Prezident İlham Əliyev: "Şuşa məscidində azan səsi, Cıdır düzündə muğam səsi, Vaqifin məqbərəsi önündə şeirlər səslənir"
Humanist dəyərləri, sülhsevər siyasəti, dinamik inkişafı, eləcə də ən çox islahatlar aparan ölkə kimi dünya miqyasında tanınan Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı Zəfərlə bir daha dünyaya öz gücünü, qüdrətini göstərdi. Haqq və ədalət uğrunda savaşmağı bacaran bir xalq olduğumuzu dünya görmüş oldu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin cəbhəboyu törətdiyi irimiqyaslı təxribatlara cavab olaraq 44 gün davam edən Vətən müharibəsində 30 ilə yaxın davam edən işğala son qoyuldu. Bu müharibənin gedişi əlbəttə ki, bütün dünyanın diqqətində idi və dünya ölkələrinin KİV nümayəndələrinə Cənab İlham Əliyevin verdiyi müsahibələrdə bu özünü aydın şəkildə göstərirdi. Dövlət başçısının böyük Sərkərdəliyi hər gün bizi qələbəyə yaxınlaşdırdı. Qısa bir tarixdə Azərbaycan Zəfər tarixini yazdı. Vətən müharibəsi bütün dünyaya Azərbaycan xalqının böyük xalq olduğunu göstərdi. 8 Noyabr Zəfər Gününü öz doğma yurdumuzda, əzəli torpağımızda Şuşada, Cıdır düzündə qeyd edən Azərbaycan bir daha dünyaya səs saldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxış edərkən bildirdiyi kimi, "Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi. Biz düşməni doğma torpaqlarımızdan qovaraq tarixi missiyamızı yerinə yetirdik. 44 gün ərzində Azərbaycan Ermənistanın 30 il ərzində qurduğu bütün istehkamlarını, bütün döyüş mövqelərini məhv edərək, Ermənistan ordusunu məhv edərək tarixi Zəfər çaldı. Bu şanlı bayramı xalqımıza siz və sizin kimi on minlərlə hərbçimiz bəxş etmişdir".Artıq müharibənin bitməsindən bir il ötür. İşğaldan azad olunan ərazilərdə genişmiqyaslı abadlıq quruculuq işlərinə başlanılıb. Sürətlə həyata keçirilən layihələr əsasında artıq müəyyən qədər işlər görülmüşdür. Füzuli Beynəlxalq hava limanın açılışı, yol infrastrukturu, yeni yaşayış evlərinin tikilməsi və s. onu deməyə əsas verir ki, tezliklə keçmiş köçkünlərimiz öz doğma yurdlarına qayıdacaqlar.Artıq Şuşadan dünyaya bir sıra mesajlar verilib. Bu il may ayında Cıdır düzündə "Xarıbülbül" festivalı keçirildi və Azərbaycan muğamı dünyaya səs saldı. Uzun fasilədən sonra bu il ilk dəfə olaraq "Xarıbülbül" musiqi festivalı keçirildi. Bu festival şəhidlərimizin əziz xatirəsinə həsr olundu. "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırılan Şuşadan xalq ruhunu əks etdirən musiqi sədaları eşidildi. Daha sonra Vaqif Poeziya Günləri keçirildi. "Şuşa məscidində azan səsi, Cıdır düzündə muğam səsi, Vaqifin məqbərəsi önündə şeirlər səslənir. Bax, budur reallıq. Bunu biz əldə etmişik", - deyə Azərbaycan Prezidenti bildirib.Əlbəttə ki, Şuşada reallaşan layihələr tezliklə buranın dünyanı heyrətləndirəcək bir məkana çevriləcəyindən xəbər verir. Şuşa yeni bir qaynar dövrünü yaşayır. Azərbaycan Prezidenti İlham Əliyevin "Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında", "Şuşa şəhərində yeni ümumtəhsil məktəbinin tikintisi ilə bağlı tədbirlər haqqında", "Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında" sərəncamları artıq Şuşada yeni bir həyatın başlanmasından xəbər verir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın noyabrın 7-də Şuşa şəhərinə səfəri zamanı Füzuli rayonunda dövlət başçısının Zəfər yolunun açılışı etməsi reallaşan layihələrin göstəricisidir. Bu Zəfər yolunun tikintisinin qısa vaxtda həyata keçirilməsi Azərbaycan xalqının qazandığı parlaq Qələbənin simvoludur. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən Zəfər yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir. Əlbəttə ki, doğma yurdlarına qayıdacaq insanların rahatlığının təmin olunmasına, onlar üçün yüksək səviyyəli həyat və yaşayış standartının yaradılmasına xidmət edəcək.
