"Zəngəzur dəhlizi regionda kommunikasiyaların açılması, regionun sosial-iqtisadi inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Bu regiona sülh, Ermənistanla Azərbaycan arasında əlaqələrin normallaşması, Azərbaycanın Naxçıvan və Türkiyə ilə quru yolun və nəqliyyat-kommunikasiyaların bərpası və regionu əhatə edən bütün dövlətlər arasında iqtisadi-ticari əlaqələr deməkdir". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Vüqar Əhmədov deyib.O, qeyd edib ki, Zəngəzur dəhlizi tək Azərbaycanın Türkiyə ilə əlaqələri demək deyil. Bu dəhlizdən region dövlətləri, İran, Ermənistan və Rusiya da faydalana biləcək. Ümumiyyətlə Azərbaycanın bu koridor ilə bağlı göstərdiyi təşəbbüs regionda ümumi plan olan sülhə nail olmaq, kommunikasiyaların bərpası və iqtisadi əməkdaşlığa xidmət edən planın bir tərkib hissəsidir.Vüqar Əhmədov bu barədə fikrini belə izah edib: "Bu gələcəkdə Ermənistanla Azərbaycan arasında əlaqələrin normallaşması baxımından müsbət təsir göstərəcək. Azərbaycanın da bu məsələdə əldə edəcəyi ən böyük nailiyyət, nəhayət, Naxçıvanın blokada vəziyyətindən çıxmasıdır. Əgər ermənilər Qarabağda blokadada qalmaq istəmirlərsə, Naxçıvana quru sərhədin açılması üçün şərait yaratmalıdırlar. Hələ ki, ən çox güzəştə gedən tərəf Azərbaycandır, Ermənistan isə təəssüf ki, hələ də özünü naza qoyaraq üçtərəfli sazişdə nəzərdə tutulan öhdəliklərdən yayınmağa çalışır, lakin gec-tez bu məsələ ilə bağlı real addım atmalı olacaq. Nə qədər tez addım atarsa, bu ümumi regionun və Ermənistanın da öz xeyrinə ola bilər".
Müəllif: Turqay Musayev