“Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaq!” - bu sözləri İlham Əliyev ilk dəfə prezident seçilərkən söyləmişdir. Bəli, həqiqətən də, Azərbaycan xalqı bu işğalla barışmadı, onu qəbul etmədi, erməni təcavüzkarlarının ona qarşı törətdiyi vəhşiliyi, zorakılığı heç bir zaman unutmadı. “Qarabağ” isə heç unudulmadı! Deyilən bu sözlərinin sübutu isə 2020 –ci il sentyabr ayının 27-də başlanan və 44 gün çəkən mübarizəmizdə öz əksini tapdı.Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan bu yeni tarix cənab prezidentimiz İlham Əliyevin böyük sərkərdiliyi, igid oğullarımızın, hərbiçilərimizin, özlərini vətən uğrunda fəda edən şəhidlərimizin qanı - canı bahasına əldə olunmuşdur. Azərbaycan xalqı və müzəffər ordumuz bu 44 gün ərzində böyük əzmkarlıq nümunəsi göstərərək 30 illik həsrətə son qoydu və dövlət sərhədlərimizin bötüvlüyü təmin edildi. Və bu 30 illik həsrətə son qoyuluş Azərbaycan xalqının yenidən dirçəlişinə, birliyinə zəmin yaratdı, onun xalq olaraq yenilməz olduğunu bir daha sübut etdi. Bu şanlı tarix vaxtilə el - obasından didərgin düşmüş, gecə saatlarında öz yurdlarını ayaqyalın tərk etmiş insanların 30 ildən sonra öz doğma yuvalarına qayıtmasına səbəb oldu. Artıq o insanların gözləri yaşlı, könülləri qubarlı deyil. Vətən həsrətinə daha son qoyulub.2020 – cil il sentybarın 27-də erməni təcavüzkarları ordumuza qarşı daha bir təxribata əl atdı. Rəşadətli ordumuz isə bu təxribata cavab olaraq əks-hücum əməliyyatına keçdi. Və sentyabr ayının 27-də qızğın döyüşlər başladı. İlk gündən Azərbaycan ordusu düşmən üzərində üstünlüyü ələ aldı. Düşmənə layiqli cavablar verərək hər gün onların addım-addım geri çəkilməsinə müvəffəq oldu. Və bu geri çəkilmə torpaqlarımızın qarış-qarış azad olunması demək idi. 44 gün ərzində rəşadətli ordumuz 300-dən artıq şəhər və kəndləri düşmən əsarətindən azad etdi, Azərbaycan öz tarixi ərazi bütövlüyünə qovuşdu.Bu şanlı Zəfər tarixi əhəmiyyət daşıyır. Çünki Qarabağla bağlı BMT-nin qəbul etdiyi qətnamələr ( 1993- cü il 30 aprel, 822 nömrəli qətnamə (Kəlbəcərin işğalından sonra); 1993-cü il 29 iyul, 853 nömrəli qətnamə (Ağdamın işğalından sonra); 1993-cü il 14 oktyabr, 874 nömrəli qətnamə (Qubadlının işğalından sonra); 1993- cü il 12 noyabr, 884 nömrəli qətnamə (Zəngilanın işğalından sonra)) uzun illərdən sonra yerinə yetirildi. Nəzərə alsaq ki, qətnamələrin mahiyyəti:“atəşkəsin elan olunması, bütün hərbi əməliyyatların dayandırılması, hərbi qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılması, Qarabağın Azərbaycanın tərkib hissəsi olmasının qəbul edilməsi” ilə bağlı məsələləri özündə əks etdirirdi. Lakin bu illər ərzində bu qətnamalər sadəcə olaraq kağız üzərində mövcud oldu. Azərbaycan xalqının haqq səsi dünyaya lazımınca çatdırılmadı. Təbii ki, Azərbaycan xalqı bu ədalətsizliklə barışmayacaqdı. Xalq öz haqq səsini özü dünyaya çatdırdı, özü bu ədalətsizliyə son qoydu, tarixi yenidən yazdı , həmdə “qızıl hərflərlə” yazdı.Müharibənin ilk günündən xalqımız böyük ruh yüksəkliyi, birlik, dözüm nümayiş etdirdi. Cəbhədən gələn “Şuşa qoxulu” xəbərlər isə xalqımızı, insanlarımızı, ordumuzu daha da qüvvətləndirir, güc verir, onlarda qalib gəlmək inamı yaradırdı. Müharibənin ilk günlərindən Füzuli , Cəbrayıl rayonlarının altı kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad olundu. Müzəffər ordumuzun düşmən üzərinə qorxmadan irəliləməsi, düşmənə sarsıdıcı zərbələr endirməsi bir an belə dayanmaq bilmirdi. Oktyabr ayının ilk günlərində yəni, oktyabr ayının 3-də strateji əhəmiyyətə malik olan Suqovuşan və Talış kəndləri, oktyabr ayının 4-də isə Cəbrayıl şəhəri və 9 kənd düşmən tapdağından xilas edildi. Oktyabrın 9-dan 26-dək isə Xocavənd rayonunun Hadrut qəsəbəsi, Füzuli şəhəri, Xudafərin körpüsü, Zəngilan və Qubadlı şəhərləri düşməndən azad edildi. Bu qələbələr getdikcə Azərbaycan xalqını Şuşaya yaxınlaşdırırdı.Xalq hər gün, hər saat, hər dəqiqə cəbhədən gələn xəbərləri izləyir, prezidentin hər bir çıxışını səbrsizliklə gözləyirdi. Və nəhayət, Azərbaycan xalqının illərlə gözlədiyi, həsrətini çəkdiyi həmin xəbərin vaxtı da gəlib - çatdı. Noyabr ayının 8-də xalq həmin xəbəri cənab prezident İlham Əliyevin dilindən eşitdi: “ŞUŞA SƏN AZADSAN!” Bu xəbər müharibənin, qələbənin zirvəsi, tacı oldu.Şuşanın azad edilməsi artıq müharibənin taleyini də həll etmişdir. Noyabr 9-da, bir gün ərzində Laçın rayonun kəndləri daxil olmaqla, onlarla qəsəbələr, yaşayış məntəqələri düşmənlərdən təmizləndi. Nəhayət, noyabr ayının 9-dan 10-na keçən gecə üç dövlət arasında (Azərbaycan, Rusiya, Ermənistan) üçtərəfli bəyanat imzalandı. Bəyanatda Ermənistan ordusunun işğal altındakı digər ərazilərimizdən çıxması tələb olunurdu. Bu bəyanata əsasən Ermənistan Ağdam rayonunu. Kəlbəcər və Laçın rayonlarını heç bir döyüş əməliyyatı olmadan geri qaytarmağa, həmin əraziləri tərk etməyə məcbur oldu. Bu 44 günlük şanlı tarixdə rəşadətli Azərbaycan ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi düşməndən azad etmiş oldu.Təbii ki, bu əvəzolunmaz qələbə minlərlə igidlərin , oğulların qanı, canı bahasına əldə olundu. Azərbaycan bu döyüşdə 2783-dən artıq şəhid verdi. Bu gün biz bu qələbəni canını vətən uğrunda fəda etmiş həmin igidlərə, qazilərə borcluyuq.Şəhidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə isə can sağlığı arzu edirik!
Şahnaz Həsənova
Xəzər rayonu, 121 nömrəli tam orta məktəbin müəllimi
sia.az