Ermənistan bir daha sübut etdi ki, ona etimad etmək olmaz və bu amil özünü noyabrın 16-da təsdiq etdi
Noyabrın 16-dan başlayaraq Laçından, Zəngəzurdan, Kəlbəcərdən erməni təxribatları barədə məlumatlar artmağa başladı. Əslində, bu təxribatlar bir neçə gün idi ki, səngimirdi və Azərbaycan ictimai rəyini bir sual düşündürürdü: düşmən yenidən başını qaldırmağa başlayırsa, onun başı nəyə görə yenidən və bu dəfə daha sərt şəkildə əzilmir, axı onun nəfəsi 44 günlük İkinci Qarabağ müharibəsində kəsilmişdi və s...Əslində, nəfəsi kəsilmiş düşmənə bir il vaxt verilmişdi ki, ağlını başına toplasın və imzalanan kapitulyasiya sənədindəki bəndlərin, şərtlərin həyata keçirilməsinə başlasın, amma düşmən nə etdi? Sözün əsl mənasında, qudurdu və elə sandı ki, dünya birliyi onun həyasız şıltaqlıqlarına haqq qazandıracaq, İrəvanın “məzlum”, “əzabkeş” hay-harayına səssiz qalmayacaq. Amma bu dəfə də yanıldı, özü də kökündən! Ermənistan məhz bu vasitələrlə bir daha sübut etdi ki, ona etimad etmək olmaz və bu amil özünü noyabrın 16-da təsdiq etdi.
Paşinyan növbəti dəfə ölkədaxili siyasi böhrana imza atmış oldu
Beləliklə, Ermənistan 2020-ci ilin Tovuz təxribatında olduğu kimi, bu dəfə Laçın istiqamətindəki dağlıq ərazidə strateji yüksəklikləri ələ keçirməyə cəhd göstərdi. Dağlıq ərazidə yerləşən həmin yer Ermənistanı Qarabağın yuxarı hissəsi ilə birləşdirir. Ancaq bu dəfə də düşmən burnundan o tərəfə keçə bilmədi və 2020-ci ilin iyulunda olduğu kimi Azərbaycan Ordusunun əks həmlələri nəticəsində öz mövqelərini itirdi. Həmin ərazinin coğrafi mövqeyini nəzərə alsaq deyə bilərik ki, sərhədin delimitasiya olunmamış bu hissəsində düşmən təxribatının baş verəcəyi gözlənilən idi. Amma düşmən bu dəfə də səhv nəticə çıxararaq yüngül və kiçik həcmli qələbə qazanacağı ehtimalında yanıldı.Artıq noyabrın 16-dan başlayaraq erməni bölmələri Azərbaycana məxsus yüksəklikləri necə deyərlər, dabanlarına tüpürərək tərk edirdilər və söz yox ki, bütün bunlara görə onların “meydan demokratiyaları”, hakimiyyətləri günahkardır. Paşinyan isə növbəti dəfə ölkədaxili siyasi böhrana imza atmış oldu. O, Azərbaycanın ona verdiyi bir il ərzində doğru nəticə çıxarmayaraq və arzuladığı kiçik qələbəsi, həm də müqavimətçilik imitasiyaları ilə ölkədəki narazılıqları səngidəcəyini sanaraq, əslində, özü-özünü tələyə salmış oldu. Çünki Paşinyan son bir ildə dolayısı, ya da bilavasitə revanşist qüvvəyə çeçvrilmişdi. Yənİ o minimal hərbi-avantüraçılığı ilə ötənilki uğursuzluğunu kölgəyə doğru çəkməyə cəhd edirdi.Bakı isə onu dəfələrlə (!!!) xəbərdar edirdi, inandırmağa çalışırdı ki, regional təhlükəsizliyin əldə olunması üçün yalnız danışıqlar masasına oturub sülh sazişini imzalamaq tələbi yaranıb və saziş imzalanarsa, regionda yeni inkişaf, tərəqqi sisteminin əsasları qoyulacaq.
Paşinyan açıq-aşkar özünün yeni boykotlarını yönləndirilmiş konstruktivliyə qarşı işlədərək vəziyyətdən çıxacağını sanırdı
Bakı həmçinin Paşinyana təklif edirdi ki, inkişaflı gələcəyin səhifəsini yeniləmək lazımdır. Misal üçün, iki əsrdir məhz ermənilər tərəfindən davam edən etnik düşmənçiliyə son qoymaq, Türkiyə ilə normal, qarşılıqlı münasibətlər qurmaq, Azərbaycana və s. qonşulara qarşı ərazi iddialarından əl çəkmək, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülən, eləcə də Vladimir Putin tərəfindən dəstəklənən “3+3” formatını dəyərləndirmək. Bəs Paşinyan nə edirdi? O, açıq-aşkar özünün yeni boykotlarını yönləndirilmiş konstruktivliyə qarşı işlədərək vəziyyətdən çıxacağını sanırdı.Paşinyana elə gəlirdi ki, Azərbaycan yeni həlledici ölçülər götürməyə cürət etməyəcək və açıq qarşıdurmadan yayınacaq. O, ən çox Rusiyanın Qarabağda yerləşmiş rus sülhməramlılarına ümid edirdi ki, onlar Azərbaycanın qarşısını kəsməklə yeni qarşıdurmaya imkan verməyəcəklər.
...Və həmin masadan qalxar-qalxmaz bu vədlərini icra etmək!
Amma hər şey anidən onun istəmədiyi kimi oldu. Ermənistan rəhbərliyi özünə xarakterik olan şantaj vasitəsi ilə üçüncü qüvvələrin – istər Rusiyanın, istərsə də Qərbin dəstəyini ala bilmədi.Rəsmi Bakı isə nümayiş etdirdi ki, Ermənistana sonuncu və bu dəfə birdəfəlik məhvedici zərbəsini endirmək gücündə və qüdrətindədir. İrəvanın bir çıxış yolu var – danışıqlar masasına oturub, üzərinə götürdüyü öhdəliklərin təxirə salınmadan yerinə yetirilməsi vədini vermək və həmin masadan qalxar-qalxmaz bu vədlərini icra etmək!
Rövşən RƏSULOV