PDF Oxu

Siyasət

  • 2 564

Əli Əliyevin başına gələnlər niyə baş verir? TƏRS BAXIŞ

Əli Əliyevin başına gələnlər niyə baş verir? TƏRS BAXIŞ

Yaxud, VİP sədrinin yekəxanalığı başının dərdinə çevrilib

Son zamanlar anlaşılmaz fəaliyyəti ilə, hətta digər radikal müxalifət partiya sədrlərini gedirə qoyan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin təşkilatında səsli-küylü istefa olayı yaşanıb. Partiyada uzun illər onunla birgə fəaliyyət göstərmiş əsas müavinlərindən olan Əliyar Şirməmmədov, sözün əsl mənasında, sədrindən bezərək VİP-in qapısını çöldən, özü də çırparaq bağlayıb. Mətbuata verdiyi açıqlamasından da görünür ki, Ə.Şirməmmədov artıq Ə.Əliyevin yekəxana davranışlarından, mədəniyyətsizliyindən, başqalarına qarşı qaba davranışlarından əməlli-başlı təngə gəlib. Hətta bu məsələdə Ə.Əliyevin radikal müxalifətin digər cinahında olan adaşı - AXCP sədri Əli Kərimlini belə kölgədə qoyduğu görünməkdədir. Çünki Ə.Əliyev kimi Ə.Kərimli də diktator, avtoritar idarəçi kimi ittihamlara tuş gəlməkdədir. Yəni AXCP-dən də istefa verənlərin əsas çoxluğu Ə.Kərimlini diktatorluqda suçlayırlar. Bu dəfə isə həmin ittihamlara məhz Ə.Əliyevin də tuş gəlməsi gözlənilən idi – özü də 30 il onunla yanaşı dayanan biri tərəfindən!

Bir yerdə ki Əli Əliyev varsa, həmin yerdə mütləq mənada qovğaların, qarşıdurmaların, ziddiyyətlərin olması da şərtə çevrilir

Radikal fəaliyyəti qalsın bir yana, Əli Əliyevin hətta bu qədər uzun müddət yanında olan birinə qarşı hörmətsiz davranması onun istər siyasi mühitdə, istərsə də ictimai çevrədə olan nüfuzsuzluğunun sübutudur. Halbuki, Ə.Şirməmmədovun da dediyi kimi, o, Ə.Əliyevlə birgə AMİP-in yaradılmasında iştirak edib, hətta sonrakı müddətdə Ə.Əliyevin AMİP-in o zamankı sədri Etibar Məmmədovun üzünə ağ olması vaxtında da onu yalnız buraxmayıb, sonradan VİP-in quruculuğunda iştirak edib, müavin postuna qədər yüksəlib. Üstəlik, partiyanın Siyasi Şurasına da qatılıb ki, bu da Şirməmmədovun təşkilat daxilindəki nüfuzunun olmasının göstəricisidir. Amma kimə deyirsən ki? Bir yerdə ki, Əli Əliyev varsa, həmin yerdə mütləq mənada qovğaların, qarşıdurmaların, ziddiyyətlərin olması da şərtə çevrilir. Ancaq belə bir sual da yaranır: axı necə ola bilər ki, VİP-də hamı “pis” olur, bircə Ə.Əliyev “yaxşı”? Hansı ki, Ə.Şirməmmədovun istefasından qabaq da bənzər istefalar yaşanıb və VİP sədri hər gedənə bir qulp qoymaqla məşğul olub. Çox yəqin ki, istefa verən sədr müavininin də arxasınca da necə deyərlər, “zurnanın” püflənəcəyi gözlənilir. Amma haraya qədər? Yəni VİP sədri özünü siyasi arenada “ağıllı”, “tövsiyəverən” kimi göstərməklə nə vaxta qədər orada-burada çənə döyəcək? Yaxşı olmazdımı ki, bu qədər istefalardan sonra ömründə bircə dəfə dürüstlük göstərib səhvlərini etiraf etsin, qurultayını çağırsın və özünün istefa verdiyini bəyan etsin? Əlbəttə ki, olar, amma xarici dairələrin sifarişlərini kim həyata keçirsin?

Hanı VİP-in maliyyə hesabatları?

Gizli maliyyə anlaşmalarını necə qazansın? Bax, burada digər bir amil ortaya çıxır. İstər Əli Əliyev olsun, istər Əli Kərimli olsun, istərsə də Arif Hacılı – onların hər biri partiyalarına açıq bazar kimi baxırlar. Siyasi mühacir biznesindən tutmuş daha hansı qaranlıq əməllərə qədər qanunsuz əməllərə rəvac verirlər. Adi, sıravi, hətta müavinlik postunda oturanlar isə əlləri havada qalaraq gözləyirlər ki, sədrləri bunlara nə vaxtsa məvacibdən-zaddan verəcək. Halbuki, VİP də daxil olmaqla radikal müxalifət partiyaları bircə dəfə də olsun maliyyə gəlirləri barədə ictimaiyyətə, müvafiq qurumlara sənəd təqdim etməyiblər. Yəni nəyə görədirsə, artq bunu da izah etməyə ehtiyac qalmır.

Nə isə, mövzudan yayınmayaraq qayıdaq istefa məsələsinə. Artq bu gün küçələrdə 90-cı illər deyil və 21-ci əsrin ikinci onilliyidir. Bu müddətdə inkişaf edə bilməyən Vətəndaş və İnkişaf Partiyasının boş yerə var-gəl etməsinə də belə çıxır ki, ehtiyac-filan qalmayıb. Əli Əliyevə isə “tövsiyə” vermək nə qədər xoşdursa, bizim də ona bir xeyirxah tövsiyəmiz ola bilər – getsin partiyasını buraxsın və doğru-dürüst işlərlə məşğul olsun, daha ətrafında zor-güclə saxladığı insanları özünə qarşı qaldırmasın. Bəlkə də belə daha yaxşı olardı. Amma yaxşı fikrin Əli Əliyevə nə dəxli? Onun fikirləri pisliyə və uğursuzluğa pərçimlənib, qopa bilmir. Ona görə də başının çarəsini özü qılsın. Ona görə ki, başının dərdini özünə məhz özü açır...

Rövşən RƏSULOV

Digər xəbərlər