“ABŞ-ın təşkil etdiyi “demokratiya sammiti” bir qayda olaraq bu dövlətin maraqları kontekstində izah olunan hadisədir. Xatırlayırsınızsa, Co Bayden prezident seçildikdən sonra etdiyi çıxışların birində qeyd etmişdi ki, Amerika dünyaya qayıdır. Yəni, ABŞ yenidən dünyaya demokratiya “ixrac” etməklə dünyada baş verənlərə təsir etməyə çalışacaq. Bu fikri səsləndirmək zərurəti isə ondan irəli gəlirdi ki, keçmiş Prezident Donald Tramp artıq Amerikanın ayrı-ayrı ölkələrdə demokratik seçkilər vasitəsilə formalaşan hakimiyyətləri devirmək ənənəsinə son qoyacağını bildirmişdi. Eyni zamanda qeyd etmişdi ki, İŞİD-i Klintonla Obama yaradıb”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.Deputatın sözlərinə görə, əlavə heç bir müdaxilə etmədən iki ABŞ prezidentinin bu fikirlərini analiz etsək görəcəyik ki, ABŞ demokratiyadan başqa dövlətlərə təzyiq etmək və onları yönləndirmək üçün bir alət kimi istifadə edir: “Yəni, ABŞ-ın “ixrac demokratiyası” ilə həqiqi demokratiyanın heç bir əlaqəsi yoxdur. Ona görə də “demokratiya sammiti” həm də məhz bu məqsədə xidmət edən tədbir kimi qiymətləndirilməlidir. Hələ U.Çörçill deyirdi ki, demokratiya bizim uzaqvuran silahımızdır. Biz Avropadan kənarda istənilən hədəfi onunla dəqiq vura bilərik. Beynəlxalq münasibətlərin hazırki mərhələsi onu deməyə əsas verir ki, bu doğurdan da belədir. Qərb İmperializmi İraqı, Liviyanı, Suriyanı, Yəməni, Yaxın Şərqin digər müsəlman ölkələrini məhz bu “demokratiya silahı” ilə dağıtdı. İndi isə bölüb parçaladığı, 1 milyondan artıq vərəndaşını öldürdüyü İraqı demokratiya sammitinə dəvət edir. Bu istehza və ironiyadır. Eyni zamanda terrorist dövlət olan və 30 il müddətində Azərbaycan xalqına qarşı dövlət səviyyəsində hər cür terror həyata keçirən, hələ dünənə qədər işğalçı olan Ermənistanı demokratiya sammitinə dəvət edir. Sırf Ermənistanın dəvət edilməsi kontekstində bu sammit demokratiya sammiti yox bölücülüyün, etnik separatizmin və terrorun təşviq edilməsi sammiti kimi xarakterizə oluna bilər”.H.Babaoğlu vurğulayıb ki, qlobal imperializmin “cib demokratları”na gəldikdə isə onların vəzifəsi informasiya müstəvisində mənsub olduqları xalqı və dövləti terrora məruz qoymaqla demokratiyanı sifariş aldıqları imperialist mərkəzlər üçün daha effektiv silaha çevirməkdir. Ona görə də informasiya terroru ilə məşğul olan “cib demokratları” sosial şəbəkə və internet resursları üzərindən bu hadisəni uzun müddət Azərbaycana qarşı manipulyasiya edəcəklər. Axı Azərbaycan qlobal imperializmə, onun ikili standartlar siyasətinə baş əyməyərək öz ərazi bütövlüyünü bərpa edi, qlobal imperializmin iradəsindən kənara çıxıb. Ona görə də o “demokrat” ola bilməz. Bax, məsələ bu qədər sadə, “demokratiya sammtiləri” isə bu qədər primitivdir. Dünya isə 5-dən böyükdür. Ona görə də bu həqiqəti ifadə edən, qardaş Türkiyə də, dəvət ala bilməyib. Çünki qardaş ölkə müstəqil siyasət həyata keçirir, imperializmin Yaxın Şərqi dövlətsizləşdirmək, terrorlaşdırmaq planına mane olur”.
Müəllif: Aysel Məmmədova