“Partiya sədri biraz başıaşağı olmalı və o, populyarlaşdıqca biraz daha təvazökar olmalıdır. Bunlarla yanaşı gərək, fikirlərinə, sözlərinə diqqət yetirsin”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib.Onun sözlərinə görə partiya sədri özünü mədəni, sivil formada aparmalıdır: “Çünki partiya sədri həmçinin öz partiyasının üzvləri ilə bərabər ünsiyyətdə olduğu insanların qarşısında da məsuliyyət daşıyır. Təəssüflər olsun ki, Əli Əliyev etik davranışlara, mədəni elementlərə əməl etmək istəmir. Əli Əliyev kim gəldi onun haqqında təhqiramiz sözlər işlədir. Emosiyalara qapılaraq bəzən həmin insanların şəxsiyyətini də hədəf alır. Hesab edirəm ki, bu cür davranışlar yolverilməzdir. Kim olursa-olsun kimliyindən, vəzifəsindən asılı olmayaraq heç kimin şəxsiyyətini alçaltmaq olmaz. Faktsız, sübutsuz kimisə hədəfə alıb onu təhqir etmək düzgün yanaşma deyil. Əlavə olaraq partiya sədri partiyanı “MMC” kimi idarəetməməlidir”.Razi Nurullayev fikirlərinə davam edərək həmçinin qeyd edib ki, biz müxalifət tərəf olaraq başqalarını düzgün idarə etməməkdə günahlandırırıq: “Amma özümüzdə bu səhvləri görə bilmirik. Bizim sıramızda olan partiyalar tənqidə qarşı dözümlü deyil. Əli Əliyevin partiyasındakı qopmalar onun sübutudur ki, partiyanı mədəni formada, sivil qaydalarla idarə etmək lazımdır. Amma görünür ki, Əli Əliyev partiyasının içərisində dözümsüzlük mühiti yaradıb. Məsələn bir partiya sədri çıxış edəndə bəzən çox böyük məsələlərə toxunur. Bəzi məsələrlə partiyasının mövqeyini açıqlayır. Əli Əliyev isə danışarkən bütün məsələrə fikir bildirirdi. Mən inanmıram ki, həmin məsələləri partiya üzvləri ilə müzakirə edir və onların razılığını alır. Əslində partiyanın üzvləri ilə bu və digər məsələləri müzakirə edərək razılaşmaq lazımdır. Partiya sədri özünü hökmdar kimi aparmalı deyil. Bu cür insanlar cəmiyyətə düzgün mesajlar ötürmür. Bu baxımdan Əli Əliyev bundan sonrakı məsələlərə qarşı daha diqqətli davranmalı, özünü partiya sədrinə uyğun şəkildə aparmalı, ifadələrinə fikir verməlidir”.
Arzu Qurbanzadə