statusu ləğv edildi. Artıq “Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Dövlət Sərhəd Xidməti Azərbaycanın bütün sərhədlərində Vətənin keşiyini çəkir.
Müzəffər və rəşadətli ordumuzun keçdiyi şərəfli döyüş yolu siyasi müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi. Üçtərəfli Bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrinə idi. Çünki Ermənistan bu müharibədə hər hansı bir uğur əldə etməmişdir.
Azərbaycanın əldə etdiyi qələbə, apardığı hərbi əməliyyatlar həm texniki imkanlar və operativ addımlar, həm də əməliyyatların hazırlanması və icra edilməsi baxımından bütün dünyada öyrənilir. Yeni nəsil müharibə üsulunu nümayiş etdirmiş Silahlı Qüvvələrimizin təcrübəsi dünya ölkələri tərəfindən də öyrənilir. Azərbaycan hərb tarixinə yenilik kimi düşən hərbi strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq.
Bu haqq savaşında qardaş Türkiyənin açıq dəstəyi bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini alt-üst etdi. Türkiyədən dəstək və həmrəylik nümayişi Azərbaycan xalqını Qələbəyə ruhlandırırdı. Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq telləri ən möhkəm təməllərə söykənir. 2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.
Qeyd etdiyimiz kimi,Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. Qələbənin qazanılmasında bütün Azərbaycan xalqı birlik, həmrəylik göstərərək bir yumruq altında birləşib, düşmənə qalib gəlməyi bacardı. Artıq Azərbaycan xalqı əsrlər keçsə də, tarixdə qalib xalq kimi daim qalacaqdır.
Xanımqız Qəniyeva
Xəzər rayonu, H.İskəndərov adına 206 nömrəli tam orta məktəbin direktor müavini