Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunub
Məlum olduğu kimi, qardaş Türkiyədə Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının növbəti toplantısı keçirilib və toplantıda iştirak edən ölkə başçılarının qərarı ilə Prezidenti İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilib. Təltiflə bağlı qərarı Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentləri imzalayıblar.
Qeyd edək ki, ölkə başçımız dünyanın bir çox ali mükafatlarına və təltiflərinə layiq görülüb və bu reallıq həm də daha bir gerçəkliyi isbat edir ki, İlham Əliyev faktoru özündə liderliyə xas olan bütün mühüm amilləri əks etdirməkdədir – qətiyyəti, iradəsi, humanizmi, xalqı tərəfindən sevilməsi, dünya birliyi tərəfindən güclü diplomat kimi dəyərləndirilməsi və daimi novatorluğu ilə bəşəriyyətə töhfələrini bəxş etməsi.
İlham Əliyev Türk dünyasında uzaqgörən, məqsədyönlü, prinsipial lider kimi şöhrət qazanıb
Söz yox ki, İlham Əliyev faktoru Böyük Türk dünyasındakı yeri və rolu ilə, eləcə də özəl siyasi keyfiyyətləri ilə seçilməkdədir. Daha dəqiq desək, Azərbaycan Prezidentinin Türk dünyasının ali mükafatı ilə təltif edilməsi Onun böyük şəxsiyyətinə, Türk dünyasında Liderliyinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında olan yüksək nüfuzuna, ən əsası, Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbənin əldə olunmasındakı misilsiz xidmətlərinə verilən layiqli qiymətdir.
Bu gün biz əminliklə vurğulaya bilərik ki, Prezident İlham Əliyev Türk dünyasında uzaqgörən, məqsədyönlü, prinsipial lider kimi şöhrət qazanıb və bu fakt uzun illərə söykənir.
Prezident İlham Əliyev bütün Türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən Lider olaraq tarix yazıb
Xatırlada bilərik ki, 2009-cu ilin oktyabrında türkdilli dövlət başçılarının Naxçıvan Zirvə görüşündə Prezident İlham Əliyev vurğulamışdı: “Vaxtilə Azərbaycanın tarixi torpağı, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır”.
Artıq bu gün Zəngəzur regionunda Azərbaycan bayrağı dalğalanır. Şərqi Zəngəzur iqtisadi zonasının yaradılması da bu reallığın bariz təcəssümüdür. Eləcə də bu gün Zəngəzur dəhlizinin yaradılması təkcə iqtisadi deyil, həm də böyük siyasi əhəmiyyət daşıyan hadisədir. Prezident İlham Əliyev türkdilli dövlətlər arasında coğrafi bağlılığın bərpa edilməsinə, bütün Türk dünyasının birlik arzusunun reallığa çevrilməsinə misilsiz töhfələr verən Lider olaraq tarix yazıb.
Türk Şurasının Naxçıvandan başlanan inkişaf yolu
O da əbəs deyil ki, Türk Şurasının Naxçıvandan başlanan inkişaf yolunda Prezident İlham Əliyev böyük əmək sərf edib və Türk dünyası adından verilən bu ali mükafat bu zəhmətin qiymətləndirilməsi, minnətdarlıq hissinin ifadəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təşkilatın inkişafına, onun sıralarının genişlənməsinə, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə və əlaqələrinin artmasına önəmli töhfələr verib.
Bu xüsusda xatırlatmaq olar ki, Azərbaycan 2019-2021-ci illərdə Türk Şurasına uğurla sədrlik edib, Prezident İlham Əliyev təşkilatın fəaliyyətinin gücləndirilməsinə, türkdilli ölkələr və xalqlar arasında dostluğun, qardaşlığın və əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində ciddi səylər göstərib, Türk Şurasının digər mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı ilə səmərəli əməkdaşlıq münasibətləri davam etdirilib, Ümumdünya Səhiyyə Təşkilatı ilə faydalı əməkdaşlıq çərçivəsi qurulub.
Azərbaycanın Türk Şurasına sədrliyi ölkəmiz üçün olduqca tarixi bir dövrə təsadüf edir - Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq öz ərazi bütövlüyünü bərpa etməsi və bu Zəfəri ilə Türk dünyası üçün əhəmiyyətli yeniliyə imza atıb, birliyin və həmrəyliyin daha da gücləndirilməsində mühüm rol oynayıb.
