PDF Oxu

Siyasət

  • 2 496

Erməni terrorunun pərdəarxası məqamları - TƏHLİL

Erməni terrorunun pərdəarxası məqamları - TƏHLİL

Ermənistanın dövlət siyasətinin mərkəzində terrorçuluğun dayandığını artıq bütün dünya bilir və heç kim üçün sirr deyil ki, işğalçı ölkənin bir sıra terror təşkilatları uzun illərdir ki, dünyanın bir sıra dövlətlərində terror aktı və təxribatlar törətməklə məşğuldurlar. Şuşa ətrafındakı Daşaltı kəndi yaxınlığında törədilən terror aktı da Ermənistan dövlətinin terrorçu niyyətini, mahiyyətini ortaya qoyur və bu hal, Ermənistan dövlətinin terrorçu siyasət yürütdüyünün göstəricisidir. Ermənistanın bəzi teleqram kanallarında, sosial şəbəkələrin ermeni seqmentində həmin terrorçunun "qəhrəman" kimi qəbul olunması, hətta onun azadlığının tələb olunması isə terrorçuluq siyasətinin bütün ölkədə qəbul olunduğunu və buna adi hal kimi yanaşıldığını təsdiq edir.

Noyabrın 13-də Şuşanın Daşaltı istiqamətindəki girişində yerləşən və Rusiya sühməramlılarının "idarə" etdiyi nəzarət-buraxılış məntəqəsində terrorçu Norayr Mirzoyanın Azərbaycan əsgərlərinə qarşı törətdiyi terror cəhdi ilə bağlı acınacaqlı olsa da, maraqlı məqamları ortaya çıxarır. Bəlli olur ki, bu terror hadisəsi heç də təsadüfi deyil və düşünülmüş, əvvəlcədən planlaşdırılmış şəkildə əyata keçirilməklə yanaşı daha çirkin niyyətlərə, məqsədlərə xidmət edir. Terror aktından təxminən 12 saat öncə VK sosial şəbəkəsinin "Тактика Наемников | Война и Military Выживание" səhifəsində bir videoçarx yerləşdirilib ki, həmin videoçarxda “RQD-5” hücum əl qumbarasının istifadəsi qaydaları, qumbaranın yerə düşməmiş partlayaraq, daha çox zərər vermək imkanları bildirilib və bu da ondan xəbr verir ki, bu terror aktı kortəbii deyil, öncədən, düşünülmüş şəkildə hazırlanıb.

Maraqlıdır, VK sosial şəbəkəsinin erməni seqmentinə aid "Armenian Military Portal" oxucularının suallarına cavab olaraq izah edir ki, terrorçu Mirzoyan "RQD” əvəzinə “F-1” müdafiə qumbarasından istifadə etsəydi, nəticə daha “xoş” olardı. Təbii ki, xoş olardı dedikdə, nəticənin Azərbaycan əsgərinə daha ağır başa gələcəyi nəzərdə tutulur. Nəzərə alaq ki, “F-1” əl qumbarasının qəlpələrinin saçılma radiusu “RQD-5” kimi 5 deyil, 200 metrə çatır və deməli, terrorun detalları belə nəzərə alınıb, amma terrorçu Mirzoyanın törətdiyi erməni şəbəkəsini qane etməyib. Onlar heç onu da nəzərə almayıblar ki, həmin terroru törətdikləri zaman Rusiya sülhməramlıları da yaralana, ölə bilərdi və belə çıxır ki, məqsəd terrorun törədilməsi olub və bu zaman qardaş dedikləri ruslar belə onların vecinə deyil, hansıki bu, əvvəldən bəlli olan erməni simasızlığıdır. Ən təəssüfdoğurucu məqam ondan ibarətdir ki, "Realist" informasiya agentliyinin (realtribune.ru) şəbəkə resursunun səhifələrində Norayr Mirzoyan məhz "qəhraman" olaraq nümunə göstərilir və onun timsalında təklif olunur ki, bütün erməni fermerlərinə özünümüdafiə üçün silah paylanılsın. Xatırladığımz kimi, Rusiyanın qeyri-rəsmi mediası, eyni ilə 90-cı illərdə olduğu kimi, Qarabağ ermənilərini yenidən “zərərçəkmiş”, “yazıq”, “məzlum” tərəf kimi qələmə vermək niyyətindədir. Həmçinin bu qeyri-rəsmi Rusiya mediası münaqişədə artıq bağlanmış səhifəni açmaq, sülməramlıların sayəsində "əlavə zaman" əldə etmək, qazanmaq marağındadır. Niyə? Səbəb nədir? Nə qazanmaq istəyirlər və ermənini yenidən təxribata sövq etməyin arxasında nələr var? Həqiqətən də məsələnin pərdə arxasında məqamlar gizlənir ki, bunun da səbəbləri, izahı təbii ki, olmalıdır.

