"Şuşanın yenidən qurulması, bərpa olunması, açılışların edilməsi yeni özüllərin atılması təbii ki, sevindirici bir haldır". Bu sözləri SİA-ya açıqlamasında deputat Razi Nurullayev bildirib.Onun sözlərinə görə, Azərbaycan Qarabağı bərpa edir və Şuşa hündürdə bir qartal kimi dayanaraq öz işıqları ilə ermənilərə dərs vermiş oldu: "Təbii ki, ermənilərə Şuşada baş verənləri, Prezident İlham Əliyevin səfərlərini, yeni-yeni açılışları, yeni özüllərin qoyulmasını görmək çox narahat edir. Bu həm də düşündürücü bir məqamdır. Ona görə ki, Qarabağda ermənilər üçün yol yoxdur, əgər burada yaşamaq istəyirlərsə mütləq şəkildə Azərbaycanın şərtlərini qəbul etməlidirlər. Mənə elə gəlir ki, Qarabağ inkişaf etdikcə, böyük sərmayələr qoyulub cənnətə dönüşdükcə düşmənlər baxıb həsəd aparacaqlar. Çünki bu tərəfdə iş, bu tərəfdə gözəl həyat, cənnət, o tərəfdə isə rəzalət, fəlakət və məşəqqət hökm sürəcək. Bu müqayisə yaranandan sonra onların əgər ağılları başlarında olarsa o zaman fikirləri dəyişəcək. Amma ümumilikdə isə mənə elə gəlir ki, yaxın zamanlarda Qarabağda yaşayan ermənilərin taleyi ilə bağlı qərar qəbul olunmalıdı. Çünki biz sonsuza qədər onların yola gəlməyini gözləyə bilmərik. Artıq Azərbaycan 10 noyabr sazişində nəzərdə tutulan bütün müddəaların yerinə yetirilməsini tələb etməlidir. Bu bizim ən əsas işimiz olmalıdır. Ən asan işlərdən biri də Qarabağda olan erməni birləşmələrini ordan uzaqlaşdırmaqdır".
Müəllif: Abutel İlhamqızı