Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar YAP Qobustan rayon təşkilatında silsilə tədbirlər keçirilir
Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 29 illik yubileyi ilə əlaqədar YAP Qobustan rayon təşkilatı Telekommunikasiya ərazi ilk partiya təşkilatında geniş tədbir keçirilib. Öncə tədbir iştirakçıları tərəfindən Yeni Azərbaycan Partiyasının yaradıcısı, müasir Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan YAP Qobustan rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən Füzuli Gülaliyev qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi: “Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. 21 noyabr 1992-ci ildə isə Naxçıvan şəhərində YAP-ın təsis konfransı keçirildi. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Ulu Öndər Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yarandı. Yeni Azərbaycan Partiyasının üzvləri, Ulu Öndərin siyasi xəttinə sadiq qalaraq onun siyasətini müasir dünyada aparmaq üçün bütün lazımi səyləri atır. Bu siyasətə sadiqlik, cəmiyyətimizdə yaşanan həmrəylikdən və Ulu Öndərə olan ümumxalq sevgisindən xəbər verir. Yeni Azərbaycan Partiyası ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişindən, tərəqqisindən öz töhfələrini əsirgəmir. YAP-ın gücü onun öz ideya yükünü, ölkənin gələcək inkişafı ilə bağlı konseptual baxışlarını modernləşdirə və dünya təcrübəsi ilə zənginləşdirə bilməsindədir. YAP daim cəmiyyətə yeni ideyalar təqdim edir. Bütün problemlərdən çıxış yollarını göstərə bilir, ən mürəkkəb məsələlərlə bağlı konkret təkliflərə malikdir və bütün bunlar YAP-ın ən müxtəlif sosial təbəqələrin etimadını qazanaraq ümumxalq partiyasına çevrilməsinə şərait yaratmışdır. Onu da xüsusilə vurğulamalıyıq ki, dövlətimizin qüdrətlənməsi və beynəlxalq aləmdə yeni nüfuz qazanması ilə yanaşı, Yeni Azərbaycan Partiyası da öz beynəlxalq əlaqələrini möhkəmləndirib və böyük nüfuza malik siyasi təşkilata çevrilib. Ölkəmizin qarşısında yeni inkişaf üfüqlərinin açılmasında müstəsna rol oynayan partiya əldə etdiyi uğurlarla kifayələnməyəcək. Ümumxalq partiyası olan YAP qarşıdakı dövrdə də sahib olduğu resurslardan, ictimai-siyasi nüfuzundan istifadə edərək müasir və qüdrətli Azərbaycanın gələcəyi naminə milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə öz layiqli töhfələrini verəcək. Tədbirdə YAP Qobustan rayon təşkilatı Şurasının üzvü Aslanov Bəhruz çıxış edərək, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu YAP-ın ölkəmizin ictimai-siyasi həyatında oynadığı roldan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə qazanılmış tarixi qələbədən bəhs etdi”.Sonra YAP Qobustan rayon təşkilatı Telekommunikasiya ərazi ilk partiya təşkilatının sədri Cəbrayıl rayonundan məcburi köçkün Rüstəmova Gözəl çıxış edərək ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbədən sonra Qarabağda aparılan geniş quruculuq, abadlıq işlərindən, məcburi köçkünlərin öz dogma yurdlarına qayıtması üçün yaradılan şəraitdən bəhs etdi. Bildirdi ki, yaxın zamanda məcburi köçkünlər öz yurd-yuvalarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
Rəfiqə