Yeni Azərbayan Pariyası Ağdaş rayon təşkilatının bir qrup fəalı Fəxri Xiyabanda olmuş, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət etmiş, Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etmişlər. Sonra Şəhidlər Xiyabanını ziyarət edən partiya fəalları ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələrinə ehtiramlarını bildirmişlər. Daha sonra Azərbaycan ordusunun gücü və rəşadəti haqqında əyani təsəvvür yaradan Hərbi Qənimətlər Parkını ziyarət etmişlər. Ziyarətçilər Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərə maraqla baxıblar. Ziyarət zamanı YAP Ağdaş rayon təşkilatının nümayəndələrinə Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı, o cümlədən ordumuz tərəfindən məhv edilmiş və hərbi qənimət kimi ələ keçirilmiş Ermənistan silahlı qüvvələrinə məxsus müxtəlif tipli hərbi texnikalar, silahlar, döyüş postları və müdafiə sədləri barədə ətraflı məlumat verilib. Ziyarətçilər, həmçinin Parkdakı eksponatların arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdükləri 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində "Qarabağ Azərbaycandır!" şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış "İskəndər-M" raketinin qalıqları ilə də tanış olublar. Hərbi Qənimətlər Parkını Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı Qələbəsinin əyani nümunəsi kimi dəyərləndirən və onlarda böyük qürur hissi yaşatdığını qeyd edən partiya fəalları buradan yüksək təəssüratlarla ayrılıblar.
ZÜMRÜD BAYRAMOVA