Siyasət

  • 1 781

Kremlin məqsədi nədir? SİYASİ RAKURS + AKTUAL

image

Yaxud, oyuncaq İrəvan Bakıya “təzyiq” vasitəsi ola bilərmi?

Son vaxtlar, xüsusilə növbəti üçtərəfli görüşün baş tutması ətrafında aparılan müzakirələr ərəfəsində Ermənistanın yenidən yaxasını kənara çəkməsi bir daha bəzi detallar ətrafında düşünməyə vadar etdi. Fakt budur ki, 2020-ci ilin noyabrında Azərbaycan Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat imzalandı və bu bəyanat bilavasitə İrəvanın Bakı qarşısındakı kapitulyasiyasının məntiqi sonluğu olaraq tarixə yazıldı. Həmçinin, üçtərəfli görüşün bəlli müddəaları, bəndləri ictimaiyyətin diqqətinə çatdırıldı, prosesin başlanıldığı barədə bəyanatlar səsləndirildi. Qanunsuz erməni silahlılarının Qarabağ regionundan çıxarılmasından tutmuş kommunikasiyaların və nəqliyyat dəhlizlərinin blokadadan çıxarılmasına qədər bütün məsələlər razılaşdırıldı, eləcə də növbəti vaxtlarda da bu kimi görüşlərin istər işçi qrupları səviyyəsində, istərsə də bilavasitə ölkə rəhbərlərinin iştirakları ilə keçirilməsi barədə müəyyən razılıqlar əldə olundu.

Bu qüvvənin Kreml olması istisna edilməməlidir

Bütün bunlardan sonra İrəvanın, yumşaq desək, cığallıqlarından əl çəkməməsi, məğlubiyyəti ilə barışmaması, zaman-zaman revanşçılıq dili ilə danışmaq cəhdləri isə ilk növbədə daim vədinə, sözünə və imzasına sadiq qalan Bakının səbrini tükəndirməyə başladıb. Qarabağda və Ermənistanla sərhəd zolaqlarında törədilən təxribatlar isə səbrin tükənməsinə olan bariz sübutdur. Əbəs deyil ki, Prezident İlham Əliyev bütün çıxışlarında “Dəmir yumruğun” yerinə olduğunu xatırladır və əgər həmin xatırlatma varsa, demək ki, hər an, hər şey dəyişə bilər. Ancaq rəsmi Bakı hələ ki, xəbərdarlıq bəyanatları ilə kifayətlənir, mövcud vəziyyətin nəzarətdən çıxmaması istiqamətində maksimum hövsələ, səbr, təmkin nümayiş etdirir.

Fəqət təəssüf ki, İrəvan Bakı tərəfindən ona yaradılan çoxsaylı jestlərdən nəticə çıxarmır və digər yandan Ermənistan rəhbərliyinin yaxasını kənara çəkməsi arxasında müəyyən güclərin dayanması ehtimalları artmağa başlayır. Bu qüvvənin isə Kreml olması istisna edilməməlidir.

Bakı RSK-nın mandatını əvvəldən təsdiq etməyibsə…

Artan ehtimallar isə budur ki, son günlər baş verən erməni təxribatları (Şuşada Rusiya sülhməramlıları kontingentinə (RSK) “su çəkən fəhlələrin” təxribat planlarının qarşısının alınması, Kəlbəcərdə fəaliyyət göstərən mühəndislərə və texnikalara atəşin açılması, Qaragöl gölündəki son olay və s.-R.R.) Kremlin göstərişləri sayəsində baş verir. Misal üçün, haqlı olaraq RSK-nin mandatını təsdiq etməyən Azərbaycana qarşı oyuncaq İrəvan “təzyiq” vasitəsi qismində yenidən ortaya atılır. Bakı RSK-nın mandatını əvvəldən təsdiq etməyibsə, bu prosesin sonrakı müddətlərdə də davam edəcəyini bəri başdan proqnozlaşdırmaq mümkündür. Prezident İlham Əliyevin qətiyyətli diplomatiyası və siyasi iradəsi heç vaxt imkan verə bilməz ki, başqa ölkəyə məxsus silahlı qüvvələr (hətta sülhməramlılıq missiyası olsa belə - R.R.) ölkəmizin ərazisindəki fəaliyyətini rəsmiləşdirsin. Əbəs deyil ki, noyabr bəyanatında buna aid bənd mövcuddur və Azərbaycan RSK-nın fəaliyyətinə xitam verməsi üçün altı ay əvvəldən bu barədə qarşı tərəfi məlumatlandırmalıdır.

