PDF Oxu

Siyasət

  • 2 689

"Radikal müxalifət ilk növbədə anlamalıdır ki,..." - POLİTOLOQ ŞƏRH ETD

"Radikal müxalifət ilk növbədə anlamalıdır ki,..." - POLİTOLOQ ŞƏRH ETD

“Ümummilli maraqların tələb etdiyi siyasi birlikdən imtina edən qüvvələr bununla əslində milli maraqlara xidmət etməkdən boyun qaçırırlar”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, Vətən müharibəsində erməni faşizmi üzərində qələbəmizin bir ili artıq geridə qalıb: "Heç şübhəsiz ki, bu qələbənin əldə edilməsində Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun gücü ilə yanaşı xalqımızın milli birliyi və həmrəyliyi də mühüm rol oynadı. Təsadüfi deyildi ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər, bir yumruq kimi milli birlik nümayiş etdirdilər.
Bu birlik və həmrəylik siyasi sferada da özünü qabarıq şəkildə göstərmiş oldu. Son iki ilə yaxın vaxt ərzində aparılan genişmiqyaslı islahatlar çərçivəsində formalaşmış olan yeni siyasi münasibətlər bu birliyin əldə edilməsində xüsusi rol oynadı. Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq vətənin ümumi maraqları, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır.

Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, ümummilli maraqların tələb etdiyi siyasi birlikdən imtina edən müəyyən qüvvələr də var. Radikal müxalifət adlanan bu kəsim milli birlik kontekstində ümummilli dialoqun vacibliyini dərk etmək istəməyərək onlara uzanan əli tutmaqdan imtina edir və bununla da əslində milli maraqlara xidmət etməkdən boyun qaçırırlar. Bu qüvvələr cənab Prezidentin də dediyi kimi hətta Vətən savaşı dövründə belə düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya aparıb. Ordumuzu ləkələmək istiqamətində növbəti təxribat xarakterli addımlar atdılar. Düzdür, bu radikal qurumların siyasi dialoqda iştirak etməmələri cəmiyyət həyatı üçün elə də önəmli deyil. Ancaq bununla belə hakimiyyətin belə bir dialoq çağırışında olmasının özü çox müsbət tendensiyadır. Çünki Azərbaycanda hakimiyyət və müxalifət partiyalarının bir sıra milli məsələlərdə daim dialoqda olmaları, vahid platformadan çıxış etmələri ölkəmizin siyasi nüfuzunun daha da yüksəlməsi və siyasi sabitliyin qorunması üçün vacib məsələlərdən biridir.

Çox təəssüf ki, "Milli Şura" adlandırılan radikal qruplaşma, AXCP, Müsavat, HƏP, VİP kimi partiyalar və onlarla koordinasiyalı şəkildə fəaliyyət göstərən və sosial şəbəkələrdən Azərbaycan xalqının maraqlarına zərbə vurmağa çalışan ayrı-ayrı sosial şəbəkə iştirakçılarının fəaliyyəti heç bir halda Azərbaycanın maraqlarına uyğun deyil və bu, siyasi mədəniyyətimizə və siyasi sistemimizə qeyri-əxlaqi və dağıdıcı tendensiyalar gətirir, Azərbaycan xalqının ümumi siyasi mədəniyyətinə və birliyinə zərbə vurur. Belə ki, illər boyu “hakimiyyət işğal olunmuş əraziləri azad etmək iqtidarında deyil” tezisini gündəmdə saxlamağa çalışan radikal qüvvələr 44 günlük müharibədən sonra da bu həssas mövzunu istismar etməyə cəhd göstərirlər. Radikal müxalifət hələ də 44 günlük müharibədən sonra yaranmış reallığı dərk etmir və bu yanaşmada erməni revanşistlərindən fərqlənməyərək Qarabağ kimi həssas mövzudan istifadə edərək gündəmdə qalmağa cəhd edirlər. Lakin anlamırlar ki, rasional düşüncəli və kreativ yanaşma tətbiq edən institut kimi çıxış edə bilmədiklri üçün, ancaq korporativ maraqlar ətrafında birləşdikləri üçün siyasi dərnək təsiri bağışlayır və hər keçən gün daha da zəifləyirlər. Onların inkişaf etmiş demokratik cəmiyyətlərin müxalifət institutları kimi müasir siyasi metodlara, sivil mübarizə taktikasına istinad etməməsi və bütün fəaliyyətinin əsasında milli maraqların deyil, qrup mənafeyinin durması radikal müxalifətin konseptual olaraq, demokratik dəyərlərin və ideyaların daşayıcısı olmadığını isbatlayır.

Bu şəkildə fəaliyyət isə radikal müxalifətin Azərbaycan dövlətinin inkişafına töhfə vermək üçün səmərəli strategiyaya və digər resurslara malik olmamasından irəli gəlir. Radikallar yalnız xarici qüvvələrin siyasi-maddi dəstəyilə ölkədə ictimai-siyasi sabitliyi pozmağı özünün missiyası hesab edir. Radikal müxalifət ilk növbədə anlamalıdır ki, onların xarici anti-Azərbaycan qüvvələrindən dəstək və etimad gözləmələri onların məğlubiyyətini şərtləndirir. Belə ki, həmin anti-Azərbaycan dairələrini düşündürən əsas məsələ yalnız onların siyasi-maddi dəstəyini alan radikal müxalifəti hansı formada Azərbaycan hakimiyyətinə və dövlətçiliyə qarşı qoymaqdan ibarətdir.