Şuşada terror aktını törədən Norayr Mirzoyanın yayılan fotoları onun sıradan biri yox, hərbi hazırlıqlı şəxs olduğunu təsdiqləyir və çox gümün ki, Mirzoyan ASALA-nın, yaxud onun uzantılarının üzvüdür. Yəni, vizual olaraq belə bunu görmək mümkündür. Necə deyərlər, görünən kəndə bələdçi lazım deyil. Ümumiyyətlə, Norayr Mirzoyanın timsalında ermənilərin terror qruplaşmaları ilə birbaşa əlaqədə olduqları istisna deyil və inanırıq ki, bu fikir kimdəsə bir təəccüb belə doğura bilməz, çünki, dünya artıq buna öyrəncəlidir. Onlar təkcə Azərbaycan ərazilərində deyil, dünyanın bir çox ölkələrində, Avropada belə terror aktları törətdikləri də heç kim üçün artıq sirr sayılmır.

Şübhəsiz, belə bir aktın, terror aktının təşkil edilməsi eyni zamanda, ermənilərin bir mesajı kimi də görünür, hansıki, bununla ermənilər azərbaycanlılarla birgə yaşayışın mümkünsüz olması, bu məsələyə ATƏT-in Minsk Qrupu timsalında beynəlxalq təşkilatların cəlb edilməsi mesajını vermək niyyətləri də üzə çıxır. Bildiyimiz kimi, artıq ATƏT-in Minsk Qrupu hansısa bir vasitəçilik, yaxud müdaxilə imkanlarına malik deyil və belə bir terror aktı törədənlər bilavasitə həmin o Minsk Qrupunun da məsələyə cəlb olunması niyyəti güdürlər. Yəni, görüntü yaratmaq istəyirlər ki, guya münaqişə bitməyib və bununla da beynəlxalq təşkilatların bu məsələyə qarışması gündəmə gəlsin. Ən azından, münaqişənin həllini boynuna götürən və 30 ilə yaxın müddətdə bunu uzadaraq heç nəyə nail olmayan ATƏT-in Minsk Qrupunun iştirakını arzulayırlar ki, yenə də müəyyən müddət uzada bilsinlər və əlbəttə ki, bu da bir erməni hiyləgərliyidir.

Sözsüz ki, Rusiya sülhməramlılarının gözü qarşısında hadisələrin bu şəkildə cərəyan etməsi, bir-birinin ardınca terror aktlarının törədilməsi də bir sıra məqamlara aydınlıq gətirir. Bəllidir ki, üçtərəfli danışıqlara uyğun olaraq, rus sülhməramlıları bölgədə təhlükəsizliyin təminatı üçün həmin ərazilərə yerləşdiriliblər. Bir tərəfədən baxanda indi həmin ərazilərdə sülhün, təhlükəsizliyin bərqərar olması ruslara heç sərf eləmir, çünki bununla onların işi bitmiş hesab olunur və bu da həmin əraziləri rusların tərk etməsi, bir sözlə, bundan sonra Rusiyanın bölgədə iştirakının olmaması anlamına gəlir. Yəni, ruslar bölgədə mövcudluqlarını qoruyub saxlamaq məqsədi ilə ermənilərin belə terrorçu hərəkətlərinə, vəziyyəti gərginləşdirmək niyyətlərinə ən azından bir növ mane olmurlar. Həmçinin ermənilərin də öz növbələrində rusların bölgədən çıxmamaları üçün dəridən qabıqdan çıxdıqları günün reallığıdır, çünki böyük qardaş hesab etdikləri, hər zaman sığındıqları rusların mövcudluğu fonunda belə davrana biləcəklərini zənn edirlər. Elə məhz buna görə də düşünülmüş şəkildə təxribatlara, terrora əl atırlar ki, bölgədə münaqişənin bitməməsi görüntüsü yaratsınlar və rusların mümkün qədər həmin ərazilərdə çox qalmasına rəvac verilsin. Elə bir görüntü yaratmaq istəyirlər ki, guya bölgədə birgəyaşayışın təmin edilməsi çətin və uzunmüddətli prosesdir və sülhməramlıların bu ərazilərdə qalmasına guya hələ də böyük ehtiyac duyulur.

