İrəvanın Azadlıq meydanında “Ermənistan” blokunun mitinqi artıq başlayıb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, parlamentin vitse-spikeri, Daşnaqsütyun nümayəndəsi İşxan Saqatelyan, 8 aydır küçədə vuruşsalar da, məqsədlərinə nail olmayıblar, deyə bildirib.
“Bizim addımlarımız və hərəkətlərimiz sayəsində, amma bizim heç bir razılığımız və ya qərarımız olmadan ölkədə seçkilər keçirildi. Biz bu seçkiləri bu hakimiyyəti aradan götürmək üçün bir vasitə və fürsət hesab etdik, lakin təəssüf ki, bu seçkilərdə yalan və saxtakarlıq, populizm və demaqogiya, inzibati rıçaqlar və repressiyalar qalib gəldi və bu hakimiyyət yenidən öz yerində qaldı, ölkəni yeni itkilərə, yeni güzəştlərə, yeni məğlubiyyətə apardı”, deyə İşxan Saqatelyan qeyd edib.
O, qeyd edib ki, seçkilərdən sonra yenə də itkilər davam edir, hakimiyyət isə müqavimət göstərmir və hərəkətə keçmir.
“Sülhsevərliyin ekstravaqant ideyalarını təbliğ etməklə, hakimiyyət ölkəni yeni təslimçiliyə aparmağa çalışır”, deyə Saqatelyan bəyan edib.
İşxan Saqatelyanın fikrincə müharibə hələ bitməyib.
“Biz erməni xalqı nə etməliyik? Ümummilli müqavimət hərəkatı formalaşdırmaq lazımdır. Razılaşaq ki, biz bu gün buradan, Azadlıq meydanından ermənilərin köçünün və yeni təslimiyyətinin qarşısını alacaq ümummilli müqavimət hərəkatının əsasını qoymalıyıq”, deyə İşxan Saqatelyan bildirib.
Daşnaqsütyun nümayəndəsi ölkəsinin məhv olma təhlükəsi qarşısında qaldığını və bunun qarşısının alınması üçün müqavimət yaratmalı olduqlarını bəyan edib.
“Biz dövlətimizin məhvinin qarşısını almaq üçün bütün sahələrdə böyüklü-kiçikli müqavimət yaratmalıyıq”, deyə İşxan Saqatelyan vurğulayıb.