PDF Oxu

Siyasət

  • 1 836

Avrasyanın siyasət meydanında yeni aktor: - Türk Dövlətləri Təşkilatı

Avrasyanın siyasət meydanında yeni aktor: - Türk Dövlətləri Təşkilatı

Dünya əhalisinin 2,15 faizinə və dünyanın quru hissəsinin 1 faizinə sahib olan 7 türk dövləti ötən həftənin cümə günü İstanbulda baş tutan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə bu birliyi bir az da genişləndirərək siyasət meydanında Türk Dövlətləri Təşkilatı adlı yeni aktorun yarandığı barədə qərar verdilər. Macaristanın qərbindən, Qırğızistanın şərqinə qədər olan 6 min 149 kilometrlik geniş bir coğrafyanı təmsil edən Türk Dövlətləri Təşkilatı (TDT) hər anlamı ilə Avrasyanın yeni beynəlxalq aktoru olaraq, dünyanın iqtisadi-siyasətinin önəmli bir oyunçusu olacak, Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Türkiyənin Prezidinti Rəcəb Tayyib Ərdoğanın liderliyi və varlığı ilə Türkiyə dünyada bir güç mərkəzinə çevrildikcə Türk Dövlətləri də Türkiyənin gücündən güc qazandılar.

Türkdilli Ölkələrin Əməkdaşlıq Təşkilatının Türk Dövlətləri Təşkilatına çevrilməsinin ən təməl prinsiplərindən biri və birincisi əlbəttə qardaş ölkələr arasında məqsəd birliyinin olmasıdır. Əgər Türkdilli ölkələrin liderləri birlik üçün bir araya gəlməyi bacarıblarsa, deməli bundan kənarda olan əngəlləri də birgə aşmağı bacaracaqlar. Bu bir danılmaz faktdır ki, bu birliyin yaranmasında başlıca rolu Türkiyə və Azərbaycan oynayıb. Hər iki ölkənin liderləri – Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin çoxillik zəhməti, fəaliyyəti olmasaydı Türkdilli dövlətlərin indiki təşkilatlanmasından söhbət gedə bilməzdi.

Prezident R.T.Ərdoğanın son 20 ildə Türkiyə Cümhuriyyətini regionun liderinə çevirməsi, G20 ölkələri ilə bir sırada yer alması diqqətdən yayınmamalıdır. Prezident Ərdoğanın uzaqgörən siyasəti nəticəsində bu coğrafiyada yeni bir gələcək quran Türkiyənin nailiyyətləri bu addımların atılmasını təmin etdi. Azərbaycanın isə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlişindən sonra başlatdığı iqtisadi inkişaf kursunu İlham Əliyevin uğurla davam etdirməsi və nəticə etibarilə Azərbaycanın işğalçı Ermənistanı ağır məğlubiyyətə uğradaraq ərazi bütövlüyünü təmin etməsi dünya birliyində, xüsusən də Türkdilli ölkələr arasında ölkəmizin nüfuzunu xeyli yüksəltmiş oldu. Sadalanan bu faktorlar İki qardaş ölkənin birləşməsini, bir olmasını təmin etdi.
Türkiyənin milli suverenliyinə və iradəsinə əsaslanan addımları, yerli texnologiyanın imkanlarından istifadə etməklə müdafiə sənayesində əldə etdiyi uğurlar, münasibətlərdəki sağlam məqsəd, təkəbbürsüzlük digər Türkdilli ölkələri onunla bir sırada durmağa, birgə addımlamağa, imkanları birləşdirməyə sövq edə bilib. TDT ilə Avrasiyada 4 milyon 828 min kvadrat kilometr sahədə kök atacağımız, böyüyəcəyimiz, inkişaf edəcəyimiz və daha sürətlə çiçəklənəcəyimiz yeni bir dövrə qədəm qoyuruq. Prezident Ərdoğanın da dediyi kimi, “günəşin yenidən şərqdən doğacağı” vaxtlar yaxınlaşır. Min illər boyu sivilizasiyanın beşiyi olan “Türküstan coğrafiyası” yenidən bütün bəşəriyyət üçün cazibə və maariflənmə mərkəzinə çevriləcəkdir. Münasibətlərimizi sivilizasiyamızın və mədəniyyətimizin təbii yol xəritəsinə uyğun olaraq hər sahədə inkişaf etdirməyə davam edəcəyik.

Azərbaycan Prezidenti İlham Əliyevin İstanbul sammitində çıxışı zamanı söylədiyi fikirlər TDT-nin önəmini ortaya qoyur: “Türk Dövlətləri Təşkilatının təkcə ölkələrimiz, xalqlarımız üçün deyil, dünya üçün önəmi bundan sonra da artacaq. Çünki bizim işbirliyimiz səmimidir, biz hamımız qardaşıq, bir-birimizə qardaş deyirik, biz hamımız ənənəvi dəyərlər üzərində ölkələrimizi inkişaf etdiririk. Bizim xalqlarımız arasındakı birlik, qardaşlıq gündən-günə möhkəmlənir və biz bu gün böyük coğrafiyanı əhatə edirik, böyük iqtisadi, siyasi, hərbi gücü bu coğrafiyada ehtiva edirik. Bizim ölkələrimizdə zəngin təbii qaynaqlar var, müasir infrastruktur var, nəqliyyat yolları var. Türkiyə hərbi, iqtisadi və sənaye gücə malik olan ölkədir. Təkcə onu demək kifayətdir ki, Türkiyə NATO-nun ikinci ən güclü ölkəsidir və bunu öz maraqlarını və dünyada sülhü təmin etməklə dəfələrlə göstərmişdir. Ona görə mən çox ümidliyəm ki, bizim təşkilatımız qarşıda duran bütün vəzifələri icra edəcəkdir”.

Qlobal ticarətin Asiyadan - Sakit okeandan Atlantik okeanına yeni “axın” qazandığı növbəti 25-50 il TDT coğrafiyasını qlobal nəqliyyat və logistika dəhlizləri baxımından da əvəzolunmaz edir. Bu səbəbdən də güclü “kök”, “qohumluq” və “qardaşlıq” əsasında qurulan bu “müqəddəs” birlik, siyasi həmrəylik, güclü iqtisadi əməkdaşlığa və sıx ticarətə, mədəni əməkdaşlığa, insani-ictimai əlaqələrimizi daha da inkişaf etdirməyə əsas verir. “Milli”, “vətənpərvər” və “Türküstan coğrafiyası” idealları ilə yetişmiş bir nəslin nümayəndəsi olaraq, 12 noyabr cümə günü Türk Dövlətləri Təşkilatının elan etdiyi duyğular fırtınasını təsvir etmək çətindir. XXI əsr yeni güc mərkəzlərinin formalaşmasının sürətlənəcəyi və Sakit və Atlantik okeanları arasında yeni balansın qurulacağı əsrdir. Türk Dövlətləri Təşkilatının uğuru bu proseslərin formalaşmasında tamamilə fərqli inkişaflara səbəb olacaq. Əsla bunu unutmayaq...

V.VƏLİYEV

Digər xəbərlər