Müasir müstəqil Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynayan, ölkəmizin, eləcə də Cənubi Qafqaz regionunun ən güclü siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasından 29 il ötür. Tarixin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir zamanda, mövcud zərurətdən yaranan partiya qısa zamanda xalqın partiyasına çevrildi. Bu gün Yeni Azərbaycan Partiyasının çoxminli üzvləri, bütöv Azərbaycan xalqı partiyanın yaranmasının 29-cu ildönümünü Zəfər tarixini yaşayan məğrur xalq olaraq qeyd edir. Dönüb tarixin ötən zamanına diqqət etsək, YAP-ın yarandığı tarixi dövrün nə qədər ağır və təhlükəli olduğunu görərik. Bildiyimiz kimi, 1991-ci ildə dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanda ictimai-siyasi hadisələrin gedişi, mövcud vəziyyət, hökm sürən anarxiya, xaos, idarəçiliyin isə yox dərəcəsində olması dövlətimizi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdur. Tarixin belə bir dönəmində Azərbaycanda baş verən olaylara laqeyd qalmayan ziyalılar və sadə insanlar Naxçıvan Muxtar Respublikasına üz tutaraq, Heydər Əliyevlə görüşlər keçirir, xalqı üzləşdiyi fəlakətlərdən, çətinliklərdən xilas olması üçün, Ondan kömək istəyirdilər. Həmin illər Azərbaycan üçün ən ağır və məsuliyyətli dövr olaraq tarixdə qalıb. 91 nəfər Azərbaycan ziyalısı Naxçıvana, Ulu Öndər Heydər Əliyevə müraciət ünvanlamışdı. Azərbaycanın ən yeni tarixinə "91-lər"in müraciəti kimi daxil olmuş həmin müraciət əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Ulu Öndər Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndərə müraciət edən məşhur "91-lər"in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev YAP-ın VII qurultayında videoformatda çıxışında bildirdiyi kimi, "O vaxt cəsarət və milli düşüncə göstərmiş, baxmayaraq ki, repressiyalara məruz qalmış vətənpərvər insanlar – məşhur "91-lər" Ulu Öndərə müraciət ediblər. Bu, böyük cəsarət tələb edirdi. Çünki o vaxt qanun yox idi. Kim nə istəyirdi, onu edirdi. Hüquq-mühafizə orqanları insanları əsassız həbs edirdilər, döyürdülər, canlı efirdə döyürdülər, söyürdülər. Tamamilə anarxiya, xaos, özbaşınalıq hökm sürürdü."Əlbəttə ki, həmin mərhələdə bütün sahələrin inkişafı istiqamətinə çox ciddi addımlar atılmalı, dövlətçiliyin bərpası və qorunub-saxlanması yükünü öhdəsinə götürməyi bacaran qətiyyətli bir fenomenal şəxsiyyətə böyük zərurət var idi. Dövlətçilik məfkurəsini gücləndirmək, milli dövlətçilik ideologiyasını işləyib-hazırlamaq və onu reallaşdırmaq həmin dövrlər üçün güclü siyasi iradə və bacarıq tələb edirdi. Bunların öhdəsindən layiqincə gələ biləcək şəxs əlbəttə ki, Ulu Öndər Heydər Əliyev idi. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə keçirildi. 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək, partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Təsis konfransı YAP-ın yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən YAP yarandı. YAP-ın Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş oldu. Həmin tarixdən 29 il ötür. Tarix baxımından çox qısa bir dövrdür. Amma bu illər ərzində partiya tərəfindən reallaşan layihələr, tədbirlər Azərbaycanın inkişafında, müstəqillik tarixində önəmli hadisələrlə yadda qaldı.Xüsusi olaraq vurğulayaq ki, hər hansı siyasi partiyanın yarandığı vaxtdan keçən, qısa müddət ərzində, hakimiyyətə gəlməsi tarixdə çox nadir hallarda rast olunsa da, YAP cəmi altı ay sonra hakimiyyətə gəldi və iqtidar partiyasına çevrildi. "Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub-saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır", - deyə Ümummilli Lider bildirmişdir. YAP müxalifət partiyasından xalqın lider partiyasına çevrildi, öz sıralarında müxtəlif sosial təbəqələri və müxtəlif millətlərdən olan partiya üzvlərini birləşdirərək, respublikamızın ictimai-siyasi həyatında sabitləşdirici amilə çevrildi. Cəmiyyətin aparıcı siyasi qüvvəsi olan YAP Ümummilli Lider Heydər Əliyevin bildirdiyi kimi, "Dünənin, bu günün və sabahın partiyası" səviyyəsinə yüksəldi. YAP-ın yaradılması gənc dövlətin tarixində dönüş nöqtəsi oldu. Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış edərək, Azərbaycan dövlətçiliyinin, onun müstəqilliyinin, bu gününün və sabahının qarantı oldu.Müasir dövrümüzdə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlar qazanıb. Son 18 ilin statistikasına və siyasi xronikasına baxmaq kifayətdir ki, Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsini görə biləsən. Bu gün YAP-ın qarşısında yeni vəzifələr durur. Bu vəzifələrin ən başlıcası Ümummilli Liderimiz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, onun regionun və dünyanın qüdrətli dövlətləri sırasında liderliyini qorumaqdadır. YAP Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Lider Heydər Əliyevin ideyalarını, məqsəd və məramlarını rəhbər tutaraq, Azərbaycanın çiçəklənməsinə və dövlətçiliyimizin qüdrətlənməsinə böyük töhfələr verir.Son illərdə partiyada bir sıra müsbət dəyişikliklər baş verib. YAP-ın VII Qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Sürətlə dəyişən reallıq və müəyyən olunan yeni obyektiv amillər islahatların davamlı olaraq aparılmasını vacib vəzifə kimi müəyyən edir. Son prezident və parlament seçkiləri ilə ölkəmizdə gedən islahatlar daha bir mərhələyə qədəm qoydu və bu gün Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir.Yeni Azərbaycan Partiyasının VII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında böyük siyasi hadisəyə çevrildi. Qurultayda müəyyən edilmiş əsas konsepsiyalar ölkəmizin müharibədən sonrakı dövrdə daha sürətli inkişafını təmin edilməsində mühüm rol oynayacaq.Partiyanın sıraları ötən 29 ildə kəmiyyət və keyfiyyət baxımından zənginləşib. Azərbaycan yeganə problemi olan Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını azad etdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsini qələbə ilə başa vuraraq Zəfər tariximizi yazdı. 30 ilə yaxın işğalda olan torpaqlarımızda bu gün abadlıq-quruculuq işlərinə başlanılıb. Prezident İlham Əliyevin YAP-ın VII qurultayında təqdim etdiyi konsepsiyalar bu ərazilərin iqtisadi potensialını düzgün reallaşdırmaq baxımından əhəmiyyətə malikdir.Bu gün YAP-ın yaradılmasının 29-cu ildönümünü inkişaf etmiş, dünyada öz sözünü deyən, çəkisi olan, zəfər qazanmış dövlətdə qeyd edirik. Bu, hər bir azərbaycanlını qürurlandırır. Hesab edirəm ki, bundan sonrakı dövrdə də partiya fəaliyyətini müasir dövrün çağırışlarına uyğun quraraq, daha böyük uğurlar qazanacaqdır.
AZƏR SÜLEYMANOV
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
sia.az