PDF Oxu

Siyasət

  • 2 632

“Zəfər gününü böyük qürur və fərəhlə qeyd edirik” - PARTİYA SƏDRİ

“Zəfər gününü böyük qürur və fərəhlə qeyd edirik” - PARTİYA SƏDRİ

“Xalqımızın qəhrəmanlığını, müdrikliyini, fədakarlığını bütün dünyaya qəbul etdirdiyimiz 44 günlük vətən müharibəsinin möhtəşəm qələbə ilə sona çatdığı Zəfər gününü böyük qürur və fərəhlə qeyd edirik. Həmin günün yetişməsi üçün xalq olaraq hamımız birlikdə çalışdıq, hər kəs qələbəni yaxınlaşdırmaq üçün xidmət göstərməyə, əlindən gələni etməyə çalışdı”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, Ali Baş komandan İlham Əliyevin əmri ilə növbəti erməni təxribatının qarşısını almaq, xalqımıza dəhşətli faciələr yaşatmış mənfur qonşularımızın cəzasını vermək, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə başlanan əks-hücum əməliyyatı indiyə qədər çoxlarına məlum olmayan böyük həqiqətləri üzə çıxardı: “Məlum oldu ki, özlərinə “döyüşçü” xalq deyən ermənilər əslində nəinki iddia edildiyi kimi deyillər, əksinə qorxaq və fərariridirlər. O da məlum oldu ki, son yüz ildə baş verən müharibələrin heç birində, heç bir ölkə bu qədər fərari görməmişdir və döyüşdən qaçanların sayına görə dünya birincisi olan qonşularımız bu göstərici ilə “öyünə” bilərlər. Əks-hücum əməliyyatlarının ilk günündən dayanmadan irəli gedən, hər gün işğal olunmuş ərazilərimizi düşməndən azad edən qəhrəman əsgərlərimiz dünya hərb tarixinə qəhrəmanlıqla, torpaq və xalq sevgisi ilə dolu səhifələr yazdılar və azərbaycanlıların necə cəsarətli, mərd və qorxmaz olduqlarını bütün dünyaya qəbul etdirdilər”.

Abutalıb Səmədov sözlərinə davam edərək həmçinin qeyd edib ki, bu gün dünyanın hər yerində öyrənilən möhtəşəm qələbənin qazanılması naminə həyatını qurban verən müqəddəs şəhidlərimizin xatirəsi heç vaxt unudulmayacaq və xalqımız onların hər birini böyük minnətdarlıqla, məhəbbətlə yada salacaq, xatirələrində yaşadacaqdır. Azərbaycan xalqı qəhrəman şəhid və qazilərimizlə yanaşı əks-hücum əməliyyatının başladığı ilk gündən ermənipərəst qüvvələrin təzyiqlərinə misilsiz dəyanətlə sinə gərən, həm diplomatiya cəbhəsinə, həm də hərbi qüvvələrimizə rəhbərlik edən, böyük zəfərin qazanılmasında müstəsna rol oynayan böyük dövlət xadimini-Ali Baş komandan İlham Əliyevin xidmətlərini, qələbəmiz naminə çəkdiyi əziyyətləri heç vaxt yaddan çıxarmayacaq. Böyük Zəfər bayramınız mübarək, əziz həmvətənlər!”.

Arzu Qurbanzadə

Digər xəbərlər