Son zamanlar baş verən terror aktları təsdiq edir ki, mülki əhalini silahlandırmaq proqramını təqdim edən Araik Arutyunyan da terrorda maraqlıdır. Bir növ, özünü qondarma rejimin rəhbəri hesab edən bu Araikin vəziyyətlə barışmayıb, bunu da inkar etmək olmaz və bunu hər addımında hiss etmək çətin deyil. Nəinki Arutyunyanın, bütövlükdə Ermənistan rəhbərliyinin vəziyyətlə barışmadığı dəfələrlə özünü biruzə verir. Məlum hadisələr, Karapetyanın səfəri, daşnakların Xankəndinə gəlişi, Araikin planı, mülki əhalini silahlandırmaq proqramı terrorçu Mirzoyanın hücumu ilə təzahür edirsə, deməli, Ermənistanın hədəfləri bəlli olur. İndi Ermənistan tərəfi həm də dünya erməniliyinin yenidən “terror fəaliyyətini” aktiv fazaya keçirmək istəyini də göstərir. Bu, bir növ dünya erməniliyinə həmin o terrorçuluq fəaliyyətinə davam edəcəyi niyyətinin anonsu da hesab edilə bilər. Təbii ki, davamlı olan terror aktları, eləcə də Ermənistanın mövqeyi və niyyəti sübut edir ki, rus sülhməramlıları tərəfindən edilməli olan, erməni silahlılarının tərksilah edilməsinin yolu məhz antiterror əməliyyatından keçir və bunu gec-tez özləri də anlamaq məcburiyyətindədirlər. Anlamaq məcburiyyətindədirlər ki, bu cür terror, təxribat hallarına qarşı yanaşma çox sərt olacaq və həmin ərazilərdə Azərbaycanın imkanları kifayət qədər genişdir.

Bir-birinin ardınca ermənilərin törətdikləri terrora Rusiya Siyasi Araşdırmalar İnstutitunun direktoru Sergey Markov da biganə qalmayıb və Şuşada keçirilən mətbuat konfransında o bildirib ki, Şuşa yaxınlığında erməni ekstremisti tərəfindən törədilən təxribat müvafiq qaydada qınaq hədəfinə çevrilməlidir. Qarabağ münaqişəsinin başa çatdığını, Qarabağın Azərbaycan torpağı olduğuna artıq heç kimin şübhəsi olmadığını vurğulayan Markov qeyd edib ki, bu hadisədə əli olanların cəzalandırılmaları vacibdir. Təbii ki, Rusiya Siyasi Araşdırmalar İnstutitunun direktoru, cəzalandırılmalıdır dedikdə, kimləri nəzərdə tutduğu bəllidir və o, erməni terrorçuların cəzalandırılmasının tərəfdarı olduğunu birmənalı şəkildə ifadə edir.

Amerikalı ekspert Piter Teys isə öz növbəsində bildirib ki, Erməni terrorçunun Daşaltı kəndində azərbaycanlı hərbçilərin və rusiyalı sülhməramlıların olduğu posta hücumu misli görünməmiş terror aktıdır. Ekspert vurğulayıb ki, İrəvan administrasiyası tərəfindən Azərbaycanın günahsız dinc sakinlərinə və Silahlı Qüvvələrinə qarşı təşkil olunan terror aktlarını demokratik dünyada, Avropada, ABŞ-da beynəlxalq subyektlərin mühakimə etməməsi faciəvi faktlardır və beynəlxalq ictimaiyyət bununla mübarizə aparmalıdır. Amerikalı ekspert açıq şəkildə bəyan edib ki, erməni terrorçuluğu Los-Anceles, Paris, Berlin küçələrində belə yayılıb, amma ABŞ və Avropa İttifaqı qanunvericiləri də susqunluğu qorumağa üstünlük verir və İrəvan da cəzasız qalmaqda davam edir, hətta terrorçuluq aktlarının maliyyələşdirilməsi, siyasi dəstək göstərilməsi davam etdirilir. Bəli, həqiqətən də bu belədir və amerikalı ekspertin də vurğuladığı kimi, dünyaya demokratiya dərsi keçməyə qalxan Amerika da, Avropa İttifaqı da erməni hədsizliyinə, qanunsuz hərəkətlərinə, ələlxüsus terror aktlarına müşahidəçi mövqe nümayiş etdirir. Təbii ki, ekspertin qeyd etdiyi kimi, ermənilər cəzasızlıq səbəbindən qanunsuz hərəkətlərinə, törətdikləri cinayətlərə son qoymurlar.

“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko isə Şuşadakı mətbuat konfransında qeyd edib ki, Azərbaycanın Şuşa şəhəri yaxınlığında törədilən terror hücumunun təşkilatçıları və iştirakçıları məsuliyyətə cəlb olunmalı, erməni terrorçusu Bakıya gətirilməlidir. Hərbi ekspert deyib ki, Azərbaycanlı hərbçilərin və Rusiya sülhməramlılarının həyatını təhlükəyə atan bu terror hücumuna dair Paşinyan tərəfindən rəsmi açıqlama gözləyirik. Onun sözlərinə görə, bu hücumun, bu terrorun məqsədi sülhməramlıları Azərbaycan hərbçiləri ilə qarşı-qarşıya qoymaqdır və bu xəstəlik artıq yan fəsadlar verir, hansıki, bu kimi hücumlar, terror və təxribat gələcəkdə də baş verə bilər. Əslində, baş redaktorun fikri ilə tam razılaşırıq və cəzasızlıq səbəbindən bu hadisələr bir daha təkrarlana, daha ağır nəticələrə gətirib çıxara bilər. Doğrudan da bu işlərin qarşısının alınmaması heç də müsbət nəticə vəd etmir və artıq bunun qarşısı alınmalı, miqyasından asılı olmayaraq anti-terror əməliyyatları aparılmalıdır.

