“Azərbaycan Respublikası öz müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktını qəbul edib və bu Konstitusiya aktında qəbul edilmiş prinsiplər əsasında ölkəmizdə yeni Konstitusiyanın yaranmasına ehtiyac vardı. Bunu Azərbaycan Respublikasının vətəndaşları tələb edirdi. Bu sosial bir sifariş və cəmiyyətin tələbi olmaqla bərabər, həm də hüquqi əsasların və hüquqi bazanın yaradılması istiqamətində ciddi addımların atılması istəyindən irəli gəlirdi. Bütün bunları görən Ulu Öndər Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının yaranması ilə bağlı yeni komissiyanın tərkibi elan olundu”. Bu fikirləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.O söyləyib ki, yaradılan komissiyanın sədri də Ulu Öndər Heydər Əliyev özü oldu: “Beləliklə, müstəqil Azərbaycanın müstəqil Konstitusiyasının layihəsi iyul ayında cəmiyyətə təqdim edildi və yeni bir referendumun keçirilməsi istiqamətində addımların atılmasına başlandı. 1995-ci 12 noyabrda ümumxalq referendumu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Bu Konstitusiya 5 bölmədən 12 fəsildən və 158 maddədən ibarət olmaqla bütün Azərbaycan vətəndaşlarının hüquqi, sosial, iqtisadi təminatçısı olan hüquqi bir sənədə çevrildi. Elə həmin ilin noyabr ayının 27-də Konstitusiya artıq qüvvəyə mindi. Konstitusiya hüquqi cəmiyyətin iradəsinin sanksiyalaşdırılmış formasıdır. Hesab edirəm ki, hər bir müstəqil dövlətin müstəqil Konstitusiyası olmalıdır. Uzun müddət Konstitusiya əsasında Azərbaycan Respublikasının fəaliyyəti və inkişafı nəticəsində artıq yeni zamanın yeni tələbləri gündəmə gəlirdi. Buna görə də Konstitusiyaya müəyyən əlavə və dəyişikliklər edilməsi gündəmə gəlirdi. Artıq Konstitusiyanın qəbul edilməsindən 7 il sonra 2002-ci ildə cəmiyyətin sosial sifarişindən və ictimai münasibətlər sisteminin xarakterindən irəli gələn tələblərə uyğun olaraq Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi zərurəti yarandı. Azərbaycan Respublikası Konstitusiyasına ilk dəyişiklik 24 avqust 2002-ci ildə yenə referendum yolu ilə keçirilmiş oldu. Bir daha qeyd etmək istəyirəm ki, Konstitusiyanın özünün yaranması tarixi zərurətdən, ictimai tələbat və zərurətdən irəli gəlirdisə, Konstitusiyaya dəyişiklik isə cəmiyyətin sosial sahəsinin və ictimai münasibətlərin zamana görə dəyişikliklər edilməsindən irəli gələn bir hal idi. 2002-ci ildə Konstitusiyamıza edilmiş dəyişikliklərdə bir neçə məqamı qeyd etmək istəyirəm. Burada seçki sisteminin dəyişdirilməsi, yəni, proporsional və mojaritar seçki sisteminin ləğvi artıq Konstitusiya ilə öz həllini tapdı və eyni zamanda prezident seçkilərində 50+1 faiz halının qəbul edilməsi və prezident səlahiyyətlərini fövqalədə hallarda baş nazirə keçirilməsindən irəli gələn dəyişikliklər idi. Burada insan hüquq və azadlıqlarının təminatı ilə bağlı da bir sıra dəyişikliklər edilmiş oldu. 2009-cu ilə qədər bu dəyişikliklər tətbiq edildi, lakin təbii və məntiqə uyğun ölkəmizdə həyata keçirilən hərtərəfli islahatlar və onların mahiyyətindən irəli gələn tələblər Konstitusiyaya yeni dəyişikliklər edilməsinin vaxtının çatdığını ortaya qoymuş oldu”.Ç.Qənizadə vurğulayıb ki, ölkədə gedən sosial-iqtisadi, siyasi-hüquqi, mədəni inkişaf ələ bir mərhələdə idi ki, mütləq Konstitusiyada yeni dəyişikliklərin olmasını tələb edirdi: “Bu dəyişikliklərdə yenə bir sıra maddələrdə tələblərdən irəli gələn dəyişikliklər edilməsi ilə bərabər, həm də insan hüquq və azadlıqlarının daha möhkəm təminatı ilə bağlı bir çox maddələr 2009-cu il 18 mart tarixində Konstitusiyamıza edilmiş əlavələrin ikinci hissəsində öz həllini tapdı. Nəhayət 2016-cı il sentyabr ayının 26-da Azərbaycan Respublikası Konstitusiyasına yeni əlavə və dəyişikliklər edilməsi zəruriliyi yarandı. Ümumilikdə 42 maddədə 29-dan çox dəyişikliyin edilməsi nəzərdə tutulurdu. Bu dəyişikliklərdə də yenə insan hüquq və azadlıqlarının təminatı sahəsində, vətəndaşlara seçki sistemində müəyyən üstünlüklərin verilməsi istiqamətində və digər sahələrdə dəyişikliklərin edilməsi nəzərdə tutulurdu. Və bununla da Konstitusiyamız yeni formada təsbit edilmiş oldu. Konstitusiyamız Azərbaycan vətəndaşlarına bir sıra üstünlüklər verir. Ona şəxsi toxunulmazlığı, ona azadlığının bütün prinsiplərini, seçmək və seçilmək hüququ verir. Konstitusiya qanunu hər bir dövlətin ana qanunudur. Bu baxımdan Azərbaycan vətəndaşı öz ölkəsində sərbəst hərəkət edərkən onun hüquq və azadlıqlarını, iqtisadi-sosial maraqlarına qoruya biləcək çox güclü bir qanun sənədinin - Konstitusiyasının olduğunu dərk edir. Dövlət tərəfindən onun hüquq və azadlıqlarının qorunduğunu hiss edir”.
Müəllif: Aysel Məmmədova