“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunmuş Türk dünyasının Ali mükafatı Azərbaycan Prezidentinin fəaliyyətinə verilən ən ali dəyərdir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.Deputatın sözlərinə görə, Türkdilli ölkələrin dövlət və hökumət başçılarının imzası ilə təqdim olunmuş bu mükafat Azərbaycan Prezidentinin beynəlxalq nüfuzunun göstəricisidir: “Son illərdə cənab Prezident ümumilikdə beynəlxalq miqyasda qlobal problemlərin həlli istiqamətində çox böyük işlərin görülməsinə nail olub. TDƏŞ-da fəaliyyəti dönəmində də Azərbaycan Prezidenti təşkilata üzv dövlətlərin sayının artırılması, həmin dövlətlərin birgə və həmrəy şəkildə fəaliyyət göstərməsi istiqamətində gördüyü işlər çox uğurlu olub”.S.Mikayılova vurğulayıb ki, cənab Prezident beynəlxalq miqyasda sülhün və təhlükəsizliyin qorunması istiqamətində xüsusilə seçilib: “2020-ci ildə Qarabağ münaqişəsinin həlli və Azərbaycan torpaqlarının bütövlüyünün təmin edilməsi cənab Prezident İlham Əliyevin tarixi nailiyyətidir. Bütün Türk dünyasının rəğbətini qazanmış və haqlı olaraq Türk dünyasının böyük oğlu adlandırılan İlham Əliyev bu ali mükafata məhz öz gərgin fəaliyyəti, xalqa, dövlətə, ümumilikdə beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə göstərdiyi böyük töhfəyə görə layiq görülüb. Cənab Prezident İlham Əliyev beynəlxalq aləmin dəstəyini qazanmış bir liderdir”.
Müəllif: Aysel Məmmədova