"17 noyabr Azərbaycan xalqının tarixində ən yadda qalan günlərdən biridir. Belə ki, Sovet İttifaqı rəhbərliyinin anti-Azərbaycan siyasəti və ermənilərə daha çox diqqət və qayğı göstərməsi Azərbaycan xalqı tərəfindən böyük etirazla qarşılandı. Sovet İttifaqının anti-Azərbaycan siyasəti nəticəsində, artıq Qarabağdan soydaşlarımız qovulmuşdu və separatçılar Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi üçün açıq təhdidlərə və hərəkətə keçmişdilər. Buna şərait yaradan o zamankı sovet rəhbərliyi idi". Bunu SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.O, qeyd edib ki, Azərbaycan xalqı buna etiraz edərək meydanlara çıxmağa məcbur oldu. 1988-ci ilin noyabrın 17-də yüz minlərlə azərbaycanlı azadlıq meydanına toplaşıb, sovet rəhbərliyinin anti-Azərbaycan siyasətinə qarşı çıxaraq milli azadlıq ideyalarını ortaya qoymaq, SSRİ-nin dağılması və Azərbaycanın müstəqilliyi istiqamətində hərəkata başladılar. O vaxt Meydan Hərəkatı adı altında keçirilən bu hərəkat 17 gün davam etdi. Milyonlarla insan Azadlıq meydanına gələrək, dövlətimizin, xalqımızın müstəqilliyi uğrunda şüarlar səsləndirir, Ermənistanın Azərbaycana qarşı yürütdüyü ərazi iddiaları və xalqımızın, soydaşlarımızın Ermənistandan qovulmasına etiraz edirdi. 17 günün sonunda, yəni dekabrın 4-dən 5-nə keçən gecə SSRİ hökuməti qoşunlarını Azərbaycana yeridib fövqəladə vəziyyət yaratmaqla Meydan Hərəkatını dağıtdı.Çingiz Qənizadə bu barədə fikirlərini belə izah etdi: "Mən deyərdim ki, Azərbaycan xalqı, xüsusilə, Bakı və Sumqayıtda yaşayan insanların əksəriyyəti bu hərəkatın iştirakçısına çevrilmişdi. İnsanlar ailələri, uşaqları ilə Meydan Hərəkatına gəlir və hərəkatın rəhbərlərinin qaldırdığı məsələlərə dəstək verir, dövlətimizin öz mövqeyini alqışlarla bildirirdi. Beləliklə, Meydan Hərəkatı dağılsa da, bu ideyalar dağılmadı. 17 noyabrdan başlayan Milli Dirçəliş Günü və Azərbaycan xalqının birliyinin simvolu olan Meydan Hərəkatı ictimai-siyasi proseslərin içərisində daha da püxtələşdi. Növbəti dövrlərdə Azərbaycan Xalq Hərəkatı yaradıldı. Xalq Hərəkatı xalqın fikirlərinin dövlət rəhbərliyinə və Rusiyaya çatdırmaqda bir vasitəçi rolunu oynadı. Yavaş-yavaş müstəqilliyə gedən yolda xalqı birliyə dəvət etdi. Beləliklə, xalqın səyi ilə müstəqilliyi əldə etdik. 1992-ci ildən Azərbaycanda 17 noyabr Dirçəliş Günü kimi qeydə alınıb istirahət günü kimi qeydə alınsa da, 2006-cı ildə qanunvericiliklərdə edilmiş dəyişikliklərdə 17 noyabr iş günü kimi qəbul olundu. Bu o demək deyil ki, Azərbaycan xalqı 17 noyabrı bayram kimi qeyd etmir. Biz də bu günü əslində iş günü olsa da, xalqımızın, millətimizin ruhunun dirçəliş günü kimi qeyd edirik. O günü yad edirik. Onunla bağlı müxtəlif mövzuda çıxışlar edilir, televiziya verilişləri olur və dərnəklər, tədbirlər keçirilir. Xalqımızın, millətimizin azadlığı istiqamətində ruhunun formalaşdığı gün kimi qeyd edirik".
Müəllif: Turqay Musayev