"Laçın, Şuşa və Kəlbəcər ətrafında baş verən təxribat hallarının səbəbi Ermənistan tərəfinin öz öhdəliyinə düşən vəzifələri icra etməməsidir. Bu öhdəliklərin icra edilməsinin məsuliyyəti, əlbəttə, Rusiya tərəfinin üzərinə düşür. Rusiya bu öhdəliyi yerinə yetirməli idi. Lakin çox təəssüflər olsun ki, Rusiya heç bir halda heç bir formada bu öhdəliklərin icrasını həyata keçirmir". Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.O, qeyd edib ki, ermənilər Laçında müəyyən əraziləri ələ keçirməyə çalışırlar. Şuşada möhkəmlənməyə çalışırlar. Açıq demək lazımdır ki, Ermənistan ordusunun əlahiddə korpusu hələ də Qarabağda dislokasiya olunub. Onların oradan çıxarılması üçün Rusiya tərəfi hər hansı addım atmır.Ramil Məmmədli bu barədə fikrini belə izah edib: "Onların tərksilah edilməməsi və Qarabağ bölgəsində, Şərqi Zəngəzur bölgəsində hələ də hərbi siyasətin yürüdülməsi vəziyyətin bu həddə gəlib çatmasına səbəb olur. Hesab edirəm ki, təxribatlar artdıqca Azərbaycan burada öz mövqeyini gücləndirməlidir. Yəni, antiterror əməliyyatının labüdlüyünü açıq şəkildə bildirməlidir. Əks halda Ermənistan daha da irəli gedərək burada müəyyən üstünlüklər qazana bilər. Üstünlük qazanmaq dedikdə, Rusiyanın üstünlük qazanmasından söhbət gedir. Yəni, gərginliyin artması istər-istəməz Qarabağda rus sülhməramlıların qalma müddətinin uzanması ilə nəticələnəcək. Hesab edirəm ki, ancaq təxribatların qarşısının alınma yolu bölgədə ermənilərin tərksilah edilməsi ilə mümkündür".
Müəllif: Turqay Musayev