PDF Oxu

Siyasət

  • 2 195

Erməni təxribatlarına GƏNCLƏR TƏŞKİLATLARININ BAXIŞI - SORĞU

Erməni təxribatlarına GƏNCLƏR TƏŞKİLATLARININ BAXIŞI - SORĞU

“Ermənilərin törətdikləri təxribatlar sadəcə onların bir il öncə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı şanlı qələbədən sonra məğlubiyyətləri ilə barışa bilməmələrinin növbəti göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Bəxtiyar İslamov deyib.

Onun sözlərinə görə, təbii ki, bunlar çox mənasız, heç bir əsası olmayan, sonu olmayan çırpınışlardır: “Artıq onlar yaxşı başa düşürlər ki, bununla hər hansı bir nəticəyə nail olmaq mümkün deyil. Ermənistanın hal-hazırki hakimiyyəti bu kimi təxribatlar törətməklə sadəcə öz ölkələrinin daxilində onlara qarşı olan aqressiyanı, çaxnaşmanı örtməyə cəhd göstərir. Amma biz bütün bu təxribatların hər birində Azərbaycan Ordusunun Ermənistan tərəfinə və Ermənistan ordusuna verdiyi qətiyyətli cavabların şahidi oluruq. Görürük ki, çox qısa bir zamanda Azərbaycan Ordusu bütün bu təxribatların öhdəsindən çox uğurlu bir şəkildə gəlir. Bu təxribatların sonunda Ermənistan daha biabırçı, rüsvayçı bir vəziyyətə düşür. Yaxşı olardı ki, Ermənistan tərəfi artıq yeni yaranmış reallıqlarla barışsın və bu reallıqlara uyğun davranışlar sərgiləsin. Çünki Azərbaycanın Vətən müharibəsindəki qazandığı böyük qələbə regiondakı reallıqların biz tərəfdən müəyyənləşməsinə şərait yaradır. Təbii ki, bu reallıqlar, bundan sonrakı proseslər qalib ölkə olan Azərbaycanın mövqeyinə əsaslanmış formada həyata keçiriləcək. Hesab edirəm ki, Ermənistanın törətdiyi təxribatlar sadəcə son çırpınaşlardır. Tezliklə onlar da içində olduqları böyük və dərin məğlubiyyətin reallıqları ilə barışıb buna uyğun davranışlar göstərəcəklər”.

“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı: “Tarix hər zaman sözünün üstündə durmağı bacarmayan, davamlı olaraq təxribat törədən ermənilərin saxtakarlığına şahid olub. Biz də gənc nəsil olaraq bu tarixin canlı şahidləriyik. Hər bir şəhid xəbəri, ana ah-naləsi bizi sarsıdır, lakin biz vətənimizin azadlığı, suverenliyi üçün and içmiş gənclərik. Lazım gələrsə şəhid olarıq ancaq 1 qarış vətən torpağı vermərik. Elə buna görə də əminliklə deyə bilərik ki, heç bir təxribat bizim qarşımızda dura bilməz. Bu təxribatları görən qüvvələr, beynəlxalq təşkilatlar, qlobal güclər susur, amma haqq-ədalətin bərpa olunacağını, bir gün susulan bütün məsələlərlə bağlı cavab verməli olduqlarını unudurlar. Necə ki, biz dəmir yumruq kimi bir olub Qarabağı işğaldan azad etdik, indi də eyni səylə bu təxribatlara qarşı mübarizə aparırıq”.

Şahin Rəhmanlı fikirlərinə davam edərək həmçinin qeyd edib ki, son vaxtlar sərhəddə baş verənlər onu deməyə əsas verir ki, bu təxribatlar bütün regionda sülhü, sabitliyi pozmağa xidmət edir: “Bu baxımdan həm region dövlətləri, həm qlobal güclər, həm də beynəlxalq təşkilatlar erməni təxribatlarına qəti etirazını bildirməli, təxribatlara son qoyulması üçün rəsmi İrəvana təzyiq göstərməlidir. Unudulmamalıdır ki, Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almağa qadirdir. 44 günə Qarabağa qovuşan xalqın iradəsinin, gücünün qarşısında heç bir qüvvə dayana bilməz. Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə uca Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədr müavini İsmayıl Nəsirov: “Ermənistanın 30 ildir ki, danışıqlar masası arxasında bütün dünyanı aldatmaq, Azərbaycan torpaqlarını işğal altında saxlamaq, həmin ərazilərdən qovulmuş azərbaycanlıların geri qayıtmasına mane olmaq və beynəlxalq hüquqa məhəl qoymamaq cəhdlərinin fonunda Azərbaycan beynəlxalq hüquq normalarına və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq ötən ilki 44 günlük müharibədə torpaqlarını işğaldan azad etdi, ərazi bütövlüyünü bərpa etdi. Ölkəmizin qazandığı parlaq qələbə nəticəsində erməni hökuməti kapitulyasiya aktını imzaladı. Lakin düşmən hələ də hərb meydanında və siyasi arenadakı aciz məğlubiyyətini həzm edə bilmir, təxribatlar törətməyə cəhd göstərir. Düşünürəm ki, erməni hökuməti müharibədən sonra öz daxili problemlərini aradan qaldırmaq əvəzinə yenidən Azərbaycana qarşı təxribatlar törətmək vasitəsilə öz xalqının diqqətini yayındırmağa çalışır. Amma mənfur düşmən bu təxribatçı əməllərindən qəti surətdə əl çəkməyə məcburdur. Cənab Prezident, Ali Baş Komandanımız, cənab İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycanın "Dəmir yumruğu" yenə də öz yerindədir və düşmənin ən xırda pozuculuq fəaliyyəti zamanı onun başını yenidən əzəcəkdir. Təbii ki, düşmənin bütün bu revanşist meyillərinin qarşısı müzəffər, qalib Azərbaycan Ordusu tərəfindən uğurlu şəkildə alınır. Son günlər ərzində ordumuzun düşmənə adekvat cavab tədbirləri nəticəsində 7 əsgərimiz şəhidlik zirvəsinə ucaldı. Həmin şəhidlərin timsalında torpaqlarımızın azadlığı uğrunda canından keçmiş bütün qəhrəmanlarımıza Allahdan rəhmət və ailələrinə isə səbr diləyirəm. Dünya birliyi Ermənistanın Azərbaycana qarşı revanşizm zəminində hərbi təxribatlarını davam etdirməsini qəti şəkildə pisləməli, bu ölkəni regionda vəziyyəti gərginləşdirməməyə, üçtərəfli bəyanatın icrasına mane olmamağa və qonşuları ilə problemlərini danışıqlar yolu ilə həll etməyə çağırmalıdır”.

Arzu Qurbanzadə

Digər xəbərlər