ŞUŞA VƏ ƏTRAF ƏRAZİLƏR KEYFİYYƏTLİ RADİO-TELEVİZİYA YAYIMLARI İLƏ TƏMİN EDİLƏCƏK
Dövlət başçısının Zəfər Günü ərəfəsində Şuşada Daşaltı məscidinin təməlini qoyması dünyaya növbəti mesaj oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın noyabrın 7-də Şuşa Radio-Televiziya Yayım Stansiyasının təməlini qoymaları daha bir layihənin reallaşacağını özündə ehtiva edir. Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşadan eşidilən səslər dünyanı bürüyəcək. Dövlət başçısının bu günlərdə imzaladığı "Şuşa Radio-Televiziya Yayım Stansiyasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncamına əsasən, 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ilkin olaraq 200,0 (iki yüz) min manat ayrılıb. Bu, artıq o deməkdir ki, Şuşa yenidən qurulur və dirçəlir. Xatırladaq ki, Şuşa Radio-Televiziya Yayım Stansiyası 1966-cı ildə inşa edilib. Sovet dönəmində radio-televiziya proqramları bu stansiya vasitəsilə Qarabağa və Naxçıvan Muxtar Respublikasına ötürülürdü. Şuşa işğal olunana qədər teleradio proqramlarının bu bölgələrə ötürülməsinə ermənilər hər vasitə ilə mane olurdular. 1992-ci ildə Şuşa işğal olunduğu zaman stansiyanın fəaliyyəti nəzarətdən çıxmışdı. İnşa olunacaq yeni qüllə dayanıqlı və keyfiyyətli radio-televiziya yayımının təmin edilməsinə imkan verəcək. Şuşa və ətraf ərazilər keyfiyyətli radio-televiziya yayımları ilə təmin olunacaq.
DÖVLƏT BAŞÇISININ SƏRƏNCAMI İLƏ ŞUŞA RAYON MƏRKƏZİ XƏSTƏXANASININ TİKİNTİSİNƏ 500,0 (BEŞ YÜZ) MİN MANAT AYRILIB
Əhalinin sağlamlığı daim dövlətimizin başçısının diqqət mərkəzindədir. Bu baxımdan işğaldan azad edilən ərazilərdə də tibb və səhiyyə xidmətlərinin təşkili və həyata keçirilməsi üçün qısa bir müddətdə genişmiqyaslı işlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva Şuşa Rayon Mərkəzi Xəstəxanası təməlqoyma mərasimində iştirak ediblər. Ən müasir tibbi avadanlıqla təchiz ediləcək xəstəxanada burada yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunmasında mühüm rol oynayacaq. Prezident İlham Əliyevin birbaşa göstərişi və rəhbərliyi ilə icra olunan infrastruktur layihələrindən biri olan Şuşa Rayon Mərkəzi Xəstəxanası görülən işlərin davamıdır. Dövlət başçısının "Şuşa Rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncamı ilə Şuşa rayonunda 90 çarpayılıq mərkəzi xəstəxananın layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılıb.Bu gün işğaldan azad olunmuş ərazilərimizdə üçrəngli Azərbaycan bayrağı dalğalanır və Zəfər tarixininə imza atmış Azərbaycan ərazilərdə böyük quruculuq-abadlıq işlərini uğurla davam etdirir.
Zümrüd BAYRAMOVA