Bu gün tam məsuliyyəti ilə demək olar ki, Vətən müharibəsindəki qələbədən, torpaqlarımızın işğaldan azad olunmasından, ölkəmizin günü-gündən güclənməsindən və qüdrətli dövlətə çevrilməsindən narahatlıq duyan tərəflərdən biri Ermənistan və onların havadarları olan bəzi dövlətlərdisə digəri də radikal müxalifətdir. Çünki yuxarıda da qeyd etdiyim kimi bu qrupların maraqları Azərbaycan dövlətçiliyinin inkişafına deyil, yalnız və yalnız şəxsi mənafelərdən ibarətdir. Şəxsi mənafelərinə çatmaq üçün isə istənilən vasitədən istifadəni özləri üçün məqbul hesab edir və hətta anti-Azərbaycan layihələrində yer almaqdan belə çəkinmirlər.

Bunun sübut etmək üçün çox uzağa getməyə ehtiyac yoxdur, elə 2013-cü il Prezident seçkiləri ərəfəsində Rusiyadan idarə olunan və həmin ölkənin vətəndaşlığını daşıyan birinin prezidentliyə namizəd kimi göstərilməsi kifayətdir ki, Milli Şuranın əslində anti milli bir qurum olduğunu deyək. İctimai rəy, hüquqi baryerlər bu layihənin başındakı adamın - İbrahimbəyovun Azərbaycanda siyasi blok lideri olmasına imkan vermədiyindən həmin qurum Əli Kərimlinin nəzarətinə keçdi və AXCP-nin bir şöbəsinə çevirdi. Sonrakı fəaliyyətləri də göz önündədir. Xarici havadarlarının xoşuna gəlmək üçün cinsi azlıqlardan üzr istəyən, Dünya bazarında neftin ucuzlaşmasına sevinən Milli Şura təmsilçiləri bununla da kifayətlənməyərək bir cəbhədə yer aldıqları digər müxalifləri belə hədəf alır və sanki bunlardan başqa müxalifət yoxdur obrazını yaratmağa çalışırlar. Azərbaycanın reallıqlarını təhrif etmək, onun imicinə ləkə yaxmaq, anti-Azərbaycan təbliğatı aparmaq bu qurumun başında duranların sevimli peşəsinə çevrilib desək səhv etmərik.
Azərbaycanın hər hansı bir uğuruna sevinməyən radikal müxalifət təmsilçilərinin fəaliyyətində ən prioritet məsələ ölkəmiz haqqında onun layiq olmadığı təsəvvürləri yaratmaqdan ibarətdir. Bütün bunlar Milli şuranın nə millət, nə də xalq anlayışları ilə hər hansı əlaqəsinin olmadığını bariz şəkildə təsdiq edir.

Bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artması, ictimai-siyasi həyatın bütün sahələrində reallaşdırılan islahatların dərinləşməsi, siyasi partiyalar arasında sivil və etimadlı münasibətlər sisteminin formalaşması prosesinin sürətlənməsi, cəmiyyətdə siyasi rəqiblik anlayışına yeni baxışın ortaya qoyulması, siyasi sistemin təşəkkülü üçün mühüm addımların atılması, ölkəmizdə ilk dəfə olaraq parlament rəhbərliyinin çoxpartiyalılıq prinsipi əsasında müəyyənləşməsi, Vətən savaşındakı uğurlarımız və regionda yaratdığımız yeni reallıqlar marginallaşaraq özlərini cəmiyyətdən təcrid edən radikal müxalifət təmsilçilərini sözül əsl mənasında vahiməyə salır. Ona görə də antimilli ünsürlər bu gün erməni lobbisi ilə sinxron hərəkət edərək, xüsusilə də informasiya müstəvisində təxribatlar törətməyə çalışır, ölkədəki sabitliyin pozulmasının tərəfdarı kimi çıxış edirlər. Amma xalq 90-cı illərdə AXC-Müsavat hakimiyyətinin Azərbaycanı uçurumun kənarına gətirdiyi günləri, bu ünsürlərin xəyanətinə görə torpaqlarımızın 20 faizinin düşmən işğalına məruz qaldığını unutmur. Ona görə də bu antimilli ünsürlərin milli maraqlara yönəlmiş bütün hərəkətləri, sadəcə olaraq, iflasa məhkumdur.

Bütün söylənilən faktlar isbatlayır ki, bu gün radikal müxalifətin təmsilçisi kimi özünü cəmiyyətimizə "lider" tək sırımağa çalışan Əli Kərimli, Əli İnsanov, Əli Əliyev və digərləri heç bir halda xalqı təmsil edə və dövlətçilik maraqlarını qoruya bilməz. Ulu öndərin inkişaf strategiyasını böyük uğurla davam etdirən, ideyalarını yaşadan Prezident İlham Əliyevin ətrafında daha sıx birləşən Azərbaycan xalqı isə möhkəm özüllər üzərində qurulmuş sabitlik şəraitində sürətli inkişaf yolunda yeni böyük müvəffəqiyyətlərə imza ataraq daha da irəliyə gedəcək. Xalq və iqtidar arasında olan sarsılmaz birlik antiazərbaycançı qüvvələrin istəklərinin əksinə olaraq, bundan sonra daha da möhkəmlənəcək".

Abutel İlhamqızı

Digər xəbərlər