"ABŞ prezidenti Co Bayden hələ seçkilərdən öncə bildirmişdi ki, “Demokratiya Sammiti” keçirəcək. Respublikaçılar partiyası Buşun vaxtından bu yana həmişə müharibə yolunu seçib. Demokratlar bu yolla guya dünya demokratiya düzəni qurmaq istəyirlər. Əslində Baydenin bu dəvət siyahısını rəmzi adlandırsaq, heç də demokratik deyil". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
O, qeyd edib ki, burada Macarıstan və Azərbaycanın çağırılmaması Türkiyə ilə bağlıdır. Çünki onlarda Türkiyəyə qarşı qıcıq var. Çalışırlar ki, yenə Türkiyə-Rusiya münasibətləri əvvəlki səviyyədə olsun. Çünki onları narahat edir ki, Türkiyə Rusiyadan silah alır, S-400 alır. Anlaşılmayan odur ki, burada çağırılan dövlətlərin çoxu dünyada qeyri-demokratik dövlət kimi tanınır.
Cümşüd Nuriyev bu barədə fikirlərini belə izah edib: "Ermənistan nə vaxtdan demokratik olub? Keçmiş sovet respublikaları içərisində Rusiya ilə əks mövqedə olan Moldova, Ukrayna və Gürcüstandır. Onları dəvət ediblər. Ermənistanı da Rusiyanın əlindən çıxartmaq üçün dəvət ediblər. Azərbaycanı, Türkiyəni, Pakistanı çağırmamaqla bunlar Rusiya ilə, Çin ilə əlaqəsi olan bütün ölkələrə siyasi təzyiq göstərsinlər. Azərbaycanın isə öz dəsti-xətti var. Dünyada elə bir cihaz yoxdur ki, demokratiyanı ölçsün. Ümumilikdə götürdükdə dünyanın heç yerində ideal demokratiya olmayıb, olmayacaq. Bunlar hamısı kağız üzərində qalan bir şeylərdir. Amma zaman-zaman ABŞ bundan guya yararlanmağa çalışır. Ancaq ABŞ-ın özündə təbliğ etdikləri demokratiyanın heç yarısı yoxdur. Müəyyən qüvvələr ABŞ-da öz mənafelərini güdürlər. Bu da ABŞ-ın yeni dünya düzəni yaratmaq üçün fikirləşdiyi bir şeydir. Azərbaycanın bura dəvət olunmaması heç bir faciə gətirmir. Heç gətirməyəcək də.
Azərbaycan öz dəsti-xətti olan bir ölkədir. Əgər oraya 90 ölkə dəvət olunubsa, demokratiyaya görə Azərbaycan ilk onluğun içindədir. Ona görə də, onların demokratik ölçüləri nələrdir, yenə deyirəm bilinmir. Bu günə qədər dünya sosioloqları, politoloqları hələ demokratik ölçüləri müəyyən edəcək vahid sistem düzəltməyiblər. Dünyada əsasən idarəetmə rejiminə görə baxırlar. Cənab İlham Əliyev fərqli olaraq eviristik, yəni yeni tapıntılı idarəetmə sistemini Azərbaycanda gündəmə gətirib. Türkiyə, həmçinin, eviristik idarə olunur. Bu da bir növ qısqanclıq yaradır ki, 30 illik dövlət Zəfər qazanır və özünə dünyada böyük yer tutur. Müəyyən qısqanclıq var. Bu bizi maraqlandırmır. Amma amerikanların özünün idarəetmə haqqında fikir söyləyən Teylor və başqa alimlərinin nəzəriyyələrinin hamısı Azərbaycanda tətbiq edilir. Nədən Türkiyəni, Azərbaycanı demokratik saymırlar bu onların işidir".