Zəngəzur dəhlizinin açılması ilə bu bağlılıq daha da artacaq
Belə ki, hazırda regionda həyata keçirilən beynəlxalq və regional layihələr türkdilli dövlətlər arasındakı möhkəm bağlılığa öz yeni töhfələrini verməkdədir. Söz yox ki, yaxın müddətdə Zəngəzur dəhlizinin açılması ilə bu bağlılıq daha da artacaq, Türk dünyasındakı əməkdaşlığa yeni bir nəfəs qatacaq, üzv ölkələr arasında yük və sərnişin daşımalarının həcminə müsbət məcrada təsir edəcək. Eyni zamanda, inteqrasiya prosesləri və mexanizmləri insanlarımız arasında da təmasların intensivləşməsinə səbəb olacaq ki, Türk dünyasının rabitə sıxlığı, qarşılıqlı münasibətlər tendensiyası daha da artırılacaq, dinamikləşəcək.
Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsinə daha bir mühüm səbəb Azərbaycanın Vətən Müharibəsindəki tarixi qələbəsidir
Beləliklə, biz əminliklə onu da vurğulaya bilərik ki, Prezident İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsinə daha bir mühüm səbəb Azərbaycan Respublikasının Vətən Müharibəsindəki tarixi qələbəsidir. Bu qələbənin əldə edilməsi üçün Prezident İlham Əliyevin güclü Azərbaycan dövlətinin yaradılması istiqamətində həyata keçirdiyi siyasətin əhəmiyyəti isə misilsizdir!
Dövlət başçımızın Azərbaycanın milli maraqlarının təmin edilməsi məqsədilə həyata keçirdiyi prinsipial, ardıcıl və qətiyyətli siyasəti dünya miqyasında, türkdilli xalqlar arasında və Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir və məhz Prezident İlham Əliyevin diplomatik səyləri və məharəti nəticəsində Azərbaycanın haqq səsi dünyaya çatdırıldı, erməni yalanları beynəlxalq miqyasda ifşa olundu, dünyanın aparıcı beynəlxalq təşkilatları Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərar və qətnamələr qəbul etdilər, ayrı-ayrı dövlətlər, dünya səviyyəsində tanınmış ictimai-siyasi xadimlər, nüfuzlu şəxsiyyətlər Ermənistanın işğalçılıq siyasətini pislədilər və Azərbaycanın haqq işinə dəstək verdilər.
Azərbaycana qarşı yönəlmiş addımlarını neytrallaşdırdı, Ermənistanın izolyasiyasını, dalan dövlətə çevrilməsini əməli şəkildə təmin etmiş oldu!
Daha bir vacib məqam budur ki, İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanda güclü iqtisadi potensial formalaşdırılıb, güclü, müasir, qarşısında duran istənilən vəzifəni yerinə yetirməyi bacaran ordu yaradılıb və bu ordu mənfur düşməni, Türk dünyasına qarşı çıxış edən xain yağını yerində otuzdurub. Prezident İlham Əliyev Müzəffər Sərkərdə, Ali Baş Komandan kimi həm də diplomatiya elminin dərinliklərinə ən mükəmməl şəkildə sahib olan Liderdir. 44 günlük Vətən Müharibəsində Ermənistanı diz çökməyə, kapitulyasiyaya məcbur edən Lider kimi cənab İlham Əliyev bütün dünyada qalib Sərkərdə olaraq dəyərləndirilməkdədir. Çünki o diplomatiyası ilə yanaşı, həm də informasiya müharibəsində öz sözünü dedi. Vaxtilə diasporları ilə öyünən düşmənə, ona dəstək verən müəyyən Qərb dairələrinə sərrast və dəqiq cavablarını verdi, Azərbaycana qarşı yönəlmiş addımlarını neytrallaşdırdı, Ermənistanın izolyasiyasını, dalan dövlətə çevrilməsini əməli şəkildə təmin etmiş oldu.
Bu baxımdan, Türk dünyasının ali mükafatı ilə təltif edilən Prezident İlham Əliyev cənabları həm Azərbaycan xalqını yumruq kimi vahid ideya, amal ətrafında birləşdirən, xalq-iqtidar birliyinə nail olan, öz xalqının ən böyük arzularını reallığa çevirən mütərəqqi siyasətçi kimi, həm də Türk coğrafiyasının təməllərini möhkəmləndirən mütərəqqi şəxsiyyət olaraq tükənməz dəyər qazanıb.
Rövşən RƏSULOV