PDF Oxu

Siyasət

  • 3 198

Ermənistanda corab kimi dəyişdirilən müdafiə nazirləri ANALİTİK+ŞƏRH

Ermənistanda corab kimi dəyişdirilən müdafiə nazirləri ANALİTİK+ŞƏRH

Görünən və görünməyən səbəblər hansılardır?

Ermənistanda müdafiə nazirlərinin sözün əsl mənasında corab kimi dəyişdirilməsi ilk olaraq belə nəticəyə gəlməyə imkan verir ki, ölkədə nəinki digər yüksək vəzifələrlə bağlı, eləcə də hərbi struktur vəzifələrində peşəkarlıqla əlaqəli ciddi böhranlar yaşanmaqdadır. O cümlədən, daha bir amil budur ki, Ermənistan rəhbərliyi əslində kadr təyinetmə məsələlərində belə müstəqil deyil və onun ölkə hüdudlarından kənar idarəolunması danılmaz fakta çevrilir. Bir müddət Ermənistanın xarici işlər naziri postunda cərəyan edən ardıcıl dəyişikliklərdən sonra bu sndromun müdafiə nazirliyinə də sirayət etməsi həm də təəccüblü görünmür. XİN-lə bağlı çox məsələlər aydındır. Lakin gəlin bir daha son dövrlərdə Ermənistanın müdafiə nazirlərinin bir-birini necə və nəyə görə əvəzləmələrinə nəzər salaq.
Qısa xatırlatma
Beləliklə, Ermənistanın 44 günlük müharibədən kapitulyant kimi ayrılmasından sonra ilk olaraq David Tonoyan kənara atıldı. O, müharibədən əvvəl “Yeni müharibə-yeni ərazilər” tipli sərsəm tezisi ilə yadda qalmışdı.Onu 2020-ci ilin 20 noyabr tarixində Vaqarşak Arutyunyan əvəzlədi. Bu adam da 2002-ci ildə hərbi strukturlardan qeyri-peşəkarlığına görə uzaqlaşdırılmışdı.20 iyul 2021-ci ildə Arutyunyanı Arşak Karapetyan əvəzlədi. Arşak Kapapetyan isə Serj Sarqsyanın hakimiyyəti illərində Ermənistanın baş qərargahının hərbi kəşfiyyat rəisi vəzifəsindən kənarlaşdırılmışdı. İstefaya göndərilməsinə səbəb isə 2016-cı ildə baş vermiş dördgünlük Aprel müharibəsi başlayarkən onun cəbhə xəttində baş verənlərdən xəbərsiz olması idi. Nəhayət, bugünlərdə onu ümumiyyətlə hərbi təhsili və qabiliyyəti olmayan Suren Papikyan əvəzlədi. Papikyan müdafiə naziri vəzifəsinə baş nazirin müavini statusundan çıxarılaraq təyin olundu.Beləliklə, Suren Papikyanın təyinatı erməni ictimai-siyasi rəyində birmənalı qarşılanmadı və çoxsaylı suallar yaratmağa başladı.SİA caliber hərbi-analitik informasiya mərkəzinə mövzu ilə bağlı münasibətlərini bildirən ekspertlərin fikirlərini təqdim edir.
Gürcüstan politoloqu Arnold Stepanyan: “Paşinyan bu təyinatını Rusiya ilə razılaşdırıb”
Gürcüstanın erməni mənşəli politoloqu Arnold Stepanyana görə, buna səbəb bir neçə dənə ola bilıər. SİTAT: “Ötən il Qarabağda baş vermiş müharibədən sonra Ermənistanın müstəqilliyi kifayət qədər aşağı düşüb və bu da özü-özlüyündə ölkədə həlledici vəzifələrə təyinolunmalarda da öz təsirlərini göstərir. Təbii ki, Ermənistanda ən mühüm vəzifələrdən biri müdafiə naziri postudur. Bu vəzifəyə namizəd isə inanıram ki, Ermənistanın strateji partnyoru olan Rusiya ilə razılaşdırılır. Ona görə də düşünmürəm ki, müvafiq qərar yalnız baş nazir Nikol Paşinyanındır. Bu, çox yəqin ki, RF ilə razılaşdırılıb”.Stepanyan hesab edir ki, Rusiya ilə, xüsusilə Qarabağdakı sülhməramlı kontingenti, ya da RF-nın cənub hərbi dairəsi ilə daha sıx əməkdaşlıq edən kadr axtarışı gedir. “Təbii ki, qısa müddət ərzində lazımi adamı tapmaq çətindir. Bu isə Ermənistan müdafiə nazirliyi rəhbərlərinin tez-tez dəyişdirilməsinə olan səbəb kimi göstərilə bilər.
“Bu məsələdə rəhbərliyin məsuliyyəti başqa şəxsin üzərinə atması cəhdini izləmək olar”
Başqa tərəfdən, bu kimi təyinolunmalara baxarsaq, bu zaman həmin təyinolunmaların Azərbaycan Silahlı Qüvvələri ilə toqquşmalar fonunda baş verdiyini görmüş olarıq. Və hər toqquşmadan sonra Ermənistanda müdafiə nazirləri dəyişdirilir. Bu məsələdə rəhbərliyin məsuliyyəti başqa şəxsin üzərinə atması cəhdini izləmək olar. Mövcud vəziyyətdə isə məntiq müdafiə nazirinin üzərində tamamlanır”, deyən Gürcüstan politoloqu həmçinin bildirib ki, erməni ordusunun yenidən formalaşdırılması zərurəti yaranıb, özü də qısa müddətdə. SİTAT: “Bu nöqteyi nəzərdən mövcud çağırışlara cavab verə biləcək fəal formulanın axtarışı gedir. Və burada əsas məsələ budur ki, islahatlar aparacaq və onları birbaşa tətbiq edəcək insanla bağlı səhv etmək olmaz. Qarşıya belə bir məsələ qoyulub ki, həmin o yeganə şəxsi tapmaq lazımdır və o da önündə dayanan vəzifələri icra etməyi bacarsın. Bunun üçün isə qeyri-adi insan lazımdır”.
Rusiyalı ekspert Aleksandr Artamonov: “Suren Papikyanın təyin edilməsi çətin ki, İrəvanla Bakı arasında mövcud olan bəlli münasibətlərə öz müsbət təsirlərini göstərsin”
Rusiyalı ekspert Aleksandr Artamonov isə sözügedən mövzu ilə bağlı qeyd edib ki,Ermənistanın müdafiə naziri postuna “Yelk” fraksiyasının keçmiş fəalı, bıçaqla yaralamaya görə həbsdə olmuş, daha sonra isə məktəbdə tarix müəllimi işləmiş Suren Papikyanın təyin edilməsi çətin ki, İrəvanla Bakı arasında mövcud olan bəlli münasibətlərə öz müsbət təsirlərini göstərsin.“Bununla bağlı xatırlatmaq yerinə düşərdi ki, Ermənistan Azərbaycanı “təcavüzdə” və “mövqe irəliləmələrində” ittiham etməkdə davam edir. Halbuki, İrəvanın özü də azərbaycanlılara məxsus zirehli texnika hissələrinin erməni sərhədinə doğru aparılmasını inkar edir. Görünür, yaxın günlərdə müsbət nəyi isə gözləməyə dəyməz, Cənubi Qafqazın siyasi barometri isə “pis” və “çox pis” xətləri arasında qalıb”, deyə rusiyalı ekspert bildirib.

Rövşən RƏSULOV

Digər xəbərlər