PDF Oxu

Siyasət

  • 2 372

"YAP-ın əsas prinsipi dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsidir" - DEPUTAT ŞƏRH ETDİ

"YAP-ın əsas prinsipi dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsidir" - DEPUTAT ŞƏRH ETDİ

"Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq respublikamızda ictimai-siyasi vəziyyət getdikcə ağırlaşırdı. Ermənistandan zorla öz yurd yerlərindən qovulan azərbaycanlılar respublikamızın bütün rayonlarına köçməyə məcbur oldular. Xankəndində erməni millətçi və separatçıların fəallaşması və Qarabağın Azərbaycandan ayrılması tələbləri başladı. Ermənilər bu bölgədə azərbaycanlıları qətlə yetirirdilər. O zaman Azərbaycanda hakimiyyətdə olan şəxslər bu hadisələri sadəcə seyr etməklə kifayətləndilər". Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.Onun sözlərinə ölkə əhalisi çıxılmaz vəziyyətə düşmüşdü: "Ölkəmizin bu ağır və keşməkeşli günlərində Azərbaycan ziyalıları bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə Azərbaycan xalqının Lideri və müdrik oğlu Heydər Əliyevin ətrafında birləşdilər. Azərbaycanın 91 nəfərdən ibarət görkəmli ziyalıları, nüfuzlu şəxsləri Heydər Əliyevə müraciət göndərdilər. Müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq partiyaya sədrlik etmək xahiş olunmuşdur. Bu müraciət həmçinin də xalqın istək və arzusunu ifadə edirdi. 1992-ci il noyabrın 21-də Azərbaycanın bütün regionlarından seçilmiş 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın Təsis Konfransını keçirməyə nail oldular. Təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və Ümummilli Lider Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Konfransda həmçinin partiyanın proqram və nizamnaməsi qəbul edildi. Beləliklə, bu gün də regionda ən böyük və güclü bir siyasi partiya olan Yeni Azərbaycan Partiyasının təməli qoyulmuş oldu. Bu gün YAP-ın üzvləri Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq bu siyasi kursu yaşatmaq üçün var gücləri ilə çalışırlar. Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə gəlməsinin məqsədi Azərbaycan xalqını zülmətdən qurtarmaq, Azərbaycan dövlətini parçalanmaqdan xilas etmək idi".Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev öz xalqını sevən, müstəqil Azərbaycan dövlətinin yaşaması və güclü bir dövlət olması üçün canını belə əsirgəməyən bir şəxsiyyət və güclü siyasətçi idi: "1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlayanda və ölkəmiz parçalanma təhlükəsi ilə üz-üzə qalanda bütün xalq Ulu Öndər Heydər Əliyev müdrikliyinə sığındı və bu ağır vəziyyətdən qurtuluşun yeganə yolunu Heydər Əliyev dühasında gördü. Heydər Əliyev qısa müddətdə öz müdrik və qətiyyətli siyasəti nəticəsində xalqı bu ağır vəziyyətdən çıxarmağı bacardı. Ulu Öndər tərəfindən yaradılmış YAP-ın əsas prinsipi və vəzifəsi dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi, demokratik, hüquqi dövlət qurulması və vətəndaşların dinc və firavan həyat sürməsini təmin etməkdir.Bu gün dövrün tələblərinə uyğun olaraq, eləcə də hakim bir partiya olaraq Yeni Azərbaycan Partiyasında islahatlar aparılır. YAP-ın VII qurultayında qəbul edilmiş qərarlar əsasında YAP-ın yeni Nizamnaməsi, 40 nəfərdən ibarət İdarə Heyəti, 13 nəfərlik Təftiş Komissiyası, 35 nəfərdən ibarət Veteranlar Şurası təsdiq edilmişdir. Azərbaycandakı reallıqlar nəzərə alınaraq bütün sahələrdə islahatlar aparılır. Son prezident və parlament seçkiləri ilə ölkəmizdə gedən islahatlar mərhələsinə qədəm qoyuldu. Bundan əlavə YAP həmçinin təşəbbüskar bir partiya kimi hər zaman digər siyasi partiyalarla dialoqa hazır olduğunu bəyan etmişdir. YAP Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hər şeydən üstün tutan digər siyasi partiyalarla əməkdaşlıq etməyə hazırdır. Ulu öndərin də qeyd etdiyi kimi "Yeni Azərbaycan Partiyası dünənin, bu günün, sabahın partiyasıdır"".

Arzu Qurbanzadə

Digər xəbərlər