Biz onu da unutmamalıyıq ki, zamanında Qəbələdəki Rusiyaya məxsus RLS-nin də fəaliyyətinə xitam verən məhz Bakı olmuşdu və bunu təkbaşına həyata keçirmişdi. Yəni həmin proses istənilən zaman təkrarlana bilər. Təbii ki, Moskva da bunu yaxşı bilir və Bakının tək olmadığını çox yaxşı anlayır.

Bakı ilə Ankaranın Şuşa Bəyannaməsini imzalaması Moskvanı qıcıqlandırır

Bu gün isə Bakının yanında Ankara kimi regional güc faktoru, strateji və hərbi müttəfiqi dayanıb. Qarabağ kimi müharibədən çıxmış həssas bölgədə Bakı ilə Ankaranın Şuşa Bəyannaməsini imzalaması isə söz yox ki, Moskvanı qıcıqlandırır və bunun belə olacağını həm Bakı, həm də Ankara çox gözəl bilirdi. Ancaq siyasi iradə və qətiyyətli qərarların verilməsi istənilən hədləri aşmağa kifayət qədər şərait yaradır – İkinci Qarabağ müharibəsinin başlanması və qələbə ilə bitməsi buna birmənalı sübutdur. O cümlədən, Moskvanın öz maraqlarını təmin etməsi üçün hansı siyasi gedişlər edəcəyi şahmat oyununda olduğu kimi, bir neçə gedişdən əvvəlki mümkün ehtimallarla təxmin edilir.

Bəli, bu gün bir çoxları haqlı olaraq düşünürlər ki, sarsıdıcı və rüsvayçı məğlubiyyətə uğramış ölkə heç vaxt qalibin qarşısında şərtlər irəli sürə bilməz. Kreml isə əvvəlki Qarabağ problemi ilə Azərbaycanı təsiri altında saxlamağa çalışırdı. Bu baxımdan, Bakının qətiyyətli mövqeyi və birbaşa Ərdoğanın siyasi dəstəyi, eləcə də Azərbaycan-Türkiyə birliyi bu stereotipləri kökündən məhv etdi.

Gorus-Qafan yolundakı proses Laçın dəhlizində də reallaşdırıla bilər

İndi Kreml digər yollarla yenidən nəzarəti ələ keçirməyə çalışır. Bu proseslər isə onu göstərir ki, əgər imzalanan üçtərəfli bəyanatdakı bəndlər icra olunmazsa, Azərbaycan öz hüququndan istifadə edib Laçın dəhlizinin statusunun ləğv edib orada da sərhəd və gömrük blokpostları quracaq, necə ki, Gorus-Qafan yolunda həmin prosesin başlanılması istiqamətində rəsmi qərar verildi.

Daha bir məsələ ondadır ki, rəsmi Bakı Kremlin verdiyi sözünə 100% əməl edəcəyinə inanmamasında haqlı nəticə çıxarıb. Yuxarıda mandatın rəsmiləşdirilməməsi haqqında edilən qeydlərin də məhz bu amilə söykəndiyini bir daha xatırlatmaq yerinə düşərdi. Nə qədər ki, qanunsuz erməni silahlıları Qarabağda qalmaqda davam edirlərsə, nə qədər ki, Laçın dəhlizi vasitəsi ilə RSK-nın nəzarəti altındakı bölgələrə Ermənistanın güc nazirləri, rəsmi şəxsləri səfərlər edirlərsə, nə qədər ki, həmin yerlərdə hərbi səfərbərliklər həyata keçirilirsə, “təmas xətləri” haqqında bəhs edilirsə, Bakı son ana qədər dirənişini göstərəcək – ta o zamana qədər ki, bütün bəndlərə riayət olunsun. Əks halda nəyin-necə olacağını, hətta siyasəti dərindən bilməyənlər də çox gözəl təsəvvür edə bilərlər.

Rövşən RƏSULOV

P.S. Əgər zirzəmi siçovulu Araik Arutyunyan Moskvada səfərinin ardınca "Artsaxın müdafiə ordusu təmas xəttində bir çox uğurlu işlər görür" ifadəsini səsləndirirsə, onun bu ifadəsinin də məhz Kremlin sözü olduğunu unutmamalıyıq. Bu zaman haqlı sual meydana çıxır: üçtərəfli bəyanatın bəndlərinə əməl olunmursa, biz niyə həmin bəndlərə əməl etməliyik? Niyə hər şey bir tərəfli olmalıdır? Məgər Bakının bir ildə göstərdiyi jestləri qarşı tərəfə bəs etmirmi?

Digər xəbərlər