PDF Oxu

Siyasət

  • 3 437

"Prezident amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış edib" - MÜNASİBƏT

"Prezident amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış edib" - MÜNASİBƏT

“Qəbul olunmuş Amnistiya Aktı Azərbaycanda həyata keçirilən dövlət siyasətinin humanizm və sosial ədalət prinsiplərinə əsaslandağının ən bariz göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya aktının elan edilməsi haqqında danışarkən deyib.

Onun sözlərinə görə, dünya təcrübəsində məhbusların əfv olunması, amnistiya qərarlarının tətbiq edilməsi ənənəsi çoxdan mövcuddur: “XX əsrdə bəşəriyyət bir çox dəyərlərə nail olub. Demokratik ənənələr formalaşıb, inkişaf etmiş ölkələrin çoxunda ölüm hökmü ləğv edilib, cəza siyasətinin humanistləşdirilməsi üçün islahatlar aparılıb. Sadaladığımız bu dəyərlər Azərbaycanda 1993-cü ildən sonra bərqərar olmağa başladı.

Tarixə baxsaq görərik ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra 2003-cü ilə qədər 7 amnistiya aktı qəbul edilmiş, 32 əfv sərəncamı imzalanmışdı. Onu da qeyd edim ki, 1998-ci ildə ulu öndər Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkədə ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşdü.

Əsası Ümummilli Lider tərəfindən qoyulmuş bu ənənə indi də yüksək səviyyədə davam etdirilir. Prezident tərəfindən mütəmadi olaraq imzalanan əfv sərəncamları, Mehriban xanımın təşəbbüsü ilə qəbul olunmuş Amnistiya Aktı buna ən bariz misaldır. Məlum olduğu kimi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul olunan son Amnistiya Aktının təşəbbüskarı da dövlət başçısıdır. Cənab prezident 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqı üçün müstəsna əhəmiyyətini nəzərə alaraq, eləcə də humanizm ənənələrini davam etdirərək amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış etmişdi.

Amnistiyanın tətbiq ediləcəyi şəxslərin sayına və əhatə etdiyi cinayət məsuliyyətindən və cəzadan azadetmə institutlarının dairəsinə baxdıqda görürük ki, akt ümumilikdə 16 mindən çox şəxsə şamil ediləcək ki, bu da indiyə qədər olan ən böyük amnistiya aktı deməkdir. Bundan öncə verilən Amnistiya aktı 2016-cı ildə I vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclisə təqdim edilmişdi və 10 min nəfəri əhatə etmişdi.

Amnistiya aktına əsasən, Vətən müharibəsində və Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin, habelə döyüş əməliyyatlarında həlak olmuş şəxslərin yaxın qohumlarının, Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslərin, Vətən müharibəsi dövründə mülki əhaliyə qarşı hərbi təxribat nəticəsində əlil və ya həlak olmuş şəxslərin yaxın qohumlarının, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslərin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur. Bununla yanaşı, layihəyə görə, ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər, cəzanın çəkilməmiş hissəsi 6 aydan az olan az ağır və ya ilk dəfə ağır cinayət törətmiş şəxslər, cəzanın sonuna 1 ildən az müddət qalmış məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslər azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən azad ediləcəklər. Həmçinin cərimə, ictimai işlər, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama və digər azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş şəxslərin cəzadan azad edilməsi nəzərdə tutulur.

Heç şübhəsiz ki, bu akt Azərbaycanda həyata keçirilən dövlət siyasətinin humanizm və sosial ədalət prinsiplərinə əsaslandağının, həmçinin dövlətin öz vətəndaşlarına verdiyi yüksək dəyərin ən bariz göstəricisidir. Təkcə bu il ərzində 600 nəfər məhkum olmuş insanımızla bağlı əfv fərmanının verilməsi, indi də Amnistiya aktının qəbul edilməsi on minlərlə ailənin sevincinə səbəb olacaq ki, bu da qələbəmiz münasibəti ilə olan sevinci ikiqat artıracaqdır.

Qəbul olunmuş Amnistiya Aktı cəmiyyətimizdə hüququn aliliyinə dərin inamın, birlik və həmrəyliyin daha da möhkəmləndirilməsi ilə bərabər, həm də milli ənənələrimizə sadiqliyin göstəricisidir. Bu addım ölkədə insan hüquq və azadlıqlarının etibarlı təminatını, demokratikləşməyə xidmət edən strateji siyasi kursun uğurla davam etdirildiyini bir daha təsdiqləyir. İnanıram ki, azadlığa çıxmış şəxslər də bu Amnistiya Aktı ilə verilmiş mesajı layiqincə dəyərləndirəcək, cəmiyyətimiz üçün gərəkli vətəndaş olacaq, ölkəmiz üçün faydalı insan olaraq həyatda öz yerlərini tutacaqlar”.

Digər xəbərlər