Azərbaycan hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb. Münaqişənin dinc yolla, siyasi yolla həll edilməsi üçün ölkəmiz az qala 30 ilə yaxın səbr nümayiş etdirib. Torpaqlarının 30 ilə yaxın müddətdə işğalda saxlanmasına rəğmən hərbi əməliyyatlar başladılmayıb, təbii ki, qarşı tərəfin davamlı təxribatları və bir daha əlavə olaraq torpaqlarımızı işğal etmək cəhdlərinə qədər münaqişənin sülh və danışıqlar yolu ilə həllinə çalışıb. Əlbəttə ki, sonda Ermənistan tərəfinin danışıqlara tamamilə etinasız yanaşması, bundan imtina etməsi, yeni-yeni təxribatlara əl atması, torpaqlarımızın digər hissəsini də işğal etmək cəhdləri əks-hücum əməliyyatlarını, hərbi əməliyyatları labüd etdi və Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan, cəmi 44 gün davam edən müharibə zamanlı erməni silahlı qüvvələri ölkəmizin qüdrətinə, ordumuzun şücaətinə, xalqımızın birliyinə, həmrəyliyinə, ölkə başçımızın uzaqgörənliyinə, iradəsinə, qətiyyətinə, liderlik keyfiyyətlərinə bir daha əmin oldular. Əmin oldular ki, Azərbaycanla hədə, təhdid dili ilə danışmaq mümkün deyil və bizə məxsus olan torpaqlar ermənilərə verilməyəcək, Azərbaycan xalqı da erməni işğalı ilə barışmayacaq. Bütün dünya isə əmin oldu ki, Ermənistan kimi cılız, səfalət içində olan bir ölkə qüdrətli Azərbaycanın qarşısında dayana bilməz. Təslim olmaq, təslim sənədinə, kapitulyasiya sənədinə imza atmaq məcburiyyətində qalan ermənilər bu məğlubiyyətlərini həzm etməkdə çox çətinlik çəkirlər. Bu gün erməni cəmiyyətində müşahidə olunan qarşıdurmalar, İrəvan küçələrində baş verən çaxnaşmalar da bunun təzahürüdür. Son günlər Ermənistan tərəfindən törədilən təxribatlar, eləcə də terror aktı onu göstərir ki, işğalçı ölkənin daxilindəki vəziyyət hələ də düzəlməyib. Hələ də ermənilər qələbəmizi həzm edə bilmirlər, məğlubiyyətlərinə görə günahkar axtarışındadırlar və dərk edə bilmirlər ki, onları bu vəziyyətə salan özləri, özlərinin yürütdükləri işğalçılıq, terrorçuluq siyasətidir. Ölkə daxilindəki gərginlikdən, siyasi böhrandan diqqəti yayındırmağa çalışanlar, eyni zamanda, Ermənistanda bəzi şəxslər bu cür terror hadisələrindən öz məqsədləri üçün istifadə edirlər. Bu isə öz növbəsində onu göstərir ki, İrəvan bu gün də öz öhdəliklərini yerinə yetirmək iqtidarında deyil və Ermənistanın dövlət səviyyəsində terror siyasəti hələ də davam etməkdədir.

İşğalçı ölkədə vəziyyətin necə olmasından, hansı istiqamətdə davam etməsindən asılı olmayaraq, ermənilər bilməlidirlər və bilirlər ki, Azərbaycan öz ərazisində istənilən vaxt anti-terror əməliyyatları keçirmək hüququnu özündə saxlayır. Hər an erməni terroruna qarşı əməliyyatlara start verilə bilər və 44 günlük savaş təsdiq etdi ki, Azərbaycan Ordusunun, Azərbaycan əsgərinin qarşısını erməni silahlıları, yaxud terrorçuları almaq iqtidarında, gücündə deyillər. Əgər, Azərbaycan 44 gün ərzində Ermənistan silahlı dəstələrini darmadağın edə bildisə, düşmənin hərbi texnikalarını yox həddinə çatdıra bildisə, bu ölkəni diz çökdürdüsə, deməli, diz çökmüş, məğlub bir ölkənin hərhansı terrorçu qruplaşmalarını daha tez zamanda məhv edər və bunu işğalçılar, terrorçular bilməlidirlər.

Digər xəbərlər